İrina BOKOVA: Azərbaycan UNESCO ilə bir çox sahələrdə uğurla əməkdaşlıq edir

 

Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən UNESCO-nun baş direktoru İrina Bokova Heydər Əliyev Beynəlxalq Aeroportunda  səfərinin yekunları ilə bağlı AzərTAc-a məxsusi müsahibə vermişdir.

Xanım İrina Bokova demişdir:

– Üç il əvvəl gördüyüm Azərbaycanla hazırkı Azərbaycan arasında böyük fərq vardır. Ötən müddət ərzində Azərbaycan çox sürətlə inkişaf etmişdir. Bakıda hər yerdə tikinti-quruculuq işlərinin aparılmasının şahidi oldum. Mənim üçün maraqlı məqamlardan biri də Xalça Muzeyinin yeni binasının inşaat işlərinin artıq tamamlanmaq üzrə olmasıdır. Mən üç il əvvəl Bakıda olarkən bu gözəl binanın tikintisi yeni başlanmışdı. Mən, həmçinin Bakıda çoxlu sayda qədim tarixi memarlıq abidələrinin və binaların qorunmasının şahidi oldum.

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyim mənim üçün çox əhəmiyyətli oldu. Bildiyiniz kimi, forumda müasir dövrdə mədəni müxtəlifliyi necə qorumaq, digər tərəfdən isə sülh və sabitlik üçün daha çox mədəni müxtəlifliklər yaratmaq məsələləri müzakirə olunur. Bu forum UNESCO üçün olduqca vacib əhəmiyyətə malikdir. Əlbəttə, sivilizasiyalararası, dinlərarası dialoq, mədəniyyətin yaxınlaşması kimi məsələlərin müzakirəsi də çox vacibdir və günümüz üçün aktualdır.

Düşünürəm ki, Azərbaycan belə böyük və mühüm tədbirlərin təşkili üçün coğrafi baxımdan da əlverişli məkandır. Çünki tarixi İpək yolu üzərində yerləşən Azərbaycan Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayır. 

Azərbaycan UNESCO ilə bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Azərbaycan UNESCO-nun ən fəal üzvüdür. Biz Azərbaycanda Qeyri-Maddi Mədəni İrsin Mühafizəsinə dair Hökumətlərarası Komitənin 10-cu sessiyasını keçirməyi planlaşdırırıq.

Hazırda UNESCO çərçivəsində Almaniyanın paytaxtı Berlində dünya bədən tərbiyəsi və idmana məsul nazirlərin və rəsmilərin 5-ci konfransı (MİNEPS V) keçirilir. Bu konfransa hazırlıq məqsədi ilə mart ayında Azərbaycanda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə və daimi məşvərətçi Şurasının iclası keçirilmişdir.

UNESCO keçən il Azərbaycanda Beynəlxalq Bioetika Komitəsinin iclasını keçirmişdir. Beləliklə, Azərbaycanda çoxlu tədbirlər, mühüm görüşlər təşkil olunmuşdur. Bakıda keçirilən İkinci Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini isə xüsusi vurğulamaq istəyirəm.

Azərbaycan UNESCO ilə yanaşı, digər beynəlxalq təşkilatların, eləcə də Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, BMT-nin, hazırda isə bu qurumun Təhlükəsizlik Şurasının üzvüdür. Bütün bu amillər belə forumların keçirilməsi və aktual müzakirələrin aparılması üçün yaxşı əsas yaradır.

* * *

Xanım İrina Bokovanı Heydər Əliyev Beynəlxalq Aeroportunda UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və digər rəsmi şəxslər yola salmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında