Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RFXİN) Sankt-Peterburqdakı nümayəndəliyində Qüdsi Osmanovun Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu kimi diplomatik missiyasının başa çatmasına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Sankt-Peterburq və Leninqrad vilayəti administrasiyalarının nümayəndələri, şəhər və vilayət qanunvericilik məclisinin deputatları, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, əsas universitetlərin alimləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri, habelə Sankt-Peterburq şəhərində yaşayan Azərbaycan diasporunun fəal üzvləri iştirak etmişlər.
Bu barədə AzərTAc-a Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən məlumat verilmişdir.
RF XİN-in Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov iştirakçıları salamlayaraq demişdir ki, Sankt-Peterburqda xarici dövlətlərin təqribən 60 diplomatik missiyası akkreditə olunmuşdur. O, konsul korpusunun fəaliyyətində Qüdsi Osmanovun rolunu xüsusi vurğulamışdır. Konsul korpusunun duayeni olduğu
3 ildən çox müddət ərzində o, Sankt-Peterburq diplomatları ilə şəhər administrasiyası, habelə digər dövlət orqanları arasında sıx qarşılıqlı münasibətlərin qaydaya salınmasına kömək etmişdir.
Sankt-Peterburq hökumətinin üzvü, xarici əlaqələr komitəsinin sədri Aleksandr Proxorenko da şəhərin yüz minlik Azərbaycan diasporunun formalaşmasındakı roluna görə Q.Osmanova minnətdarlığını bildirmiş və yeni işində ona uğurlar arzulamışdır.
A.Proxorenko, həmçinin Sankt-Peterburq ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında Q.Osmanovun böyük rol oynadığını vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan ilə Sankt-Peterburqun ticarət-iqtisadi və humanitar əlaqələrinin inkişaf etdirilməsi üzrə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının yaradılmasında onun fəal iştirakı, 2002-ci ildə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsinin açılışı və bu abidənin ətrafındakı bağın Heydər Əliyev Fondu tərəfindən abadlaşdırılması, Qoroxovaya küçəsində yerləşən, 1949-1950-ci illərdə Azərbaycan xalqının ümummilli liderinin təhsil aldığı 6 nömrəli binanın fasadına ulu öndər Heydər Əliyevin xatirə lövhəsinin vurulması, Böyük Vətən müharibəsi dövründə Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərə Heydər Əliyev Fondu tərəfindən memorial qüllənin ucaldılması və s. bunu təsdiq edir.
Qeyd edilmişdir ki, Sankt-Peterburqda yaşayış evləri, mehmanxana və s. tikintisi kimi investisiya layihələrini maliyyələşdirmiş Azərbaycan Beynəlxalq Bankının filialının açılması ticarət-iqtisadi sahədə qazanılmış nailiyyətlərə misaldır. Humanitar-mədəni əlaqələrin inkişafından danışarkən o, Sankt-Peterburq şəhərində Milli Kulinariya Mərkəzinin - “Bakı” restoranının yaradılmasını xüsusi qeyd etmişdir.
Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Tatyana Zaxarenkova azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsi sahəsində şəhər parlamentinin işinə fəal kömək göstərdiyinə görə Qüdsi Osmanova məclisin sədri Vyaçeslav Makarovun təşəkkür məktubunu təqdim etmişdir.
Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin rəhbəri Aleksandr Lavrenko öz çıxışında Bu ölkənin şimal paytaxtının çoxmillətlilik amilindən danışmış, Sankt-Peterburqun Azərbaycan diasporu daxilində sabitliyi yüksək qiymətləndirmişdir. Rusiya Federasiyası İstintaq Komitəsinin sədri A.Bastrıkinin tapşırığı ilə A.Lavrenko Rusiya Federasiyasının İstintaq Komitəsinə həvalə olunmuş vəzifələrin həllinə kömək göstərdiyinə, komitənin istintaq orqanları ilə çoxillik səmərəli əməkdaşlığına görə Qüdsi Osmanovu Rusiya Federasiyası İstintaq Komitəsinin medalı ilə təltif etmişdir.
Qüdsi Osmanov da 7 il fəxri konsul və 8 il baş konsul kimi Sankt-Peterburqdakı 15 illik fəaliyyətindən danışmışdır. Diplomat uzun illər sıx birgə fəaliyyətlərinə görə şəhər administrasiyasına, RF XİN-in nümayəndəliyinə, diplomat həmkarlarına, KİV nümayəndələrinə təşəkkür etmişdir. Ümidvar olduğunu bildirmişdir ki, hazırda yerinə yetirdiyi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müavini vəzifəsində dost ölkənin müvafiq strukturları ilə uğurlu əməkdaşlıq əlaqələri davam etdiriləcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.