“Azərsu” ASC kadrların hazırlanmasına qayğı və diqqət göstərir

 

Dünən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim və tələbələri ilə görüş keçirilmişdir.  Tədbiri açıq elan edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov  ölkəmizin təhsil sistemində xüsusi yeri olan  Memarlıq və İnşaat Universitetinin  inşaat mühəndisliyi üzrə kadrların hazırlanmasında böyük təcrübəsi olduğunu xatırladaraq təhsil və təcrübə sahəsində qarşılıqlı əməkdaşlığın uğurlu nəticələr verəcəyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, əhalinin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyanın tərkib hissəsidir. Ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması məqsədi ilə 2011-ci ildən başlayaraq Bakı şəhəri və ətraf qəsəbələrdə, eyni zamanda regionlarda kompleks tədbirlər həyata keçirildiyini diqqətə çatdıran Q. Hüseynov demişdir ki, hazırda 38 şəhər və rayon mərkəzində, eləcə də 350-dək kənddə layihələr icra edilir. Bakı şəhərinin 2035-ci ilədək perspektiv inkişafı nəzərə alınmaqla hazırlanmış Master Plana əsasən, paytaxtda və Abşeron yarımadasında içməli su, tullantı və yağış suları üzrə yeni infrastrukturlar yaradılacaq. “Azərsu” ASC-nin sədri qeyd etmişdir ki, tikinti işlərinin beynəlxalq standartlara uyğun və keyfiyyətlə aparılması, burada quraşdırılan avadanlıqların normal istismar edilməsi üçün yüksək ixtisaslı və peşəkar kadrlara ehtiyac böyükdür.  Qeyd olunmuşdur ki,  yüksək ixtisaslı kadrların hazırlanmasında Memarlıq və İnşaat Universitetin imkanlarından maksimum istifadə etmək niyyətində olan “Azərsu” ASC təhsildə fərqləndiklərinə görə universitetin 42 tələbəsinə təqaüd proqramı çərçivəsində 100, 85 və 70 manat məbləğində təqaüd verəcək. 

AzMİU-nun prorektoru Arif Şərifov “Azərsu” ASC-nin çoxşaxəli fəaliyyətinə toxunaraq bu sahədə təcrübəli mühəndislərə böyük ehtiyac olduğunu qeyd etmiş və bildirmişdir ki, universitetin mühəndis kadrların hazırlanmasında böyük təcrübəsi var. Rektor nəzəri bilikləri təkmilləşdirmək üçün təcrübə keçmək, istehsalat sahələrində olmaq vacibliyini diqqətə çatdıraraq istehsalatla sıx əlaqənin yaradılması və təcrübə mübadiləsinin aparılması baxımından “Azərsu” ASC ilə əməkdaşlığın universitet üçün faydalı olacağını bildirmişdir.

Axırda “Azərsu” ASC-nin rəhbərliyi tələbələri maraqlandıran sualları cavablandırmış, qaldırılan məsələlərə diqqətlə yanaşılacağını bildirmiş, gənclərə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulamışdır.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında