Türkiyədə 24-cü yerli və regional media görüşü

 

Türkiyənin Mətbuat, Nəşr və İnformasiya Ümumi Müdirliyi (BYEGM) tərəfindən təşkil edilən “24-cü Yerli və Regional Media Görüşməsi” Anadolunun sərhəd qapısı Qarsda keçirilmişdir.

Tədbirdə Qars, Ağrı, Ərdəhan, Artvin, Bayburt, Ərzurum, İğdır, Gümüşhane, Ərzincan və s. Türkiyə şəhərlərində fəaliyyət göstərən yerli televiziya, radio və qəzetlərdən 300-ə yaxın media nümayəndəsi iştirak etmişdir. Bundan başqa, mətbuat nümayəndələri arasında əlaqələrin inkişafı və perspektivlərin nəzərdən keçirilməsi məqsədilə İran, İraq, Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Ukrayna və Rusiyadan qonaqlar iştirak edirdilər. Tədbirə BYEGM müdiri Murad Karakaya, mətbuat elan təşkilatı ümumi müdiri Məmməd Atalan da qatılmışlar.

Mətbuat nəşr və İnformasiya ümumi müdiri Murad Karakaya öz çıxışında təşkilat olaraq yerli və regional medianın inkişafı  üçün böyük işlər gördüklərini, media görüşmələrinin jurnalistlərin daha da yaxınlaşmasına xidmət etdiyini dilə gətirdi. “Anadolu Mətbuatı Həvəsləndirmə” yarışmalarının əhəmiyyətinə işarə edən Karakaya yerli medianın bütün dünyada olduğu kimi, Türkiyədə də demokratiyanın tam mənasıyla həyata keçirilməsi və qorunması baxımından əhəmiyyətli bir mövqeyə sahib olduğunu bildirərərk, fərdlərin və dolayısı ilə cəmiyyətin tələb və şikayətlərinin yerli media vasitəsi ilə gündəmə gətirildiyini söylədi. Qars valisi Eyüp Təpə də 200-dən çox jurnalisti şəhərdə görməkdən məmnun olduqlarını ifadə etdi.

Seminarın açılışında çıxış edən Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binəli İldırım medianın 4-cü hakimiyyət olduğunu  xatırladaraq, mətbuatın rəhbərliyi və vəzifəliləri vətəndaş adına izləyib xəbərdar etdiyini, cəmiyyətin danışan  dili, görən gözü və eşidən qulağı vəziyyətində olduğunu bildirdi.  Medianın cəmiyyət qarşısında məsuliyyətini izah edən nazir İldırım: “Media doğru, sürətli və tərəfsiz bir şəkildə, heç bir iqtidara bağlanmadan yoluna davam etməlidir” - dedi.

Nazir yerli medianın qarşılaşdığı çətinlikləri çox yaxşı bildiyini, artıq Türkiyədə texnologiyanın inkişafı sayəsində hər kəsin ictimai müxbir olduğunu da söylədi.

Daha sonra “Anadolu Mətbuatı Həvəsləndirmə Yarışması”nda yerli xəbər, məqalə-şərh, araşdırma, fotoşəkil və türkcənin doğru istifadəsi sahəsində fərqlənmiş 29 jurnalistə mükafatlar verildi.

Seminarın günortadan sonrakı hissəsində isə Mətbuat Elan Təşkilatı İstanbul şöbəsinin müdiri Məmməd Köşkerin rəhbərlik etdiyi paneldə internethaber.com xəbər saytı qurucusu Haydı Özışık, Şərqi Anadolu Jurnalistlər Cəmiyyətinin Başçısı Feridun Fazıl Özsoy, Qars Jurnalistlər Cəmiyyətinin rəhbəri Ucal Sezər, İğdır Jurnalistlər Cəmiyyətinin başçısı Aydın Dəniz və Qars Sərhəd TV sahibi Alican Alibeyoğlu çıxış etdilər. Natiqlər medianın inkişafı və beynəlxalq əlaqələrin əhəmiyyəti mövzusunda fikirlərini dilə gətirdilər. İğdır Jurnalistlər Cəmiyyətinin  başçısı Aydın Dəniz isə 1990-cı illərdə Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən, ümummilli lider Heydər Əliyevin gördüyü işlərdən qürür duyduğunu bildirdi.

Daha sonra  BYEGM ümumi müdir köməkçisi Erkan Dayandının idarə etdiyi  paneldə qonşu ölkələrin mətbuat təşkilatları ilə əlaqələrdən söz açıldı. Bu paneldə Azərbaycandan İbrahim  Ömərov, Gürcüstandan Bahar Nemətova, Ukraynadan Osman Paşayev, Gürcüstan Beynəlxalq Nəşrçilər Dərnəyinin baş katibi Osman Çalışkan çıxış etdilər. Natiqlər ölkələr arasındakı əlaqələrin bugünkü durumu və gələcək inkişaf perspektivləri, bölgədə sabitliyin qorunması, Dağlıq Qarabağ probleminin həllində qonşu ölkələrin media orqanlarının birgə fəaliyyəti və s. barədə çıxışlar etdilər. Azərbaycandan olan natiq bölgə ölkələrinin media qurumlarına, xüsusən də Türkiyə mediasına və yazarlarına səslənərək Dağlıq Qarabağ məsələsində həmişə olduğu kimi, bundan sonra da Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmağı xahiş etdi və bildirdi ki, mövcud status-kvonun dəyişməz qalması, nəinki Azərbaycanın, eləcə də bütün bölgə xalqlarının tərəqqisi və inkişafı üçün böyük maneədir. 

Daha sonra xarici və yerli mətbuat mənsubları üçün “Yerli və Xarici Qaynaqlı Fondların Təqdimatı” proqramı həyata keçirildi.

Seminar “qala” fəaliyyəti ilə başa çatdı. Mətbuat Nəşr və İnformasiya Ümumi Müdiri Murad Karakayanın, idarəçilər və jurnalistlərin iştirak etdiyi proqramda xalq ozanlarının ifası və Qafqaz xalq rəqsləri nümayiş etdirildi. Proqram jurnalistlərin də iştirakı ilə birlikdə halay çəkməklə sona çatdı.

İ.NİZAMİOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında