AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİNDƏ MEDİANIN ROLU

 

 

 

Söz və fikir azadlığının, informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə əlaqələr qurmaq, istənilən xalqın mediasını izləmək  o qədər də çətin deyil.  Qloballaşan dünyada gün keçdikcə medianın imkan və fəaliyyət dairəsi daha da genişlənir. İnformasiya texnologiyalarının inkişafı sayəsində dünyanın istənilən nöqtəsindən  xəbər ötürülməsi  bir neçə saniyə vaxt alır.  Ancaq buna baxmayaraq,  bütün dövlətlərdə dünyaya inteqrasiyanın səviyyəsi və eləcə də medianın inkişaf tempi eyni deyil.

 Təbii ki, bu gün Türkiyə mediası bölgədə ən inkişaf etmiş struktura və mexanizmə malikdir. Hazırda Azərbaycanda da medianın inkişaf tempi sürətlə irəliyə doğru istiqamət götürüb. Ölkədə azad mətbuatın yaranması keçən əsrin 90-cı illərinin əvvəllərindən başlasa da, artıq inkişaf etmiş media holdinqlər, yüksək tirajlı qəzetlər, jurnallar, internet sitələri öz fəaliyyətlərini davam etdirirlər.

Azərbaycanın müstəqilliyə yenidən qovuşduğu 91-ci ildən etibarən əlaqələrin genişlənməsində, uzun illər aralarında uçurumlar olan iki qardaş ölkə xalqlarının mədəni, sosial məsələlərdə yaxınlaşmasında və bir-birini daha yaxından tanımasında medianın önəmli vəzifəni yerinə yetirdiyi aydın görünməkdədir. O illərdə türk iş adamlarının Azərbaycana gələrək sərmayə yatırmaları intensiv hal almışdı. Və həmin dövrdə media ilə daha sıx əlaqələr qurulurdu. Azərbaycanda həm mətbuat, həm də televiziyalar müstəqillik qazandığı gündən etibarən türk mediası bizə bir yaxınlıq, doğmalıq göstərmiş, burada daimi ofislər açmaqla yanaşı, Türkiyəyə tez-tez xəbər və proqramlar hazırlayıb göndərməklə kifayətlənməmiş, Türkiyədən gələn mütəxəssislər o illərdə informasiya blokadası altında olan Azərbaycanın reallıqlarından bəhs edən xəbər blokları və xüsusi verilişlər hazırlayaraq, Türkiyə üzərindən dünyaya yayımlamışlar.

O dövrdə Azərbaycana ilk gələn xarici media da məhz Türkiyə mətbuatı olmuşdur. Azərbaycan müstəqilliyini qazandıqdan sonra “Zaman” qəzeti, TRT, Anadolu Agentliyi Bakıda ofislərini açdı. “Zaman” qəzetinin Azərbaycana gəlişinin yaşı elə bizim müstəqilliyimizlə eynidir.

Bu gün Türkiyənin müxtəlif televiziya kanallarının, xəbər agentliklərinin, qəzet və radiolarının Azərbaycanda nümayəndəliyi və müxbirləri fəaliyyət göstərməkdədir. Onlar burada baş verən hadisələri birbaşa özləri görərək və izləyərək Türkiyə ictimaiyyətinə çatdırmaqdadırlar. Bunlar TRT, STV, NTV, Anadolu agentliyi (AA), Doğan Xəbər Agentliyi (DXA), İxlas Xəbər Agentliyi (İXA), Cahan Xəbər Agentliyi (CXA) və “Zaman-Azərbaycan” qəzetidir.

Sovetlər Birliyi dağıldıqdan sonra ittifaq buxovlarından azad olmuş türk respublikaları uzun müddət informasiya blokadası altında qalmışdır. Bu coğrafiyalarda baş verən hadisələr yad gözlərlə görüldüyü və yad prizmalardan baxıldığı üçün beynəlxalq ictimaiyyət gerçəklərin nə olduğunu tam anlaya bilməmişdir. Qarabağ hadisələri bu dediklərimizin ən bariz nümunəsidir. Onu da demək mümkündür ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanda yaşananlarla əlaqədar həqiqətlər daha çox Türkiyə mediası vasitəsilə dünyaya çatdırılmışdır.

Bu gün media iki qardaş ölkə arasında həm mədəni, həm də sosial bir körpü vəzifəsini yerinə yetirməkdədir. Hər iki ölkə mediası qərəzsizlik, obyektivlik prinsipi ilə digər ölkədəki hadisələri işıqlandırmaqla əhəmiyyətli beynəlxalq mövzularda gerçəyə uyğun, mübaliğəsiz şəkildə öz auditoriyasını məlumatlandırmaqdadır.

Azərbaycan və Türkiyənin dövlət qurumları arasında əlaqələr yüksək səviyyədə olsa da, iki ölkənin media təşkilatları arasında işbirliyi, koordinasiya olunmuş fəaliyyət həyata keçirilmir. Hər iki ölkənin ortaq problemlərinin həllində medianın və beyin mərkəzlərinin dəstəyinə böyük ehtiyac var.

Bu mənada qonşu ölkələr arasında media sahəsində münasibətlərin daha da inkişafı, media orqanlarının nümayəndələrinin bir-birini qarşılıqlı şəkildə ziyarət etmələri və ortaq bir platforma ətrafında daha sıx birləşmələrinin əlaqələrin gələcək perspektivi baxımından böyük əhəmiyyət daşıyacağı düşünülməkdədir.

Heç kəsə sirr deyil ki, mədəniyyətlərarası dialoqla bağlı daha dolğun məlumatları məhz kütləvi informasiya vasitələri təmin edir. Bu baxımdan mətbuat tarixən tolerantlığa, millətlərarası münasibətlərin inkişafına, sülhə və iqtisadi yüksəlişə xidmət edib.

 

İki qardaş ölkə arasında iqtisadi informasiya şəbəkəsinin qurulması və toplumların bir-birinə daha yaxın olması üçün medianın üzərinə bir sıra vəzifələr düşür. Müasir dünya müstəvisində mənəvi birliyin qurulması məsələsi  medianın vəzifə və imkanlarından nə dərəcədə  düzgün və planlı şəkildə istifadə edilməsindən asılıdır. Bu baxımdan iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün media sahəsində aşağıdakı məsələlər öz həllini tapmalıdır: Qardaş ölkələrin media şəbəkəsinin əlaqələrini gücləndirəcək qurumların yaradılması; ölkə xalqlarının tarixi, mədəni irsi, adət-ənənələri, müasir durumu, ortaq iqtisadiyyatı ilə bağlı ortaq sənədli filmlərin, teleradio layihələrinin hazırlanması və qəzetlərdə yazıların yayılmasının təşkili; ölkələrin iqtisadiyyatını artırmaq üçün ortaq xəbər agentliyinin, televiziya və radio kimi qurumların təşkili; informasiya siyasətində bölgə iqtisadiyyatında baş verən hadisələrə daha obyektiv yanaşma;  jurnalistlərin peşəkarlığının artırılması və qarşılıqlı səfər və təcrübə mübadiləsinin təşkili; media qurumlarının bölgələrdə müxbir postlarının yaradılmasına xüsusi diqqət etməsi; iki dövlətin bir-birinə daha yaxşı inteqrasiya etməsi üçün ortaq dillərdə  mətbu orqanların, televiziya və radio kanallarının yaranması; qardaş ölkələrin iqtisadi inkişafına kömək məqsədi ilə “Facebook”, “Twitter” kimi sosial şəbəkələrdə ortaq səhifələrin yaradılması və s.

İbrahim NİZAMİOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında