Sabirabadda rabitə xidmətinin keyfiyyəti yaxşılaşır

 

 

Son illər Sabirabad rayonunda istehsalat-təsərrüfat həyatının bütün sahələrində, o cümlədən poçt rabitəsi və kommunikasiyalar sahəsində davamlı, nəzərəçarpan uğurlar əldə olunur. Yaxınlarda Muğanın ən böyük rayonunda ezamiyyətdə olarkən rayon sakinlərinin sözügedən xidmət sahələrinin işindən həqiqətən razı qalmalarının şahidi oldum. Buna görə də həmin təşkilatların rəhbərləri ilə görüşüb başçılıq etdikləri kollektivlərin əldə etdiyi uğurlar, eləcə də qarşıda duran vəzifələr haqqında  daha geniş məlumat vermələrini xahiş etdim.

Şiraslan Qasımov, Azərbaycan MMC-nin rayon filialının müdiri:

– “Azərpoçt” MMC-nin Sabirabad rayon filialı ölkəmizin qabaqcıl rabitə təşkilatlarından biri hesab olunur. Kollektivimiz hazırda bir mərkəzi, iki şəhər, otuz beş kənd poçt şöbələri və səkkiz poçt agentliyi vasitəsilə əhaliyə çeşidli poçt xidmətləri göstərir. Məlumat üçün bildirim ki, ilbəil artan bu xidmətlərə əsasən poçt ödəniş nişanlarının satışı, pul baratlarının göndərilməsi, dövri mətbuatın abunəçilərə  çatdırılması, bağlamaların qəbulu və çatdırılması, sürətli poçt xidmətlərinin göstərilməsi, şəhərlərarası telefon danışığı qəbzlərinin çatdırılması, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının yığılması və sair daxildir.

 Bəlli olduğu kimi, poçt-rabitə sahəsi yüksək səriştə və nizam-intizam tələb edir. Sevindirici haldır ki, kollektivimizin üzvləri bu məsuliyyəti dərindən dərk edirlər. Bütün səviyyələrdə işin düzgün təşkilinin nəticəsidir ki, rayonumuzda hər il poçt-rabitə xidmətinin həcmi və keyfiyyəti yaxşılaşır.

 Konkret faktlar da çəkə bilərəm. Məsələn, ötən il bütün plan və tapşırıqlara artıqlaması ilə əməl etmişik. Bu ilin birinci rübünün proqnoz tapşırığı 103 faiz yerinə yetirilmişdir. Bu uğurları davam etdirmək, qarşıdakı rüblər ərzində daha yüksək göstəricilər əldə etmək əzmindəyik.

 Bu gün bizim qarşımızda bütün növ poçt göndərişlərinin ən geci 2 sutka ərzində çatdırılmasını təmin etmək vəzifəsi qoyulub. Bu vəzifənin öhdəsindən bütün ölkə rabitəçiləri kimi, biz də uğurla gəlməyə çalışırıq. Bu da rayonda əhalinin poçt xidmətinə olan inam və etibarını artırır. Nəticədə müştərilərin sayı və təbii ki, xidmətdən əldə olunan gəlirlər də artır.

 Hazırda rayonun mərkəzi və kənd poçt şöbələrində Ermənistan istisna olmaqla, bütün MDB ölkələrinə, Pribaltika respublikalarına, eləcə də İran, Türkiyə, Şərqi və Qərbi Avropa dövlətlərinə, həmçinin Amerika və Kanadaya, bir sözlə, dünyanın yaxın və uzaq bütün guşələrinə pul baratlarının göndərilməsi və qəbulu həyata keçirilir. Adı çəkilən ölkələrlə məktub, bağlama, banderol və sair poçt göndərişlərinin mübadiləsi də yerinə yetirilir.

 Son dövrdə rayonda yeni xidmətlərin həyata keçirilməsi də uğurla təşkil olunub. Belə ki, rayonda hər bir fiziki və hüququ şəxs poçt şöbələrində cari hesab və elektron imza nümunələri aça bilir, valyuta mübadiləsi həyata keçirə bilir. İndi hər hansı bir poçt məntəqəsində Dövlət Yol Polisi cərimələrini ödəmək, hətta Western Union beynəlxalq pul köçürmələri xidmətindən faydalanmaq da mümkündür.

 Biz hər il rayonun böyük idarə və müəssisələri ilə poçt-rabitə xidmətinin göstərilməsi ilə bağlı müqavilələr bağlayırıq. 2013-cü ildə bütün növ poçt rabitəsi xidmətlərinin göstəriləməsi ilə əlaqədar Rayon Prokurorluğu, Statistika İdarəsi, Meşə Təsərrüfatı və Bərpaetmə Müəssisəsi, Mətbuatyayım şöbəsi, Qaz istismar sahəsi, Su-kanal idarəsi, “Kapital Bank” və sair müəssisə və təşkilatlarla yeni müqavilələr bağlanmışdır. İşimizin keyfiyyətindən razı qaldıqları üçün bütün idarə və müəssisələr bizimlə həvəslə müqavilə bağlayırlar.

Tapdıq Bağırov, Sabirabad Telekommunikasiya Qovşağının rəisi:

– Bu gün ölkəmizdə rabitə-kommunikasiyalar sistemi çox sürətlə inkişaf edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdir. Hörmətli dövlət başçımız “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında demişdir: “Biz geniş zolaqlı interneti hər kəndə gətirməliyik və gətirəcəyik”.

Azərbaycanda bu sahədə daim artan diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Bir həqiqətdir ki, bu gün Azərbaycanın informasiya-kommunikasiyalar sistemi yüksək dünya standartları səviyyəsinə çatmışdır. Bu faktı dünyanın nüfuzlu mütəxəssisləri də etiraf edirlər. Biz, bu uğurlara görə, əlbəttə, çox sevinirik və işimizin səmərəsini daha da artırmağa çalışırıq.

Azərbaycanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da kommunikasiya sistemində nəzərəçarpan uğurlar əldə olunmaqdadır. Biz qarşımıza məqsəd qoymuşuq ki, hər bir kənd yüksək keyfiyyətli internetlə təmin olunsun. Çalışırıq ki, mövcud kənd EATS-lərin (elektron-avtomat telefon stansiyaları -red) hamısının fibro-optik kabelə qoşulması təmin olunsun.

Bu vəzifənin öhdəsindən uğurla gəlmək üçün tədbirlər planı hazırlayaraq icra etməyə başlamışıq. Belə ki, 2013-cü ilin birinci rübü ərzində 7 kilometr məsafədə mərkəzi EATS-dən Qaralar kəndindəki EATS istiqamətində FO-12 kabeli çəkilmişdir. Bu kabelə rayonun Surra və Axısxa kimi böyük kəndlərini əhatə edən stansiyaların qoşulması nəzərdə tutulub.

Texniki istismarın səviyyəsinin yüksəldilməsi məqsədi ilə Bulaqlı, Qalaqayın EATS-nin akkumulyator batareyaları daha uzunmüddətli enerji təminatı yaradan qurğularla əvəz olunmuşdur. Belə ki, hər iki kənddə 200F:S yüksəkdaşıyıcı sıxlığa malik akkumulyator /OP2S batareyaları quraşdırılmışdır. Cavad və Əhmədabad kənd EATS-də yüksək sürətli İnternet portlarının sayı 24 və 48 ədəd artırılmışdır. Nizamikənd, Qalacayın, Qaratəpə, Bulaqlı, Şəhriyar və Ulacalı kənd EATS-nin daxili xətt şəbəkəsində təmir işləri aparılmışdır.

 Rayon mərkəzindəki “Muğan prospekti”ndə Bulaqlı istiqamətində 3 yerdə hava rabitə xətti ilə təşkil olunmuş kabellər yeraltı keçid vasitəsi ilə qoyulmuşdur. Şəhər telefon şəbəkəsində H.Həmidov, Füzuli küçələrində xətt şəbəkəsi və qurğuların texniki normaya gətirilməsi üçün müvafiq işlər aparılmışdır.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında