Yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulur

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti paytaxt sakinlərinin  fasiləsiz içməli su ilə təmin edilməsi, su itkilərinin və israfçılığın qarşısının alınması, eləcə də uçotun düzgün qurulması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə çoxmənzilli yaşayış binalarının su təchizatı sistemi yenidən qurulur.

Xatırladaq ki,  2012-ci ildə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları ərazisində bununla bağlı pilot layihələr həyata keçirilmişdir. Həmin layihələrin müsbət nəticələri əsas götürülərək  yeni işlərin  icrasına start verilmişdir.

Çoxmənzilli yaşayış binalarının supaylayıcı sistemlərinin tamamilə yenidən qurulmasına hesablanmış layihələr çərçivəsində ilkin mərhələdə Bakı şəhərinin rayonları, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində 787 binanın su təchizatı sistemlərinin yenidən qurulması nəzərdə tutulmuşdur. “Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatına görə, artıq 100-dən çox binada işlər uğurla başa çatdırılmışdır. Hazırda 400-dən çox binanın su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı işlər sürətlə davam etdirilir. Bütövlükdə isə bu layihə 60 minə yaxın mənzili əhatə edəcəkdir.

Layihə çərçivəsində həmin binalarda yaşayan əhalini içməli su ilə təmin edən  və uzun müddətdir istismarda olan metal borulardan ibarət magistral xətlər  polietilen borularla əvəzlənir. Zirzəmilərdə yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda, mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılır.  Layihəyə uyğun olaraq hər bir abunəçi  “smart-kart” tipli sayğacla təmin olunur və  sərfölçən cihazlar pilləkən qəfəslərində quraşdırılır. Sayğacların pilləkən qəfəslərinə çıxarılması onların nəzarətdə saxlanmasına imkan verməklə yanaşı, texniki xidməti də xeyli asanlaşdırır. Bunlarla yanaşı, yanğından mühafizəni asanlaşdırmaq üçün binaların qarşısında yanğın hidrantlarının quraşdırılması da nəzərdə tutulur. Xatırladaq ki, bu layihə çərçivəsində sayğacların quraşdırılması əhali abunəçiləri üçün dövlət vəsaiti hesabına pulsuz həyata keçirilir. Qeyri-əhali istehlakçıları isə sayğacların dəyərini ödəməlidir.

Su təchizatı sistemlərinin yenidən qurulduğu binalar üzrə aparılan ilkin təhlillər nəticələrin müsbət olmasından xəbər verir. Belə ki, yenidənqurma işləri nəticəsində binaların zirzəmilərinə su sızmalarının qarşısı tam alınmış, su sərfiyyatı iki dəfəyə qədər azalmışdır. Eyni zamanda,  “smart-kart” tipli sayğacların quraşdırılması ilə su təchizatı və tullantı sularının axıdılmasına görə  xidmət haqlarının ödənilməsi 100 faiz təmin olunmuş və debitor borcların əksər hissəsi yığılmışdır.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında