İyulun 2-də Bakıda BMT-nin Uşaq Fondu (UNİCEF) və Azərbaycan hökuməti arasında əməkdaşlığa başlanılmasının 20-ci ildönümü geniş qeyd olunmuşdur.
“Uşaqlar naminə birləşək” devizi ilə keçirilən yubiley tədbiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan nümayəndəliyi tərəfindən təşkil edilmişdir.
Baş nazirin müavini Elçin Əfəndiyevin sədrlik etdiyi iclasda əlaqədar nazirliklərin nümayəndələri, vətəndaş cəmiyyətinin, BMT-nin agentliklərinin və diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan hökuməti ilə UNİCEF arasındakı Ölkə Əməkdaşlıq Proqramının icmalı nəzərdən keçirilmiş, əldə olunmuş nailiyyətlər, təhsil, səhiyyə, uşaqların müdafiəsi sahəsində görülmüş işlər barədə məlumat verilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Elçin Əfəndiyev bildirmişdir ki, dövlətimizin daxili siyasətində uşaq problemi xüsusi əhəmiyyətə malikdir. Dinindən, irqindən asılı olmayaraq respublikamızdakı bütün uşaqların keyfiyyətli təhsil alması, onlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, diqqət və qayğı ilə əhatə olunması, sağlam və sosial mühitdə böyüməsi, şəxsiyyət və ləyaqətli vətəndaş kimi formalaşması Azərbaycanın uşaq siyasətinin əsas prinsipidir.
Qeyd olunmuşdur ki, uşaq problemlərinin həlli ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində yaranan vətəndaşlıq ənənələri bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir.
Elçin Əfəndiyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam vətəndaş kimi böyüməsi üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir. Mövcud məsələlərin həlli istiqamətində Azərbaycan beynəlxalq təşkilatlar, xüsusilə UNİCEF ilə əlaqələrin daha da güclənməsinə xüsusi əhəmiyyət verir. Ötən 20 ildə Azərbaycan UNİCEF ilə mühüm işlər həyata keçirmiş və bu layihələr gələcəkdə də davam etdiriləcəkdir.
Ölkəmizdə uşaq problemlərinin həlli ilə bağlı 30-dan artıq Dövlət Proqramının həyata keçirildiyini deyən Baş nazirin müavini bildirmişdir ki, bu proqramlar vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uşaq məsələlərinə də xüsusi yer verilmişdir. Azərbaycan Prezidentinin digər bir sərəncamı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” uşaq hüquqlarının qorunması sahəsində qəbul olunmuş ən əhəmiyyətli sənədlərdən biri kimi dövlətin imkanlarının daha da səmərəli istifadəsinə münbit zəmin yaratmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, uşaq hüquqlarının müdafiəsi bəşəriyyətin qarşısında duran ən aktual və qlobal vəzifələrdən biridir. Bu gün Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsində yeni mərhələyə başlamışdır. Artıq Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNİCEF-in yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Bundan sonra UNİCEF ilə birgə əməkdaşlığımız uşaqların inkişafına uğurlu töhfələr verməklə yanaşı, onların maraqlarının təmin olunmasına yönələcəkdir.
UNİCEF-in Nyu-Yorkdakı Baş Qərargahının proqram bölümü rəhbərinin müavini xanım Susana Sottoli təmsil etdiyi beynəlxalq qurumla Azərbaycanın birgə fəaliyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycanın uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox uğurlara imza atdığını deyən S.Sottoli bildirmişdir ki, Azərbaycan əvvəllər beynəlxalq təşkilatların təcrübəsindən istifadə edirdisə, bu gün artıq öz təcrübəsini dünya ölkələri ilə bölüşür.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, həyata keçirilən qanunvericilik islahatları uşaq hüquqlarının təmini, onların sağlam və yüksək təhsilli vətəndaş kimi formalaşması, sosial hüquqlarının qorunması üçün ciddi əsaslar yaratmışdır.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord uşaq problemlərinin həlli üçün ölkədə fəaliyyət göstərən bütün əlaqədar qurumların səylərinin birləşdirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanda uşaq məsələləri ilə bağlı inkişafın müşahidə olunduğunu, bunun qanunvericilikdə əksini tapdığını qeyd etmişdir.
Sonra gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov və digər dövlət qurumlarının nümayəndələri UNİCEF ilə birgə əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər barədə danışmış, qarşıda duran vəzifələrin həlli ilə bağlı təkliflər vermişlər.
Tədbirdə UNİCEF-in fəaliyyətinin əsas prioritet sahələrini özündə əks etdirən fotosərgi və təşkilatın ölkədəki fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunmuşdur.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.