Meliorasiya işçiləri peşə bayramlarını qeyd etmişlər

 

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçiləri 5 iyun- Meliorator Günü peşə bayramını qeyd etmişlər.

İyunun 5-də ASC-nin əməkdaşları Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, müstəqil dövlətimizin banisi və qurucusunun əziz xatirəsini ehtiramla yad etmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə çiçək dəstələri qoyulmuşdur.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilmişdir.

Yığıncaqda çıxış edən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə demişdir ki, qədim suvarma əkinçiliyi ölkəsi olan Azərbaycanda meliorasiya və irriqasiyanın inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə  nail olunmuşdur. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır.

1993- cü ildə ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə su axınını bölüşdürən və tənzimləyən suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə, nasos stansiyalarına, su anbarlarından ibarət güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi- tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir.

Bildirilmişdir ki, 2012-ci ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, suvarılan torpaqların 1 milyon 357 min hektarında kənd təsərrüfatı bitkiləri lazımi miqdarda su ilə təmin olunmuş, sahələr orta hesabla 3,3 dəfə suvarılmışdır.

Diqqətə çatdırılmışdır ki, cari ildə 1 milyon 358 min hektar suvarılan sahələrdə kənd təsərrüfatı əkinlərinin suvarılması nəzərdə tutulmuşdur. Hazırda dənli bitkilərin suvarılması başa çatmaq üzrədir, digər əkinlərin kütləvi surətdə suvarılmasına başlanılmışdır. Vaxtında aparılmış təmir və bərpa işləri əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrini tələb olunan həcmdə suvarma suyu ilə təmin etməklə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına şərait yaradacaqdır.

Qeyd edilmişdir ki, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması və bərpası işlərinin həcmi ildən-ilə genişlənir. Əsaslı tikinti üzrə 2012-ci ildə yerinə yetirilmiş işlərin həcmi 2011-ci il ilə müqayisədə 1,4 dəfədən çox olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan maliyyələşdirilən və  respublikanın şimal bölgəsi rayonlarının, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının içməli, texniki və suvarma suyu ilə təminatında mühüm əhəmiyyət kəsb edən Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi tərkibində 31,5 kilometr Vəlvələçay- Taxtakörpü kanalının tikintisi başa çatdırılmış, cari ildə isə  Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan kanalının tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, Şəmkir, Göygöl, Samux, Goranboy rayonlarında 50 min 122 hektar əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasını və 20 min 134 hektar yeni suvarılan sahələrin  istifadəyə verilməsini təmin etmək məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına su elektrik stansiyası ilə birlikdə  Şəmkirçay  su anbarının və ondan su götürən magistral kanalların tikintisi davam etdirilir.

Hacıqabul rayonunda Pirsaat, Şamaxı rayonunda Zoqalavaçay su anbarlarında əsaslı təmir işləri başa çatdırılmış, Astara rayonunda Ləvain su anbarında əsaslı təmir, Tovuz rayonunda Tovuzçay su anbarının tikintisi üzrə işlər davam etdirilmişdir.

İşğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə  26,4 kilometr suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri  tikilmişdir.

Qeyd olunmuşdur ki, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında, Yevlax, Tərtər, İsmayıllı, Biləsuvar, Ağstafa və Şəmkir  rayonlarında əkin sahələrində 73,3 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası  işləri yerinə yetirilmişdir.

“2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 kilometrlik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər rayonunun Zirə qəsəbəsi, Sabunçu rayonunun Bilgəh, Suraxanı rayonunun Hövsan və Abşeron rayonunun Goradil kəndlərinin 2 min 917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması və 2 min 146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların, 25, kilometr təzyiqli və 62,6 kilometr suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir. Eyni zamanda Suraxanı rayonunun Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədli, Mehdiabad və Digah qəsəbələri üzrə layihə sənədləri hazırlanmışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırığın icrası nəticəsində Yuxarı Mil kanalının 10,7 kilometrlik hissəsinin tikintisi tamamlanmışdır. Kanal Beyləqan və Ağcabədi rayonları ərazilərində 4 min 800 hektar sahədə yaradılmış özəl  taxılçılıq təsərrüfatlarını suvarma suyu ilə təmin edir. Cari ildə Füzuli, Agcabədi və Hacıqabul rayonları ərazilərində  4 min 625 hektar sahədə özəl taxılçılıq təsərrüfatlarının  yaradılması üzrə işlər davam etdirilir.

Dünya Bankının krediti ilə respublikanın 15 rayonunda (Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Qusar, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı) yaradılmış sudan istifadəedənlər birliklərinin  xidmət ərazilərində suvarma və kollektor-drenaj şəbəkələrinin, 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad) isə içməli  su təchizatı və kanalizasiya sistemlərinin  bərpası və tikintisi işləri davam etdirilir.

Ümumilikdə, 2003-2012-ci illərdə respublikanın rayonlarında 1481 kilometr suvarma kanallarının, 1036 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması  və  bərpası aparılmış,  722 ədəd subartezian quyuları qazılmış, 126 min hektar torpaq sahəsinin su təminatı və 153 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmış, 16 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə verilmişdir.

Yığıncaqda qeyd olunmuşdur ki, ASC-nin çoxminli kollektivi qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Sonda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında