İmişli şəhərinin su təchizatı sistemi yenidən qurulur

 

Ölkə regionlarının içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yaradılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin icrası getdikcə sürətlənir. Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlər həyata keçirilir.

Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına İmişli şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Xatırladaq ki, icrasına 2011-ci ilin sentyabrında başlanmış “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” üzrə işlərin böyük hissəsi artıq başa çatdırılmışdır. Məlumat üçün bildirirk ki, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 45,5 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə İmişli şəhəri ilə yanaşı, Beyləqan rayonunun Əhmədli kəndini də əhatə edəcək.

İstehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Beyləqan rayonu Aşiqallılar kəndi yaxınlığındakı ərazidə yerləşən yeraltı sular seçilmişdir. Burada beş ədəd subartezian quyusu qazılmış və quyu zonasından İmişli şəhərinə 630 millimetr olan diametrli borularla 29,5 kilometr uzunluğunda magistral su xətti çəkilmiş, ümumi tutumu 6500 kubmetr olan iki ədəd su anbarı tikilib istifadəyə verilmişdir. Bundan əlavə, yeni tikilmiş xlorator qurğusu və laboratoriya binasında son tamamlama işləri aparılır.

Layihə çərçivəsində İmişli şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri də yenidən qurulur. Ümumi uzunluğu 167 kilometr olan şəhərdaxili su şəbəkəsinin 159 kilometrlik hissəsi çəkilərək ünvanlara birləşmələr verilmişdir. İndiyədək 8950 abunəçinin 3293-ü “smart-kart” tipli sayğacla təmin olunmuşdur. Ümumilikdə İmişli şəhərinin su təchizatı ilə bağlı layihədə nəzərdə tutulan işlərin böyük əksəriyyəti yekunlaşmışdır. Gələn ay isə su şəbəkəsinin yenidən qurulması üzrə işlər tam başa çatdırılacaqdır.

İmişli şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 125 kilometr olan kanalizasiya şəbəkəsinin, 15,7 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Gələcəkdə tullantı suları şəhərin kənarında tikiləcək çirkab su təmizləyici qurğuya ötürüləcəkdir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında