Böyük publisist, görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşov — 150

 

 

Azərbaycan Mətbuat  Şurasının (AMŞ)  və “Kaspi” qəzeti redaksiyasının birgə   təşkilatçılığı ilə  Beynəlxalq Mətbuat Mərkəzində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  banilərindən  biri,  AXC parlamentinin sədri, görkəmli  publisist  və  ictimai  xadim  Əlimərdan bəy Topçubaşovun  anadan  olmasının 150 illiyi  münasibətilə  yubiley  konfransı  keçirildi.

Məclisi  giriş sözü  ilə  açan  AMŞ  sədri  Əflatun  Amaşov  Azərbaycan  milli  istiqlal  məfkurəsinin formalaşmasında, mətbuat vasitəsilə  sivil  dəyərlərin yayılmasında  və dövlətçiliyin  bərpasında  Əlimərdan bəy Topçubaşovun  xidmətlərini  vurğuladı,   ciddi   publisist  və ictimai  xadim  kimi yubilyarın  mədəni  tariximizdə  tutduğu  məxsusi yeri  səciyyələndirdi.

“Kaspi”  qəzetinin  təsisçisi, filologiya  üzrə   fəlsəfə doktoru  Sona  Vəliyeva  XIX əsrin sonu — XX əsrin  əvvəllərində  xalqımızın  istiqlal  məfkurəsinin  daşıyıcısı  olan  nəslin  önündə  gedən böyük  amal  sahibi  Əlimərdan bəy Topçubaşovun  həyat və yaradıcılığı  barədə   geniş söhbət  açdı. O bildirdi ki, o zamankı  Azərbaycan gerçəkliyinin aynasına  çevrilmiş “Kaspi”  qəzetinin  naşiri  və redaktoru olmaqla yanaşı, Əlimərdan  bəy həm də Bakı Dumasının  deputatı  və sədri kimi milli  haqlarımızın qorunmasında  fədakarlıq  göstərmişdir.  Sonrakı  illərdə  Rusiya  Dövlət  Dumasının  deputatı,  burada  türk-müsəlman  fraksiyasının  rəhbəri kimi Topçubaşov bu xalqların  da  milli-mədəni  hüquqları,  onların  toparlanması  uğrunda  mübarizə aparmışdır.

AXC  parlamentinin sədri olaraq Əlimərdan bəy yeni  yaranmış dövlətin  beynəlxalq  birlik  tərəfindən tanınmasına  inadla  çalışmış,  AXC-nin  süqutundan sonra mühacirətdə milli dövlətçilik  irsinin  qorunması,  istiqlal  savaşının davam etdirilməsi  işinə  sonadək  sadiq  qalmışdır.  Bu gün  Əlimərdan bəy Topçubaşovun adı,  zəngin  irsi  dövlətçilik  tariximizin  parlaq  səhifələrindən  biri,  xalqa  xidmətin  gözəl  örnəyidir.

Azərbaycan  Respublikası  Milli  Arxiv  İdarəsinin  rəisi, tarix  elmləri  doktoru Ataxan  Paşayev sovet dövründə xalq  düşməni  elan olunmuş,  adı və  irsi  yasaqlanmış Əlimərdan  bəy  Topçubaşovun yeni  nəsillərə  qədərincə tanıdılması,  nadir  şəxsiyyətinin  və zəngin  fəaliyyətinin öyrənilməsi  ilə bağlı  tarixi  sənədlərdən  söz açdı, yubilyarın  həyatının  az  öyrənilmiş tərəflərinə  nəzər saldı.

Bakı Dövlət  Universiteti  jurnalistika fakültəsinin  dekanı,  professor  Şamil  Vəliyev  Əlimərdan bəy  Topçubaşovun  qəzetçilik-naşirlik fəaliyyətindən  danışdı,  onun  parlaq  siyasi  publisistikasının  mətbuat  tariximizi zənginləşdirdiyini  bildirdi.

 

Konfransda  çıxış  edənlər Əlimərdan bəyin  nəsillərə  örnək  ömür yolunun  ayrı-ayrı  mərhələ və  yönlərindən  danışdılar,  yubilyarın  irsinin  öyrənilməsi, təbliği  ilə bağlı  təklif və mülahizələrini  söylədilər.

Konfransda dövlətimizin  və ölkə  rəhbərliyinin milli  istiqlal  tarixinə  həssas,  qayğıkeş  münasibəti  də  razılıqla  qeyd olundu.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında