“Sərhəd” hərbi-idman oyununun final mərhələsinin rəsmi açılış mərasimi olmuşdur

 

 İyunun 4-də Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində DSX-nin, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələrinin iştirakı ilə “Sərhəd” hərbi-idman oyununun final mərhələsinin rəsmi açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor İsmayıl Əkbərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov çıxış edərək “Sərhəd” hərbi-idman oyununun məqsədi, əhəmiyyəti və xüsusiyyətləri barədə danışmış, final turunun iştirakçılarını təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Bildirilmişdir ki, “Sərhəd” hərbi-idman oyununun iştirakçıları hər il olduğu kimi, bu il də böyük səy və bacarıq nümayiş etdirəcək, yüksək nəticələrə nail olacaqlar. 

Qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidməti sərhədlərimizin mühafizəsini təşkil etməklə, böyük tikinti-quruculuq işləri aparmaqla yanaşı, gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədə və sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Həmin tədbirlər sırasında “Sərhəd” hərbi-idman oyunları xüsusi yer tutur.

Hər il olduğu kimi, bu il də Dövlət Sərhəd Xidmətinin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü ərəfəsində üç mərhələdən ibarət olan “Sərhəd” hərbi-idman oyunları təşkil olunmuşdur.

Final oyunlarının birinci mərhələsində respublikamızın 28 sərhədyanı rayonundan 125 məktəbin 625 şagirdi iştirak etmiş, ikinci mərhələyə 26 məktəbin 130 şagirdi qatılmışdır. Səkkiz zonada keçirilən yarışların qalibləri final mərhələsinə vəsiqə qazanmışlar.

Final turuna Ordubad rayon internat tam orta məktəbinin “Gəmiqaya” komandası, Füzuli rayon Mahir Səfərov adına Horadiz şəhər 1 nömrəli tam orta məktəbin “Ərgünəş” komandası, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin “Ləkin” komandası, Lənkəran rayonunun Haftoni qəsəbəsi tam orta məktəbinin “Sərhədçi” komandası, Qusar rayonunun Yuxarı Qalanxur kənd orta məktəbinin “Samur” komandası, Oğuz rayonunun Bucaq kənd orta məktəbinin “Sərhədçi” komandası, Qax rayonunun Almalı kənd orta məktəbinin “Kürmük” komandası, Ağstafa rayonunun Böyük-Kəsik kənd tam orta məktəbinin “Sərhədçi” komandası vəsiqə qazanmışlar.

Final turunda komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdirəcəklər.

 Doqquz gün ərzində yarış iştirakçıları sərhədçilərin xidməti fəaliyyəti, yaşayışı ilə yaxından tanış olacaq, asudə vaxtlarında  ekskursiyalara aparılacaq, müxtəlif mədəni-kütləvi və idman tədbirlərində iştirak edəcəklər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında