Culfanın Əbrəqunus kəndində yeni məscid

 

 

Mayın 31-də Culfa rayonunun Əbrəqunus kəndində yeni məscid binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış mərasimində iştirak etmişlər. Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunmuşdur.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə demişdir ki, bu gün ölkəmizdə mənəvi dəyərlərimizə hörmət, milli və dini irsimizin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Həyata keçirilən bu işlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün dövlət başçısı tərəfindən Azərbaycanda əsl tolerantlıq mühiti yaradılmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinə, dini irsimizə hərtərəfli ehtiram göstərilir, ibadət yerlərinin inşası, təmiri və yenidən qurulması sahəsində mühüm işlər həyata keçirilir. Hazırda ölkəmizdə 1800 məscid vardır ki, bunların 200-ə yaxını son 10 ildə istifadəyə verilmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə muxtar respublikada dini-mənəvi dəyərlərin yaşadılmasına göstərdiyi diqqətə görə Ali Məclisin sədrinə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin sədri Vasif Talıbov yeni məscidin istifadəyə verilməsini muxtar respublikamızın ictimai və mənəvi həyatında mühüm hadisə kimi dəyərləndirmiş, ümummilli liderimiz Heydər Əliyevin “Məscidlər islam aləmində islamı təmsil edən müqəddəs yerlərdir” fikrini xatırladaraq demişdir: “Naxçıvan müqəddəs torpaqdır. Burada çoxsaylı dini-tarixi abidələr, ziyarətgahlar vardır. Son illər muxtar respublikamızdakı dini abidələrin bərpasına, yenidən qurulmasına hərtərəfli diqqət yetirilir. Bu işdə muxtar respublika sakinləri də yaxından iştirak edirlər. Artıq muxtar respublikada 207 məscid vardır. Bu məscidlərin 170-ə yaxını son 17 ildə tikilərək və ya bərpa olunaraq dindarların istifadəsinə verilmişdir”.

Ali Məclisin sədri demişdir: “Bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizə hərtərəfli qayğı göstərilir, dini dəyərlərimizin qorunub yaşadılması diqqət mərkəzində saxlanılır”.

Ali Məclisin sədri yeni məscidin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini və dindarları təbrik etmişdir.

Məlumat verilmişdir ki, sahəsi 306 kvadratmetr olan 1 minarəli məscid  salon,  axund otağı və   kitabxanadan ibarətdir. Milli memarlıq üslubunda qurulan salonda eyni vaxtda 300-ə yaxın insan ibadət edə bilər. Binada müasir işıqlandırma sistemi quraşdırılmış, qadınlar üçün ayrıca ibadət yeri ayrılmış, mehrab qurulmuşdur. İki girişi olan məscid binasının günbəzi naxış və ornamentlərlə bəzədilmişdir.

Kənd ağsaqqalları və dindarlar muxtar respublikamızda dini-mənəvi dəyərlərin qorunub-yaşadılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, yeni məscid binasının istifadəyə verilməsinin kənd sakinləri tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd etmişlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında