Ömrünün 65-ci baharını qarşılayan bu insanın öz həyat fəlsəfəsi var: “Bilirsinizmi, dağlar kimi, insan ömrünün də öz zirvələri var, – deyir. – İnsan yaşayır və bu zirvələrə çatanda bir qədər nəfəsini dərib geriyə boylanır, həyatda necə yaşadığını, hansı izləri qoyduğunu götür-qoy etməyə çalışır və qarşıdakı zirvələrə hansı məram-məqsədlə getmək, yarımçıq qalmış işlərini tamamlayıb başa çatdırmaq barədə düşünür. Ona görə də gərək dünyada ancaq yaxşı iz qoyasan. Bundan ötrü isə boya-başa çatdığın ailədə, oxuduğun məktəbdə, yaşadığın mühitdə müəyyən insanlıq dərsi almalısan. Belə olsa, həyatda qətiyyətlə addımlayar, necə yaşadığını, nədən ötrü yaşadığını yaxşı dərk edərsən. Ömrün zirvələrinə gedən yolda qazandığım hər bir uğura görə uşaqlıqdan aldığım insanlıq dərsinə borcluyam”.
Mayil Bağırovun həyata göz açdığı, boya-başa çatdığı ailə Qusarda yaxşı tanınır. Bu ailədə on uşaq dünyaya göz açıb. Övladlarının — altı oğlunun və dörd qızının zəhmətkeş, ləyaqətli, halal insanlar kimi böyüməsində böyük əməyi olan Tağı Bağırov xalq arasında adı hörmətlə çəkilən el ağsaqqalı idi. Rayonun qabaqcıl təsərrüfat başçılarından sayılırdı. Nəcib və xeyirxah əməlləri ilə təkcə Qusarda deyil, qonşu Quba və Xaçmaz rayonlarında da rəğbət qazanmışdı. İşdə, eləcə də ailədə nə qədər tələbkar və prinsipial idisə, bir o qədər də həlim və qayğıkeş idi. Həmişə deyərdi: “Hər bir valideyn öz övladları üçün nümunə olmalıdır. Övladlar ata qayğısını, ana nəvazişini hiss etməlidir. Onların zəhmətkeş, tərbiyəli böyüməsinə, təhsil almasına nail olmaq valideynlərin borcudur. Ailədə, məktəbdə insanlıq dərsi almayan şəxs Vətənə, cəmiyyətə fayda verə bilməz”.
Mayil müəllim atasının sözlərini minnətdarlıqla xatırlayaraq deyir ki, həyatda nəyə nail olmuşamsa, mənə insanlıq dərsi vermiş valideynlərimə – rəhmətlik atama, on uşağın qayğısını çəkmiş, “Qəhrəman ana” adına layiq görülmüş anama borcluyam. Atam qəlbimdə torpağa məhəbbət hissi oyatdı. Torpağı sevdim, ona bağlandım. Lakin atamı erkən itirdik. Böyük bir ailənin ağır yükü anamın zərif çiyinlərinə düşdü. Qırx ilə yaxın o, bizə həm ana, həm də ata oldu. Hamımızı böyüdüb ərsəyə çatdırdı, oxutdu, ev-eşik, ailə sahibi etdi...”
Torpağa bağlılıq orta məktəbi bitirən gənci Gəncəyə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib çıxardı. Müvəffəqiyyətlə imtahan verib tələbə oldu. 1969-cu ildə alim-aqronom diplomu ilə institutu bitirdikdən sonra Qusar və Xaçmaz rayonlarında aqronom və baş aqronom işlədi. 1981-ci ildə bacarığı və təşkilatçılığı ilə diqqəti cəlb edən 32 yaşlı gənc Qusarın ən iri toxumçuluq təsərrüfatı sayılan Partiyanın XXIII qurultayı adına sovxoza direktor təyin olundu.
Təsərrüfat başçısı işləməyə başladığı ilk günləri Mayil müəllim belə xatırlayır: “Yeni vəzifənin məsuliyyətini yaxşı hiss edirdim. Etimadı doğrultmaq üçün geridə qalan bir sovxozu qabaqcıl təsərrüfatlar sırasına çıxarmalı idim. Ən başlıcası isə bunu öz doğma Urva kəndim, camaatımız üçün etməli idim. Atamın sözləri karıma gəldi: “Bacarmadığın işə girişmə, girişdiyin işi ləyaqətlə başa çatdır”. Vaxtilə ondan öyrəndiklərimdən və rayonun qabaqcıl təsərrüfat başçılarının təcrübəsindən faydalanıb direktor işləməyə başladım. Etiraf edim ki, ilk gündən kəndin ağsaqqalları və gəncləri mənə dayaq oldular. Hər işdə onlara arxalandım, məsləhətlərindən faydalandım. Əl-ələ verib təsərrüfatı dirçəltməyə başladıq".
Tezliklə zəhmət adamlarına güvənən gənc direktorun qazandığı uğurlar hamını heyran etdi. 1983-cü ildə sovxoz dövlətə 220 ton əvəzinə 413 ton meyvə, 920 ton əvəzinə 2200 tondan çox kartof təhvil verdi. Bundan əlavə, nəzərdə tutulduğundan çox taxıl, ət və süd istehsal olundu. Sovxoz hər hektardan əldə edilən kartof məhsuluna görə respublikada ən yaxşı göstəriciyə nail oldu. Qazanılan uğurlara görə sovxozda ilk dəfə məhsul bayramı keçirildi. 1983-cü ildə nailiyyətlər birə-iki artdı və respublika mətbuatında təsərrüfatın təcrübəsi geniş təbliğ olunmağa başlandı. Əldə etdiyi yüksək göstəricilərə görə, sovxoz Azərbaycan KP MK-nın və respublika Nazirlər Sovetinin keçici qırmızı bayrağına və diplomuna layiq görüldü.
Gənc direktor sovxoza rəhbərlik etdiyi yeddi ildə nəinki doğma kəndini, həm də Qusar rayonunu respublikada şöhrətləndirdi. Təsərrüfat ümumittifaq “Cinstərəvəz” toxumçuluq sisteminə daxil olduğundan onun təcrübəsi ilə artıq Sovet İttifaqı səviyyəsində maraqlanmağa başladılar. Rayonda ilk dəfə olaraq ucqar Urva kəndinə müasir tələblərə cavab verən yol və qaz kəməri çəkdirən, yeni içməli su kəmərini işə salan, idarə binası, uşaq bağçası, hamam tikdirən, Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə əzəmətli abidə kompleksi ucaldan, əməkçilərin mənzil şəraitinin yaxşılaşdırılmasından örtü Urva Palasa kəndində 10 yaşayış evi tikdirən direktor Mayil Bağırov respublikanın bacarıqlı təsərrüfat rəhbəri kimi tanındı və 1987-ci ildə onu Qusar Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkdilər.
Yeni vəzifədə də o, həmin dövrün çətinliklərinə baxmayaraq, xeyli uğur qazandı. Onun fəaliyyəti dövründə Qusarda yeni konserv zavodu işə salındı, şəhərin kanalizasiya sistemi yenidən quruldu, avtovağzal binası, 1100 şagird yeri olan məktəb inşa edildi. Bundan əlavə, 17 kənddə dəyirman, ayrı-ayrı kəndlərdə maldarlar üçün 30 yaşayış binası və digər sosial obyektlər tikilib istifadəyə verildi. Rayonda qazlaşdırmanın həyata keçirilməsi və kənd yollarının asfaltlaşdırılması məhz Mayil Bağırovun rayon soveti icraiyyə komitəsinin sədri işlədiyi dövrdə reallaşmışdır.
Təşəbbüskarlığı, əzmkarlığı və təşkilatçılıq bacarığı ilə seçilən Mayil Bağırov sonrakı illərdə Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, humanitar məsələlər üzrə müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin millətlərarası münasibətlər şöbəsində I dərəcəli mütəxəssis, fövqəladə hallar şöbəsində referent, Qusar meşə təsərrüfatının direktoru vəzifələrində çalışmışdır.
Mayil müəllim bütün bu uğurlarını ulu öndər Heydər Əliyevin sayəsində qazandığını xüsusilə vurğulayır: “O illər Heydər Əliyev kimi müdrik və uzaqgörən bir şəxsiyyətin respublikaya başçılıq etdiyi, onun Sovet İttifaqının nüfuzlu rəhbərlərindən biri olduğu vaxtlar idi. Qayğı və tələbkarlıq Heydər Əliyev idarəçilik məktəbinin əsas prinsipi idi. O məktəbin gənc kadrları kimi gecə-gündüz ümumi iş üçün çalışırdıq”.
Hələ Sovet dövründə özünün Heydər Əliyev məktəbinin yetirməsi olduğunu sübut edən, rəhbərlik etdiyi təsərrüfatın “Yüksək mədəniyyət və nümunəvi ictimai asayiş sovxozu” adına layiq görülməsinə nail olan, rayon icraiyyə komitəsinin sədri kimi çətin bir dövrdə geniş tikinti-abadlıq işlərini həyata keçirən Mayil Bağırov ulu öndərin idarəçilik sistemindən bacarıqla faydalanır, onun yolu ilə qətiyyətlə addımlayırdı. O, daim qurub-yaratmağa, öyrənməyə, təkmilləşməyə can atırdı. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması sahəsində ixtisasartırma kursunu keçən M.Bağırov 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olur və 1994-cü ildə politologiya ixtisası üzrə təhsilini uğurla başa çatdırır.
Mayil müəllim deyir ki, rəhbər işçi idarəetmədən yaxşı baş çıxarmaqla yanaşı, həm də yeni-yeni biliklərə yiyələnməyə, hər sahədə yeniliyin tətbiqinə çalışmalıdır. Kənd təsərrüfatı sahəsində aldığı biliklərdən mütəxəssis kimi yetərincə bəhrələnməyə səy göstərən M.Bağırovun hələ Qusarçay zona təcrübə stansiyasında kiçik elmi işçi kimi yazdığı elmi məqalələr alimlərin diqqətini cəlb etmişdi. Bu məqalələri ilə o, mədən gübrələrinin kartof istehsalının artırılmasında əhəmiyyətli rol oynadığını sübuta yetirmişdi. Mütəxəssislər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun dissertantı Mayil Bağırovun 1971-1974-cü illərdə Qusar rayonunun Partiyanın XXIII qurultayı adına toxumçuluq sovxozunda apardığı tədqiqat işinin böyük əhəmiyyətə malik olduğunu bildirmiş, “Qusar rayonunun dəmyə şəraitində mineral gübrələrin forma və dozalarının kartof bitkilərinin böyüməsinə, inkişafına və məhsuldarlığına təsiri” mövzusunda elmi işini yüksək qiymətləndirmişlər. O, ilk dəfə olaraq respublikamızda dağ şəraitində kartofun əkilməsi, becərilməsi və yığılmasının mexanikləşdirilməsi və bu sahədə texnologiyanın təkmilləşdirilməsi məsələsini qaldırmışdı. M.Bağırovun bir sıra məqalələri Bakıda və Tbilisidə çıxan elmi məcmuələrdə dərc olunmuşdur.
Siyasi sahədə aldığı biliklərdən də bacarıqla istifadə edən Mayil müəllim ölkəmizin ən çətin dövrlərində öz sözünü dedi. Ötən əsrin 90-cı illərini xatırlayan Mayil müəllim deyir ki, çox kəşməkeşli illər idi. Bir vətəndaş kimi baş verən proseslərdən kənarda qala bilməzdim. O vaxtlar hakimiyyəti idarə edənlərin milli siyasətdə buraxdığı kobud səhvlər, onların etnik bölgələrin milli xüsusiyyətləri ilə hesablaşmaması ağır nəticələrə gətirib çıxarmışdı. Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda Heydər Əliyev məktəbinin yetirməsi olan bir ziyalı kimi mən də birliyimizi pozanlara qarşı mübarizə aparırdım. 1992 – 1993-cü illərdə respublika Nazirlər Kabinetinin millətlərarası münasibətlər şöbəsində çalışdığım vaxt milli siyasətdə səriştəliyi təmin edə bilən bir sıra təkliflər və məsləhətlər verdim. Təəssüf ki, o vaxt belə təkliflər qulaqardına vurulurdu. Bu isə ayrı-ayrı bölgələrdə vəziyyətin daha da gərginləşməsinə səbəb olurdu. Əgər o vaxt xalqın arzusu və tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, müstəqilliyimizi itirəcək, ölkəmiz parçalanacaqdı. Ulu öndər Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Milli münasibətlər tədricən qaydaya salındı. Müstəqil Azərbaycanın bütün vətəndaşlarının bərabər hüquqlarına təminat verən Konstitusiyası qəbul olundu. Xalq öz xilaskarının rəhbərliyi altında yeni cəmiyyət, hüquqi dövlət qurmağa başladı.
Etiraf edim ki, o dövrdə baş verən hadisələr məni qələmə sarılmağa məcbur etdi. Bir vətəndaş və politoloq kimi hadisələrə münasibətimi bildirməyə başladım. Məqalələrim həm yerli, həm də respublika mətbuatında dərc olunurdu.
Mayil müəllimin “Xalq qəzeti”ndə, “Azərbaycan”, “Bakinski raboçi”, “Həyat”, “Qusar” qəzetlərində, həmçinin digər mətbuat orqanlarında bir sıra yaddaqalan məqalələri dərc olunub. Həmin məqalələri öz məzmununa görə iki yerə bölmək olar: milli münasibətlərə, milli birliyə həsr edilmiş yazılar və respublikamızın, onun şimal bölgəsində yerləşən Qusarın müstəqillik illərində qazandığı uğurları əks etdirən məqalələr.
“Xalq qəzeti”nin 18 iyul 1996-cı il tarixli sayında dərc olunmuş “Milli birliyin və sabitliyin təminatçısı” sərlövhəli məqaləsi ölkəmizdə qarışıqlıq yaratmaq, demokratiya sahəsində inkişafımıza mane olmaq istəyən qüvvələrə tutarlı cavab idi. Səmimi etirafı və kəsərli sözü ilə oxucu qəlbinə yol tapan müəllif yazır: “Özümü milli münasibət məsələləri üzrə bilici və peşəkar hesab etməsəm də, diletant da saymıram. Uzun müddət rayonda rəhbər vəzifədə, bir müddət də Nazirlər Kabinetində milli münasibətlər şöbəsində çalışmışam. Yeni nəsildən olan bütün mütəxəssislər kimi, siyasətçilərə də hörmətim var. Axı ölkənin gələcək taleyi onların atacaqları addımlardan da asılı olacaq. Ancaq müxalifət ona deyərəm ki, hakimiyyətdə olduğu vaxtlarda buraxdığı səhvləri təhlil edib, nəticələr çıxarsın, özündə onları açıq etiraf etmək qətiyyəti tapsın, dövlətin idarəçiliy elmini Heydər Əliyev kimi nəhəng siyasətçidən öyrənməyə çalışsın”.
Mayil müəllim həm də Azərbaycanda yaşayan azsaylı xalqları, milli azlıqları dövlətçiliyimiz əleyhinə qaldırmaq istəyən qüvvələrə kəsərli cavablar verirdi. 1997-ci ilin mart ayında MDB ölkələrinin rəhbərlərinə ünvanlanmış müraciəti respublikamızın ləzgi ictimaiyyəti adından məhz o imzalamışdı. “Odun üstünə yağ tökənlərə aman verməyin!” başlığı ilə respublika qəzetlərində dərc olunmuş həmin müraciət xalq tərəfindən rəğbətlə qarşılanmışdı.
Yalançı demokratları tənqid atəşinə tutan Mayil Bağırovun “Bakinski raboçi” qəzetinin 14 oktyabr 1995-ci il tarixli sayında dərc olunmuş “Yalançı demokratların öz-özünü ifşa etməsi” məqaləsini onun ən yaxşı yazılarından biri saymaq olar. O, həmin məqalədə ölkədə ictimai-siyasi sabitliyi pozmaq, prezident seçkilərinə mane olmaq istəyənlərin iç üzünü ifşa edir. Radikal qüvvələrin demokratiya pərdəsi altında özlərinin bəd niyyətlərini həyata keçirmək istədiklərini açıb göstərir.
Artıq kəşməkeşli illər arxada qalıb. Bu gün Mayil müəllimin məqalələrinin əsas mövzusu Azərbaycanın, onun ayrı-ayrı bölgələrinin, həmçinin yaşadığı Qusar rayonunun uğurlarıdır. Bu uğurları özünəməxsus tərzdə qələmə alan müəllif hər bir yazısı ilə oxucu qəlbinə yol tapır. Bu baxımdan onun son illərdə dərc olunmuş “Tərəqqinin, inkişafın ünvanı: Qusar. “Şimal qapısı” böyük turizm mərkəzinə çevrilir” (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il), “Qusar — böyük arzuların gerçəkləşdiyi məkan (“Xalq qəzeti”, 31 oktyabr 2012-ci il) sərlövhəli məqalələrini və başqa yazılarını mübaliğəsiz rayonda qazanılmış uğurların salnaməsi adlandırmaq olar.
Ömrünün 65-ci ildönümünü qeyd edən, nəcib və xeyirxah ziyalı olan Mayil Bağırov qayğıkeş ailə başçısı, böyük bir nəslin, eləcə də, sözün həqiqi mənasında, elin ağsaqqalıdır.
“Xalq qəzeti”nin kollektivi uzun illərdən bəri redaksiyamızla fəal əməkdaşlıq edən Mayil müəllimə uzun ömür və cansağlığı arzulayır.
Qüdrət PİRİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.