“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi “Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması” layihəsinin icrasına start verildi.
Dünən Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində layihənin təməlqoyma mərasimi keçirildi. Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısı İlham Əliyevin əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını daim diqqətdə saxladığını xatırladaraq bildirdi ki, hazırda ölkənin 38 şəhər və rayon mərkəzində, həmçinin 350-dən artıq kəndində layihələr icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrdə də içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirildiyini diqqətə çatdıran Q. Hüseynov qeyd etdi ki, bu gün daha bir qəsəbədə - Kürdəxanıda yeni layihənin icrasına başlanılır. Qeyd olundu ki, Koreya tərəfi ilə birgə reallaşdırılacaq layihə Kürdəxanıda mövcud problemin həllinə kömək edəcək və gələn ilin sonunda qəsəbə sakinləri mərkəzləşmiş qaydada içməli su ilə təmin olunacaqlar. Növbəti mərhələdə isə su təchizatı və kanalizasiya sahəsində işlərin tam başa çatdırılması üçün layihələr həyata keçiriləcək. Natiq onu da bildirdi ki, hazırda inşası davam etdirilən Ceyranbatan-Pirallahı magistral su xətti istismara verildikdən sonra Abşeron yarımadasının şərq hissəsində yerləşən qəsəbələr mərkəzləşmiş qaydada içməli su ilə təmin olunacaq, təqribən 1 milyon nəfərin su təchizatı yaxşılaşacaqdır.
KOİCA-nın Azərbaycan üzrə nümayəndəsi Kim Eun Suk layihə haqqında məlumat verərək bildirdi ki, 2011-ci ilin oktyabrında Azərbaycan hökuməti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında layihənin maliyyələşdirilməsi üçün qrant sazişi imzalanmışdır: Qeyd olundu ki, bu işlərin görülməsi üçün Koreya hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayırmışdır. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26min 250 nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in çıxış edərək Azərbaycan və Koreya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin dinamik inkişaf etdiyini yüksək qiymətləndirdi. Səfir təmsil etdiyi ölkənin Azərbaycanda həyata keçirilən layihələrin icrasında yaxından iştirak edəcəyinə və dəstəyini əsirgəməyəcəyinə əminliyini diqqətə çatdırdı. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd etdi, Bakı şəhərinin ətraf kənd və qəsəbələrinə göstərilən diqqət və qayğıya görə yerli sakinlər adından ölkə Prezidentinə minnətdarlığını bildirdi.
Daha sonra layihə üzrə işlərin başlandığını bildirən ilk boru xəndəyə endirildi. Xatırladaq ki, layihəyə əsasən, qəsəbədə polietilen borularla 89,4 kilometr uzunluğunda içməli su xətti çəkiləcək, 2329 ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq, 417 yanğın hidrantı quraşdırılacaqdır. İlkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa magistral xəttindən veriləcəkdir. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4000 kubmetr olan iki ədəd su anbarı tikiləcək. Həmin anbarlar hazırda inşa edilən Ceyranbatan-Balaxanı kəmərindən qidalanacaqdır. Layihə çərçivəsində, həmçinin 3,8 kilometr uzunluğunda kanalizasiya kollektoru və 1,4 kilometr uzunluğunda mikrotunelin inşası da nəzərdə tutulur. Tikinti işlərinin isə 2014-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bundan əlavə, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaqdır. Toplanacaq tullantı suları gələcəkdə Pirşağıda tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Məhsuldarlığı sutkada 40 min kubmetr olacaq qurğu da Koreya tərəfinin ayıracağı kredit hesabına inşa ediləcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.