Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilmişdir

İyulun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Tədbirdə nazir Füzuli Ələkbərov çıxış edərək bildirmişdir ki, hesabat dövründə 132 min 945 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Hər ailəyə ayda orta hesabla 112,98 manat ödənilmişdir. 41 min 206 ailə ilk dəfə ünvanlı sosial yardım alır. Bu da yardım alanların 31 faizini təşkil edir. 2009-cu ildə ünvanlı sosial yardım təyin olunmuş 144 min 844 ailədən 87 min 871 (60,7 faiz) ailə hazırda yardım almaqda davam edir. Yardımla əhatə olunmuş ailələrdən 94,9 faizi vəsaiti plastik kartlar vasitəsilə alır. Görülən işlərin yeni mərhələsi kimi ünvanlı yardım alan ailələrin reabilitasiya yolu ilə tədricən yoxsulluq həddindən çıxarılması nəzərdə tutulur. Bunun üçün nazirlik tərəfindən hüquqi bazanın təkmilləşdirilməsi işinə başlanılmışdır.
F.Ələkbərov vurğulamışdır ki, cari ilin ilk 6 ayında Lənkəranda 36, Cəlilabadda 16 və 36, Bakının Qaradağ rayonunda 81 mənzilli yaşayış binaları inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilmişdir. Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının hər birində 81, Gəncə şəhərində, Balakən, Quba və İsmayıllı rayonlarının hər birində 36 mənzilli yaşayış binalarının tikintisi davam etdirilmişdir. İndiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Hesabat dövründə əlillərə 88 ədəd "Slavuta" markalı minik avtomobili verilmişdir. Ümumilikdə, indiyədək 2 min 700-dək əlil dövlət hesabına minik avtomobili ilə təmin edilmişdir.
Nazir diqqətə çatdırmışdır ki, məşğulluq xidməti orqanlarına 21 min 416 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Onlardan 11 min 159 nəfəri münasib işlə təmin edilmiş, 815 nəfəri haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. 2 min 310 nəfər peşə hazırlığı kurslarına cəlb edilmişdir. Hazırda respublikada fərdi icazə əsasında 87 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur. Hesabat dövründə Dövlət Əmək Müfəttişliyi tərəfindən 1516 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti zamanı əmək qanunvericiliyinə dair 5 min 31 qanun pozuntusu aşkar olunmuşdur. Əmək müqaviləsi olmadan işə cəlb edilmiş 2 min 718 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilmişdir. İnzibati xətalara görə işəgötürənlər 302 min 600 manat məbləğində cərimə olunmuşlar. Bu ilin ilk 6 ayında istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 92 bədbəxt hadisədə 23 nəfər ölmüş və 77 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bu cür hadisələr daha çox sənayedə (44), tikintidə (22), nəqliyyat və rabitədə (9) baş vermişdir.
Qeyd edilmişdir ki, cari ilin birinci yarısında respublikanın 10 şəhər və rayonunda keçirilmiş yarmarkalar zamanı 861 nəfər işsiz vətəndaş münasib işlə təmin olunmuşdur. Həmçinin, 97 nəfər peşə hazırlığı kurslarına, 90 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. Bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları tərəfindən 1888 nəfər işsiz vətəndaş, o cümlədən 1020 qadın, 896 gənc, 82 qaçqın və məcburi köçkün, 12 nəfər əlil müvəqqəti xarakterli işlə təmin olunmuşdur.
Hesabat dövründə Bakı, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə "Karyerada ilk addım" devizi altında keçirilən tədbirlərdə 271 nəfər məzun və tələbə münasib işlərlə təmin edilmişdir. Dövlət məşğulluq xidməti tərəfindən cari ilin birinci yarısında 62 min 100 nəfər gəncə peşəyönümü məsləhətləri verilmişdir.
İclasda bu ilin birinci yarısının yekunları ilə bağlı məruzələr dinlənilmiş, qarşıda duran vəzifələr müzakirə edilmiş, tapşırıqlar verilmişdir.
Tədbirdə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinə diplomlar və digər hədiyyələr təqdim edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında