Lənkəranlı Qarabağ müharibəsi əlilləri Müsavat başqanının müşaviri Yadigar Sadıqovun və əlaltılarının ciddi şəkildə cəzalandırılmasını tələb edən bəyanat imzalamışlar

 

Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lənkəran rayon təşkilatının üzvləri Lənkəran şəhərində Müsavat başqanının müşaviri Yadigar Sadıqovla ikinci qrup Qarabağ müharibəsi əlili Rəşid Kərimov arasında baş vermiş insidentlə bağlı bəyanat qəbul etmişlər.

Bəyanatda deyilir: Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar xalqımızla birlikdə biz Qarabağ müharibəsi əlillərini də hədsiz dərəcədə sevindirir. Sevinirik ki, dövlətimizin iqtisadi qüdrəti artdıqca problemlərimiz həll olunur, yaşayışımız yaxşılaşır. Azərbaycanın hər tərəfində, o cümlədən Lənkəran rayonunda da geniş quruculuq-abadlıq işləri aparılır və bütün bunlar sakinlər tərəfindən rəğbətlə qarşılanır.

 Bəyanatda qeyd olunur ki, son vaxtlar bəzi radikal müxalifət nümayəndələri görülən işlərə kölgə salmaq üçün müxtəlif qəzetlərdə, internet saytlarında reallığı əks etdirməyən, bütünlüklə şər və böhtandan ibarət iftira dolu məlumatlar yayır, ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışırlar. Ölkənin inkişafından qıcıqlanan, Vətən təəssübkeşliyindən məhrum olan nadanlar sağlam düşüncəli insanları, həqiqəti söyləyənləri küçədə, ictimaiyyətin gözü qarşısında təhqir etməkdən belə çəkinmirlər. Özlərini müxalifətçi adlandıran bu azğınlaşmış şəxslərin qəzəbinə tuş gələnlərdən biri də Qarabağ müharibəsində yaralanıb əlil olmuş Rəşid Fərman oğlu Kərimovdur.

Bəyanatda daha sonra iyunun 25-də axşam saatlarında Müsavat başqanının müşaviri Yadigar Sadıqovla ikinci qrup Qarabağ müharibəsi əlili Rəşid Kərimov arasında baş vermiş insidentin təfərrüatları açıqlanır. Bildirilir ki, R.Kərimov Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən çayxanadan çıxan Müsavat partiyası başqanının müşaviri Y.Sadıqov və iki nəfər əlaltısı Qarabağ müharibəsi əlilinə sataşaraq onu lağa qoymuş və digər alçaldıcı hərəkətlər etmişlər. R.Kərimov Qarabağ müharibəsi əlili olduğunu, gözlərinin zəif gördüyünü bildirərək onları əxlaqa dəvət etmək istədikdə harınlamış bu şəxslər onu təpiklə vurmağa başlamışlar. Yadigar Sadıqov və dostları əxlaq normalarının son həddini də aşaraq köməksiz insanın şərəf və ləyaqətini alçaldaraq eynəyini təpik altında əzmişlər. Sonra da R.Kərimovu yerə yıxıb vəhşicəsinə döymüş, ona ağır bədən xəsarətləri yetirmişlər. Bu azmış kimi, Yadigar Sadıqov iki nəfər əlaltısı ilə birləşərək vəhşicəsinə döydüyü Qarabağ əlilini internet səhifəsində açıq şəkildə narkoman adlandırmışdır.

İnsanlığa sığışmayan bu azğın hərəkətləri və mənəviyyatsızlığı təkcə Rəşid Kərimova qarşı deyil, eyni zamanda bütün Qarabağ müharibəsi əlillərinə və veteranlarına - Vətən torpaqları uğrunda erməni faşistlərinə qarşı döyüşlərdə sağlamlığını itirmiş, şikəst olmuş vətənpərvər oğullara qarşı hörmətsizlik, etinasızlıq və təhqir hesab edən bəyanat müəllifləri bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən ədalətli şəkildə araşdırılmasını, Yadigar Sadıqovun və onun əlaltılarının ən ciddi şəkildə cəzalandırılmasını tələb etmişlər.

Bəyanatı 84 nəfər lənkəranlı Qarabağ müharibəsi əlili adından Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lənkəran təşkilatının sədri, ikinci qrup Qarabağ müharibəsi əlili Əbülfət Əliyev, təşkilatın sədr müavini, ikinci qrup Qarabağ müharibəsi əlili Səxavət Hüseynov, ikinci qrup Qarabağ müharibəsi əlilləri Eldar Qurbanov, Kazım Fətullayev və Rüziyyə Əmirova imzalamışlar.

 AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında