Görünən dağa bələdçi lazım deyil

 

 

 

Son 10 ilə yaxın bir dövrdə ölkəmiz görünməmiş inkişaf, tərəqqi və abadlıq dövrü yaşayır. İqtisadi və maliyyə böhranı dünyanın ən inkişaf etmiş dövlətlərini belə öz caynağına aldığı bir vaxtda Azərbaycanda iqtisadi inkişaf tempi öz müvazinətini saxlaya bilmişdir. İndi dövlətin sosial sahədəki problemlərin uğurla həll edilməsi istiqamətində həyata keçirdiyi tədbirləri də ölkə əhalisi rəğbətlə qarşılayır. Əmək haqlarının, pensiyaların məbləği qabaqcıl Avropa ölkələrindəki səviyyəyə çatmasa da, qonşu dövlətlərlə müqayisədə az deyil.

Ədalət naminə demək lazımdır ki, maliyyə resurslarının artmasını və yeraltı sərvətlərin ölkədəki firavanlığın əsas açarı olduğunu heç kəs inkar edə bilməz. Buna tənqidi yanaşanların özləri də bu inkişafı dərindən anlamadıqları halda, əslində 1994-cü ildə Prezident  Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının uğurlarını etiraf etmiş olurlar. Bu strategiyanın Azərbaycanın iqtisadiyyatında böyük sıçrayışa, şəhərlərdə işsizliyin ləğv edilməsinə, xidmət sahələrinin inkişafına və bütövlükdə inkişaf və tərəqqiyə birbaşa təsirini inkar etmək olmaz. Qabaqcıl kapitalist ölkələrində də işsizlik həmişə olmuş və  bu gün də var. Tikinti -abadlıq işlərinin görünməmiş miqyas alması da iqtisadi inkişafın canlı təcəssümü və bilavasitə ölkə Prezidentinin tərəqqi və inkişaf strategiyasının uğurudur. Bunu görüb, ancaq nəyə görəsə dananlar ağıldan kor  olanlardır.

Bakının gözəlliyinə valeh olmaq üçün sahəsi iki dəfə böyüdülmüş, vəsfə sığmaz  yaşıllığı və səliqə-sahmanı ilə hamını məftun edən Dənizkənarı bulvarda və ya ürəkaçan Fəvvarələr meydanında bir qədər gəzmək kifayətdir. Buradakı ictimai-iaşə obyektləri də istirahəti zənginləşdirən amillərə çevrilmişdir.

Bir zaman Maksim Qorki Bibiheybətin mazut bataqlığını cəhənnəmin dəhşətli mənzərəsi kimi qələmə almışdı. İndi  keçmişin həmin - mazut adası acı xatirəyə çevrilmiş və onun yerində, Bayraq meydanına qədər olan hissədə Dənizkənarı parkın ərazisi genişləndirilərək əcnəbi turistləri belə heyran etməkdədir. Burada təbiətin xilqətini dərk etməklə fövqəl bir gücün, insan iradəsi və zəkasının qüdrətini də görməmək mümkün deyil. Dövlətin ali məqsədi kimi əhalinin həyat səviyyəsini və maddi rifahını anlamaq üçün də böyük tədqiqata ehtiyac yoxdur. İstirahət yerlərində xoş əhvalla dincələn əhalinin sıxlığı başqa cür düşünməyə necə əsas verə bilər ki?!

Vaxtilə qədim afinalılar barədə  bir deyimi indi Bakı sakinlərinə də aid etmək olar: “Onlar (afinalılar) gələcək əsrlərdən xəbər verən binalar tikir, abad küçələr salır. Elə təsəvvür yaradırlar ki, bu ömrün fani olduğunu unudub min il yaşamaq istəyirlər. Yeyib-içəndə isə elə qeyri-adi iştah nümayiş etdirirlər ki, sanki ilk və sonuncu dəfə nahar süfrəsinə oturmuşlar”. Bol yeyib-içmək, israfçılıq ehtiyacın, yoxsulluğun deyil, imkanın, firavanlığın göstəricisidir.

Klassik rus yazıçıları əsərlərində bəzən  Bakıya, onun problemlərinə xüsusi diqqət göstərirdilər. “...Yana-yana qalın a, mənəm bunu daşıyan, Sovet vətəndaşıyam”- deyən böyük Vladimir Mayakovski şəhərimiz barədəki bir şerində yazırdı: “ burada iki cüt bir tək yarpaq vardır.” İndi sağ qalmış olsaydı, çevrilib müasir Bakıya, onun gecələrinə tamaşa etsəydi, yaşıllıqlara qərq olmuş şəhərə baxdıqca baxar və bu gözəlliyə mat qalardı. Hazırda şəhərimizə gələn Qərb və Rusiya jurnalistləri təkcə Bakının yox, regionların sürətlə dəyişən mənzərəsini məftunluqla qələmə alır, öz heyrətlərini gizlədə bilmirlər. Amma çox təəssüf ki, Əkrəmsayaq yazarlarımız, adını ziyalı qoyanlarımız bu inkişafın bədii təsvirini verməkdə belə acizlik göstərir, bəlkə də bunu istəmirlər.

Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlı 1930-cu illərdə  Bakını tərənnüm etmək üçün “Firuzə” hekayəsini yazmışdı. Əslində o vaxt Bakını vəsf etməyə də elə bir fakt yox idi. Çəmbərəkənd qəbiristanlığının yerində “Dağüstü park” salınmışdı. İndi hara baxsan, bir gözəllik nişanəsi görərsən. Niyə şairlərimizin, naşirlərimizin qələmi bu mənzərələri təsvir etməkdə acizlik göstərir?! Mən demirəm sosializm realizminə qayıdaq, sadəcə, həyatımızın gerçək mənzərələrinin ədəbi dillə nəqş olunmasını istəyirəm. Qoy bu gün görülən işlərin miqyası gələcək nəsillərə də ərmağan kimi çatdırılsın.

Ölkənin çiçəklənməsinə, xalqın rifahının yüksəlməsinə, paytaxtın və şəhərlərimizin köhnə libasının yeniləşməsindən xəbər verən görünüşlə dəyişilməsini görmək istəməyən, həqiqəti saxta təsəvvür edənlər də vardır. Burada təəccüblü heç nə yoxdur. Əlifbanı  baş-ayaq tutanlar da həmişə olub. Bunları plüralizmin inkişafı kimi təqdim etsələr də, əslində onlar  proqressə sevinmək əvəzinə, onu gözdən salmaq üçün müxtəlif bəhanələr, iftiralar və  ağ yalanlar uyduranlardır. Ancaq unutmasınlar ki, gözlərin gördüyü həyat, dərk edilən mühit istənilən təbliğatdan daha güclü təsir gücünə malikdir.

Beynəlxalq görüşlərin birində bir əcnəbinin dediyi fikri burada xatırlatmaq yerinə düşərdi. O, paytaxtımızı heyranlıqla seyr etdikdən sonra, təəssüratını belə izah etdi: “Bakı böyük tarixə malik qoca şəhərdir, lakin mən onu həm də dünyanın ən cavan şəhəri adlandırardım.” Əvvəllər də Bakıda qonaq olmuş bu memar şəhəri pis tanımırdı, peşəkar kimi bir təhlil aparmışdı və son on illikdə Bakını hündür binalarına və yaşayış sahəsinə görə üç dəfə böyüdüyünü iftixarla dilə gətirirdi. İndi paytaxtımız göydələnlər şəhərinə çevrilmişdir. Amma Bakıda 1930-cu illərdə hamının “görüş yeri” kimi nişan verdiyi,  yalnız bir beşmərtəbəli bina vardı və sakinlər  bununla öyünürdü. Təbii ki, tikinti aparan təşkilatlar bəzən ətraf  mühitin mühafizəsi ilə bağlı konstitutsion vəzifələrini unudurlar. Tikinti aparılan sahələrdə ətraf toz-torpaqdan izolyasiya olunmur və s.

Bütün bunlara baxmayaraq, Bakı son illər toy məclisinə bəzənən gəlinə bənzəyir. Təbiət bu şəhərin gözəlliyi üçün çox şeyi etmişdir, təkcə İçəri şəhər kompleksi, Qız qalası xalqımızın böyük tarixindən xəbər verir. Yeniləşən xiyabanlar,  yollar,  estakadalar, körpülər, parklar, bağlar bu şəhərin qocalığına sığal verməklə yanaşı, ona yeni, müqayisə olunmayan bir təravət bəxş etmişdir. Dənizkənarı ilə Heydər Əliyev adına Hava Limanına gedən sürətli hərəkətə və  beynəlxalq standartlara cavab verən yol işə düşdükdə, hamı buna möcüzə kimi baxırdı. Amma bu gün belə yollar Bakının bütün istiqamətlərinə çəkilib və qonşu ölkələrin sərhədlərinə qədər gedib çıxır.

Ölkəmizdə mövcud sabitliyi də danmaq olmaz. Paytaxtda və rayon mərkəzlərində “lunatik” insanlar gecə səhərə qədər gəzsələr də, bir adam xətrlərinə dəyməyəcək. Sabitlik iqtisadi, sosial- mənəvi inkişafımız üçün bazis rolunu oynayır. Onu pozmağa cəhd etmək əslində ictimai orqanizmə xəsarət yetirmək məqsədinə xidmət etdiyindən, buna imkan verilmir. Ölkə polisi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Şəxsiyyətin təhlükəsizliyinə yönələn qəsdlər statistikada bəzən artımla müşahidə edilsə də, əslində il ərzində rəqəmlərdə azalma müşahidə edilir, cinayətkarların şəxsiyyətinin  müəyyən edilib, yaxalanması və zərərsizləşdirilməsi isə yalnız peşəkarlığa və çevikliyə əsaslanır.

Qeyri-hökumət təşkilatlarının xətti ilə cinayətkarlığa qarşı mübarizədə ictimaiyyətin fəallığını yüksəltmək və vətəndaşları maarifləndirmək məqsədilə təkcə bu ilin 6 ayında  Gəncə, Yevlax, Şəmkir, Tovuz, Qazax, Quba, Xaçmaz və Qusar rayonlarında kütləvi tədbirlər keçirilmişdir. Həmin görüşlərdə,   yığıncaqlarda çıxış edənlərin əksəriyyəti polisin fəaliyyətindən razılıqla danışır, onun peşəkarlığının xeyli yüksəldiyini xüsusi qeyd edirlər. Bu polisin şərəfli missiyalarının əsas qayəsi, borcu və vəzifələridir. Polis hamını, hər bir vətəndaşı, hətta onun barəsində ağızucu danışanları da müdafiə edir. Polis son illərdə vətəndaşların hüquq və azadlıqlarının, təhlükəsizliklərinin  qorunmasında  təbliğ olunmayan, əslində xalqa -ictimaiyyətə çatdırılmalı olan çox sayda yaddaqalan  işlər görür.

Xidmətin görünməyən tərəfini aşkarlamamaq, xidmətin  təvazökarlığıdır – desəm səhv etmərəm. Vəzifə həddini aşan və xidmətində səhlənkarlığa yol verən polis işçiləri barədə isə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən tədbirlər görülür, bu adın yüksək ləyaqətini və nüfuzunu öz hərəkətləri ilə pozanlar vəzifələrindən uzaqlaşdırılır, məsuliyyətə cəlb edilir və s. Ona görə də polisə qara yaxmaq, onu cəmiyyətin arzuolunmaz hissəsinə çevirmək istəyənlər əslində sabitliyin və qanunçuluğun yüksək səviyyədə qorunduğundan iyrənc planlarını gerçəkləşdirə bilməyən destruktiv qüvvələrdir. Bir az da obrazlı yanaşsam, ağlı dayazlardır. İndi belə çürük praktika xalq tərəfindən qəbul edilmir, qiymətini itirmiş bir əlamət kimi gözə dəymir, yaddaşlardan silinib.

Yaxşı haldır ki, iqtisadi, sosial sahədəki müsbət dəyişikliklər siyasi mühitə də öz müsbət təsirini göstərir. Əvvəllər meydan sulayan marginal qruplar artıq gözə dəymir, radikalizm vecsiz bir nitfə kimi əhəmiyyətini bütünlüklə itirmiş, sosial bazası “itkin” düşmüşdür. Hay-küy dumanı arxada qalmışdır. Bir andaca yaranıb sıradan çıxan boğanaq xarakterli mühitin də ömrü hörümçək toruna bənzər. XXI əsr  Don Kixotçuluğa açılan dəhlizləri  qapamışdır.

Azərbaycan  xalqı prezident seçkiləri ərəfəsindədir. Prezident İlham Əliyev əksəriyyətin namizədi kimi yenidən həmin vəzifəyə layiq görülür. Qənaətimə görə İlham Əliyevin təbliğatı ilə məşğul olanlara baş sındırmaq da lazım deyil, ölkədə baş verən tərəqqi proseslərini seçicilərə olduğu kimi  çatdırmaq kifayətdir. Atalar demişkən: “Görünən dağa  bələdçi  lazım deyil”. Bu bir həqiqətdir ki,  İlham Əliyevin heç bir tərifə ehtiyacı  yoxdur. Çünki  həqiqət özü tərifdən də yuxarıda dayanır...

Şəmsəddin  ƏLİYEV,
“Polisə Dəstək”  İB-nin sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında