“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları Azərbaycana gəlmişlər

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” beynəlxalq avtoyürüş təşkil edilmişdir.

Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədikləri avtoyürüşə bu il mayın 6-da start verilmişdir.

AzərTAc xəbər verir ki, bir ay bundan əvvəl Sankt-Peterburqdan yola çıxmış  avtoyürüş iştirakçıları iyunun 6-da Samur sərhəd keçid məntəqəsindən keçərək Azərbaycana gəlmişlər.

“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün məqsədi gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, İkinci Dünya müharibəsi və Vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.

Yürüş iştirakçıları əvvəlcə Xaçmaz şəhərində olmuş, burada  Heydər Əliyev Seyrəngahı ilə tanışlıqdan sonra Qubaya doğru hərəkət etmişlər.

Qubada yürüş iştirakçıları Böyük Vətən müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Daha sonra yürüş iştirakçıları Heydər Əliyev Mərkəzində  olmuşlar. Mərkəzlə tanışlıqdan sonra qubalı gənclərlə bir araya gəlmişlər.

Görüşdə yürüşün məqsədi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, layihədə iştirak edən gənclər avtoyürüş boyu olduqları şəhərlərdə Böyük Vətən müharibəsi veteranları ilə görüşmüşlər. Veteranlardan alınmış videomüsahibələr layihə ilə əlaqədar yaradılmış www.41-45.su saytına yüklənilmişdir.

Layihənin iştirakçıları yerli gənclərə Qubada yaşayan Böyük Vətən müharibəsi veteranları ilə söhbətlər aparmağı, onların xatirələrini videomaterial şəkilində arxivləşdirməyi tövsiyə etmişlər. Bu işi həyata keçirmək üçün Qubadan olan 5 gəncə videokamera hədiyyə edilmişdir.

Marşruta əsasən, “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları iyunun 7-də Qubadan Qəbələ rayonuna yola düşəcəklər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında