Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

İyulun 10-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, DSX-nin nümunəvi hərbi orkestrinin ifasında dövlət himni səsləndirildikdən sonra məzunlara diplomlar təqdim olunmuşdur.

DSX Akademiyasının döyüş bayrağı meydana gətirilmişdir.

Xidmətin zabit sıralarına daxil olan gənc leytenantlar “Sərhədçi andı” içmişlər.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermişdir.

E.Quliyev əmin olduğunu bildirmişdir ki, Azərbaycanın hər bir sərhədçisi kimi, gənc zabitlər də dövlətçilik ənənələrinə sadiq olacaq, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcək, Azərbaycan sərhədçisi adını daim uca tutacaqlar.

Dövlətimiz tərəfindən sərhədçilərə göstərilən yüksək diqqət və qayğıdan danışan DSX rəisi bildirmişdir ki, sərhəd mühafizəsinin etibarlı təşkili məqsədi ilə ölkə rəhbərliyi tərəfindən hər cür şərait yaradılmışdır.

Sərhədçilərin əsas hədəfinin ölkəmizin sərhədlərinin tam mühafizə altına götürülməsindən ibarət olduğunu vurğulayan E.Quliyev, qısa müddətdə üç rəngli bayrağımızın işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağına əminliyini diqqətə çatdırmışdır

Tədbirdə çıxış edən akademiyanın rəisi, general-mayor Araz Məmmədov 2007-ci il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə Sərəncamının Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təkmilləşdirilməsində mühüm rol oynadığını bildirmişdir.

Kursantların təlim-tədrisi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün şəraiti olan, müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən akademiyanın açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi qürur hissi ilə vurğulanmışdır.

A.Məmmədov demişdir ki, bu gün zabit rütbəsi alan gənclərdən ikisi akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.

Tədbirdə gənc zabitlər adından çıxış edən leytenant Osman Kərimli çətin, lakin şərəfli sərhədçi peşəsini seçmələrindən qürur duyduqlarını, qarşılarına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır olduqlarını bildirmişdir. O, Vətənə ləyaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına söz vermişdir.

Akademiyanın şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçmişdir.

Sonra gənc zabitlər Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Şəhidlər Xiyabanına gələn gənc zabitlər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında