Şəmkirdə gedən işlərlə yaxından tanış olmaq, onun miqyasını, sürətini, milli-memarlıq xüsusiyyətlərini öyrənmək üçün təkcə Heydər Əliyev prospektinə baş çəkmək kifayətdir. Bu prospekt bir neçə il qabaq belə deyildi. Bakı-Qazax magistral avtomobil yolundan başlayaraq şəhərin mərkəzinə və əks istiqamətdə prospekt tamamilə yenidən qurulmuş, 5 min metr məsafəyə Avropa standartlarına uyğun yeni bardürlər düzülmüş, səkilərə üzlük tamet daşları
döşənmiş, yollara asfalt beton örtüyü salınmışdır.
Prospektdə inzibati binaları da barmaqla saymaq olardı. Amma son vaxtlar “Atabank” ASC-nin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, “Azpetrol” YDM-nin, 14 saylı vergilər və maliyyə idarələrinin, əhalinin sosial müdafiə mərkəzinin, rayon məhkəməsinin, polis şöbəsinin və digər inzibati binaların tikilməsi, bir çoxlarının tamamilə yenidən qurulması prospektin görkəmini xeyli dəyişdirmişdir. Bundan başqa, prospektdəki 4 ədəd beşmərtəbəli yaşayış binası əsaslı şəkildə təmir olunmuş, onların dam örtükləri və fasadları yenidən qurulmuşdur. Binaların sakinləri hərdən zarafatla deyirlər ki, öz yaşadığımız binanı bəzən tapa bilmirik. O qədər gözəl, cazibədar olub ki, baxdıqca doymaq olmur. Burada inşa olunan doqquzmərtəbəli yaşayış binası da uzaqdan diqqəti cəlb edir. Bina istifadəyə, demək olar ki, hazırdır və prospektə xüsusi gözəllik, əzəmət gətirir.
Maraqlıdır ki, prospektdə son vaxtlar inşa olunan obyektlər ümumi ansambla uyğunlaşdırılır, milli-memarlıq baxımından bir kompozisiya şəklində tamamlanır. Budur, ümumi ərazisi 14,5 hektar olan Heydər Əliyev Mərkəzi. Son tamamlama işlərinin gedişini biz də izləyirik. Mərkəzin ətrafında fəvvarələr, dekorativ hovuzlar, göllər yaradılır. Xüsusi zövqlə hazırlanmış layihə əsasında abadlıq və yaşıllıq işləri davam etdirilir.
Elə prospektin özündə əzəmətli Bayraq meydanı uzaqdan diqqəti cəlb edir. İntellektual Gənclər Mərkəzinin isə tikintisi başa çatmaq üzrədir. Gözəlliyi, orijinallığı ilə tayı-bərabəri yoxdur. Tezliklə öz qapılarını Şəmkir gənclərinin üzünə açacaqdır.
Rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri R.Rəhimov deyir ki, Heydər Əliyev prospekti və burada salınmış park şəmkirlilərin əsl istirahət guşələrindən birinə çevrilib. Yaxın günlərdə burada işlər tamamilə başa çatdırılacaqdır. Ümumiyyətlə, Şəmkir şəhərindəki digər obyektlərdə, küçə və xiyabanlarda, parklarda işlərə yekun vurulduqdan sonra bu yerləri tanımaq olmayacaq.
Şöbə müdirinin sözlərinə qüvvət olaraq qeyd edək ki, Şəmkirin prospekt və küçələri, parkları, tarixi abidələri, məktəb, səhiyyə, mədəniyyət ocaqları, fərdi binaları və digər tikililəri son vaxtlar o qədər gözəlləşdirilib ki, adam bəzən özünü burada ən inkişaf etmiş şəhərlərdəki kimi hiss edir. İndi görün işlər tamamlandıqdan sonra Şəmkir necə füsunkar olacaqdır!
Hazırda şəhərin mərkəzindəki küçələrdə 400-ə yaxın yaşayış evi alman memarlığı üslubunda bərpa olunur, onların dam örtükləri, fasadları, açıq eyvanları, zirzəmiləri əsaslı şəkildə yenidən qurulur, küçə divarları və səkilər xüsusi dizaynla təmir olunur, su axarları və bardürlər dəyişdirilir, yollara yeni asfalt-beton örtüyü salınır.
Rayon rəhbərliyinin Şəmkirin tarixinə belə isti münasibət göstərməsi təqdirəlayiq haldır. Əslində, Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Bu qalanın xarabalıqları şəhərdən 20 kilometr şərqdə, Muxtariyyət kəndinin yaxınlığındadır. Orta əsrlərdə Şəmkir adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan böyük Şəmkir çayının sahilində yerləşir. O vaxtlar şəhərin ərazisi cəmi 20 hektara yaxın idi. Şəhərin sərvətləri əcnəbi tacirləri və yadelli işğalçıları həmişə özünə cəlb edib. Şəhər növbəti dəfə dağıldıqdan sonra salamat qalmış çox az sayda sakin Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9-10 kilometr aralıda məskunlaşmışdır.
Yuxarıda “alman evi” sözünü təsadüfən işlətmədik. Əslində, indiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Başqa sözlə, düz 195 il qabaq iyun ayında Tiflisdən Azərbaycanın Yelizavetpol (indiki Gəncə) qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Göygöl) rayonu və Annenfeld adlı iki koloniya saldılar. 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğu üçün koloniyanın adı dəyişdirilərək “Annino” qoyuldu.
Bu keçmiş tarixi qısaca şərh etməkdə məqsədimiz odur ki, Şəmkirdə alman ənənəsi, tarixi memarlıq abidələri, hətta məişəti, adət-ənənənləri bu günə qədər gəlib çıxıb və onu yaşatmaq, bərpa etmək çox böyük xeyirxahlıq işidir, əsl beynəlmiləlçilik nümunəsidir.
Ayrı-ayrı küçələrdə, o cümlədən, Səməd Vurğun küçəsində bərpa olunan evlərə baş çəkirik. Binaların çardaqları, əvvəllər olduğu kimi, taxtadan, özü də xüsusi naxışlar vurulmaqla bərpa edilir. Evlərin darvazaları da xüsusi ağac materialından, yerli ustalar tərəfindən düzəldilib. Həyət-bağçada səliqə-səhman yaradılıb, tarixi zirzəmilərə kimi əl gəzdirilib.
Sakinlər yaşadıqları evlərin təmənnasız şəkildə bu vəziyyətə gətirilməsindən çox sevinirlər və hədsiz razılıqlarını bildirirlər. Ölkə Prezidentinin belə diqqəti və qayğısı onları çox təsirləndirib.
...Bir neçə ay qabaq maşınların və piyadaların çətinliklə keçdikləri küçə və yollar, səkilər artıq qaydaya düşür, çalalar doldurulur, asfalt salınır, bardürlər düzülür, ağac, gül-çiçək kolları basdırılır. Ölkə Prezidentinin birbaşa göstərişi və respublika Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq Şəmkirin su və kanalizasiya xəttinin yenidən qurulması şəhərdə belə bir vəziyyət yaratmışdı. Amma heç kim narahat olmur, gileylənmirdi. Bildirdilər ki, bu, onların məişət şəraitinin yaxşılaşdırılması üçündür. İndi çətinliklər, demək olar ki, arxada qalıb. Bu günədək şəhərdə 72 kilometr uzunluğunda kanalizasiya xətti və 39 kilometr uzunluğunda içməli su xətti çəkilib, ümumi su tutumu 11 min kubmetr olan 4 su anbarının tikintisi başa çatdırılıb. Şəhərin qərb hissəsində işlər davam etdirilir və təmizləyici qurğunun tikintisi aparılır.
Əslində, Şəmkirdə çox böyük, faydalı bir iş başa çatmaq üzrədir. Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov başda olmaqla idarə, müəssisə və təşkilatların rəhbərləri səhərin gözü açılmamışdan gecə yarısınadək küçə və məhəllələrdədir, park və xiyabanlarda, tikinti obyektlərindədir. Nazim müəllim deyir ki, başqa cür ola da bilməz. Axı, ölkə başçısı cənab İlham Əliyev Şəmkirə xüsusi diqqət, qayğı, etimad göstərib. Gərək bu etimadı doğruldaq. Şəmkirdə olarkən Heydər Əliyev prospektində və ona yaxın küçələrdə gördüklərimizin bəzi epizodlarını çəkdik. Məqsədimiz əhalisinin sayı 200 min nəfəri keçən bir rayonda hazırda gedən işlərlə oxucuları tanış etmək oldu.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.