Şriftin ölçüsü:
05.06.2013 11:48 | Oxunma sayı: 928
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyətinin göstərilməsi ilə külli miqdarda ziyan vurulması, eləcə də kompyuter sisteminə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla qanunsuz daxil olma faktları üzrə hüquqazidd əməllərin qarşısı alınmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşı Rüstəmov Füzuli Kamal oğlu və qeyriləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və tələb olunan lisenziyanı almadan “Azerfon” MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə girmişlər. Bundan sonra, həmin şəxslər əldə etdikləri “GSM” kanalpaylayıcıları və digər texniki avadanlığı Bakı şəhərinin Binəqədi rayonunda kirayə götürdükləri mənzildə quraşdırmışlar. Dəstə üzvləri “Azerfon” MMC-yə məxsus “GSM” mobil telefon nömrələri həmin xüsusi texniki avadanlığa daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etmişlər. Göstərilən ünvana baxış keçirilərkən həmin avadanlıq işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunmuşdur.
Kompleks əməliyyat tədbirləri çərçivəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən eyni üsulla törədilmiş daha bir cinayətin qarşısı alınmışdır. Belə ki, istintaq sirri olduğundan adları hələlik göstərilməyən bir qrup şəxs tərəfindən Bakı şəhərinin Yasamal rayonunda müxtəlif ünvanlarda kirayə götürülmüş mənzillərdə “GSM” kanalpaylayıcılarının qanunsuz quraşdırılmasının və İnternetə qoşularaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasının qarşısı alınmışdır. Həmin mənzillərə keçirilmiş baxış zamanı avadanlığın işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu, həmçinin xüsusi qaydada hazırlanmış mikrosxemli platalı 6 ədəd kompyuter prosessoru, 6 ədəd modem və “Azerfon” MMC-yə məxsus 109 ədəd mobil telefon nömrəsinə dair məlumatlar aşkar edilərək sənədləşdirilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Pirməhəmmədi Rəfail Məhəmməd oğlu saxlanılmışdır. Müəyyən edilmişdir ki, Rəfail Pirməhəmmədi kompyuter sisteminə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla yaşadığı mənzildə quraşdırılmış telefon nömrəsi vasitəsilə internet şəbəkəsinə qoşulub “Atabank” ASC-nin “www.atacard.az” saytına, yəni həmin cəmiyyətin kompyuter sisteminə qanunsuz şəkildə qəsdən daxil olmuş və həmin saytın indeksini dəyişmişdir.
Rəfail Pirməhəmmədi qanunazidd əməllərini davam etdirərək yenidən internet şəbəkəsinə qoşulub “İqtisadiyyat” qəzetinin rəsmi internet səhifəsi “www.iqtisadiyyat.com”a, yəni qəzetin kompyuter sisteminə qanunsuz olaraq qəsdən daxil olmuş və həmin saytın da indeksini dəyişmişdir.
Rəfail Pirməhəmmədinin Sumqayıt şəhərindəki yaşadığı mənzilə keçirilmiş baxış nəticəsində “Sony” markalı bir kompyuter sistem bloku, 1 ədəd 8 GB mikro SD kart, 2 ədəd 1GB mikro SD kard, üzərində “Xakerskiy sbornik luçşix proqramm” yazılmış bir CD disk aşkar edilərək götürülmüşdür. Həmin kompyuter sistem blokunun və SD disklərin yaddaşlarına keçirilmiş baxış nəticəsində Rəfail Pirməhəmmədinin göstərilən saytlara qanunsuz daxil olmasını təsdiq edən aşkar izlər müəyyən edilmişdir.
Faktlarla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.