Azərbaycan ilə NATO arasında münasibətlərin ardıcıl inkişafı məsələləri müzakirə edilmişdir

 

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan NATO baş katibinin müavini Qabor İklodi ilə görüşmüşdür.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən bildirmişlər ki, görüşdə nazir Eldar Mahmudov hazırda Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirmişdir. Eldar Mahmudov bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə əməkdaşlığın daha da intensivləşdirilməsi və Avratlantik məkana inteqrasiyanın gücləndirilməsi üzrə qəbul etdiyi qərarların, verdiyi müvafiq göstərişlərin mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Milli təhlükəsizlik naziri terrorçuluqla mübarizədə Azərbaycanın birmənalı mövqeyini bir daha vurğulayaraq, bu sahədə fəaliyyətin Milli Təhlükəsizlik Nazirliyinin vəzifələri sırasında prioritet istiqamətlərdən olduğunu və beynəlxalq təhlükəsizliyin təmin edilməsində Avratlantik məkana daxil olan tərəfdaş ölkələrin müvafiq qurumları ilə əlaqələrin daha da gücləndirilməsinə xüsusi önəm verildiyini söyləmişdir.

Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar ölkəmizin həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat vermiş, bu amilin, eyni zamanda, bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid olduğunu söyləmişdir.

Daha sonra nazir mühüm regional və beynəlxalq əhəmiyyətə malik neft-qaz ixrac kəmərlərinin və digər layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinə toxunaraq bu istiqamətdə sıx əməkdaşlığın, qarşılıqlı əlaqəli fəaliyyətin vacibliyini qeyd etmişdir.

Səfəri çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Qabor İklodi Fərdi Tərəfdaşlıq Əməliyyat Planının icrası üzrə Azərbaycanın müvafiq dövlət qurumlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən NATO tərəfinin razı qaldığını vurğulamışdır. Qonaq bu mənada Şimali Alyansın ölkəmizlə münasibətlərə xüsusi önəm verməsinin çatdırılması missiyasının ona həvalə olunmasından məmnunluğunu ifadə etmişdir.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə Azərbaycan ilə NATO arasında münasibətlərin ardıcıl inkişafı ilə bağlı və maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılmışdır.

  AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında