Bakıda Dünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilmişdir

 

İyunun 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə Bakıda Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə qaçqın və məcburi köçkünlərin acı həyatını əks etdirən fotostendə baxmışlar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, BMT Baş Məclisinin hər il 20 iyun tarixini Dünya Qaçqınlar Günü elan etməsinin məqsədi bu problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Əli Həsənov qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyi və beynəlxalq humanitar təşkilatlar tərəfindən görülmüş işlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuş, müasir qəsəbələr salınmışdır. Bu qəsəbələrdə 150 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyandan danışan Əli Həsənov qeyd etmişdir ki, beynəlxalq aləmdə münaqişələrin vurduğu ziyanın qiymətləndirilməsi təcrübəsi formalaşmaqdadır. Bu yanaşma ilə götürüldükdə təxmini hesablamalara görə, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana 300 milyard dollardan çox zərər dəymişdir. Bu ziyanı Ermənistan rəhbərliyi deyil, erməni xalqı ödəmək məcburiyyətində qalacaqdır.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bu problemin bütün dünya üçün təhlükə mənbəyi olduğunu vurğulamışdır. Artıq beynəlxalq ictimaiyyət üzləşdiyi problemlərin, xüsusilə nəzarətsiz ərazilərdə narkotik vasitələrin daşınması, terror faktları kimi məsələlərin qlobal xarakter almasını dərk etməyə başlamışdır. Ümid edirik ki, bu cür problemlər qısa müddətdə öz həllini tapacaq və dünyadakı münaqişə zonalarının, qaçqın və məcburi köçkünlərin sayı azalmağa başlayacaqdır.

Yeni çapdan çıxmış “Qaçqınların və məcburi köçkünlərin rifahı naminə” üçcildliyi barədə tədbir iştirakçılarına məlumat verən Baş nazirin müavini qeyd etmişdir ki, nəşrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördükləri genişmiqyaslı  işlər öz əksini tapmışdır. Bu yeni nəşr Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin öyrənilməsi və xarici vətəndaşlara düzgün çatdırılması, eləcə də dövlətimizin qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə yönəltdiyi uğurlu layihələrin ardıcıllıqla izlənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sonra Suriya qaçqınlarının vəziyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdson qeyd etmişdir ki, dünyada didərginliyin yeni faktoru kimi özünü göstərən Suriya böhranının başlaması ilə qaçqın və  məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək keçən dövr üçün ən yüksək həddə çatmışdır. 

Dünya üzrə qaçqın və məcburi köçkünlərlə bağlı statistik rəqəmlərdən danışan Daq Siqurdson vurğulamışdır ki, 18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir. Bundan əlavə, ötən il ərzində valideynlərindən ayrı düşmüş uşaqlar tərəfindən sığınacaq istənilməsi ilə əlaqədar 21 min 300 müraciət təqdim olunmuşdur ki, bu da rekord göstəricidir.

Təmsil etdiyi təşkilatın dünya üzrə qaçqınların və məcburi köçkünlərin vəziyyətini əks etdirən hesabatı barədə məlumat verən Daq Siqurdson sənəddə bütün qaçqınların 55 faizinin müharibəyə məruz qalmış beş əsas ölkədən – Əfqanıstan, Somali, İraq, Suriya və Sudandan olduğunu diqqətə çatdırmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında