Muxtar respublikada yeni ət məhsulları kompleksi

 

 

Babək rayonunda yaradılan yeni ət məhsulları kompleksinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov demişdir ki, muxtar respublikanın mövcud iqtisadi potensialından tam və səmərəli istifadə olunması nəticəsində son illər 450-dən artıq müəssisə yaradılmış, əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsinə və idxaldan asılılığın aradan qaldırılmasına nail olunmuşdur. 2013-cü ildə də  41 layihə üzrə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilmiş, iş adamlarına Sahibkarlığa Kömək Fondu tərəfindən 1 milyon 258 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Famil Seyidov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif  Talıbov muxtar respublikamızda ehtiyac duyulan sahələrdən biri olan ət məhsulları kompleksinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir:

– Keçmiş Sovetlər Birliyi dövründə muxtar respublikamızda ət məhsulları kombinatı fəaliyyət göstərmişdir. Ötən əsrin 90-cı illərinin dağıdıcı prosesləri bu sahənin də fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Lakin muxtar respublikada daxili bazarın qorunması və əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər yeni ət məhsulları kompleksinin yaradılmasına imkan vermişdir.

Kompleksdə müxtəlif çeşidlərdə ət və ət məhsullarının istehsal olunması istehlakçılara seçim imkanları yaradacaqdır. Digər bir tərəfdən, istehsal olunan keyfiyyətli ət məhsulları əhalinin və dövlət tərəfindən təminatı həyata keçirilən qapalı müəssisələrin tələbatını tamamilə ödəyəcəkdir. Ona görə də burada gigiyenik qaydalara əməl edilməsi və keyfiyyətli məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır. Çünki keyfiyyətli ət məhsulları ilə təminat insanların sağlamlığının qorunmasına xidmət edir.

Kompleksdə yaradılan şərait ət məhsullarına olan daxili tələbatı tamamilə ödəməklə yanaşı, müəssisənin ixrac imkanlarını da artıracaqdır. Eyni zamanda, burada 30 yeni iş yeri açılmışdır. Bütün bunlar isə əhalinin sosial rifah halının yaxşılaşdırılması və iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin Sədri ət məhsulları kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, müəssisənin yaradılmasına 3 milyon 248 min manat vəsait sərf olunmuşdur ki, bunun da 1 milyon 530 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılmış güzəştli kreditdir. Ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə iri  və xırda heyvanların kəsim sexləri, kolbasa və sosiska istehsalı sahələri, soyuducu kameralar, iş otaqları, hazır məhsulların satış mağazası, yeməkxana və kəsimə hazırlanan heyvanların saxlanılması üçün şərait vardır.

Müəssisədə gün ərzində 100 baş iri  və 250 baş xırda heyvanların kəsimini həyata keçirmək mümkündür. Burada müxtəlif dondurma temperaturuna malik olan 8 soyuducu kamera yaradılmış, məhsulların ticarət mərkəzlərinə çatdırılması məqsədilə 2 ədəd soyuducu yük yeri olan nəqliyyat vasitəsi alınmışdır. İri doğranmış, paketlənmiş, çəkilmiş, eləcə də yarımfabrikat paketlənmiş ət məhsulları istehsal olunur. Kolbasa sexinin gündəlik istehsal gücü isə 2 tondur. İstifadə olunan xammalın mütəmadi olaraq baytar və laborator müayinədən keçirilməsi sexdə keyfiyyətli kolbasa istehsalına imkan verir.

Ət məhsulları kompleksinin həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış və yardımçı binalar tikilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında