Şriftin ölçüsü:
17.07.2010 08:45 | Oxunma sayı: 451
Harada və nə zaman baş verməsindən asılı olmayaraq, bütün soyqırımlar bəşəriyyət və insanlığa qarşı yönəldilmiş ən qatı cinayətlərdir. Bu günlərdə həmin cinayətlərdən biri - Srebrenitsa soyqırımının 15-ci ildönümü qeyd edilmişdir.
Bosniya və Herseqovinanın Serbiya ilə sərhəd bölgəsində yerləşən Srebrenitsada 1995-ci il iyulun 11-də Serbiya ordusu tərəfindən bu şəhərdə minlərlə insanın qətlə yetirilməsi ilə nəticələnən soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasimdə Bosniya və Herseqovinanın Baş naziri Nikola Şpiriç, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Fransanın xarici işlər naziri Bernar Kuşner, Serbiya Prezidenti Boris Tadiç, çoxlu sayda dövlət və hökumət nümayəndələri, diplomatlar, xarici qonaqlar, ümumilikdə, 60 mindən artıq insan iştirak etmişdir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov və işçi qrupunun əməkdaşı Emin Ağayev mərasimdə ölkəmizi təmsil etmişlər.
"Cəsədini arayan boş qəbirlərin şəhəri" kimi müdhiş ad çıxarmış Srebrenitsada builki anma tədbirləri də dəfn mərasimi ilə müşayiət olunmuşdur. Dəfn mərasimində şəxsiyyəti yeni müəyyən olunmuş 800 cəsəd torpağa tapşırılmışdır. Bununla da 1995-ci ilin müdhiş iyul günlərində qətlə yetirilmiş 8 mindən artıq bosniyalı müsəlmandan 3700 nəfərinin şəxsiyyəti müəyyənləşdirilmişdir. Müxtəlif kütləvi məzarlıqlarda uyuyan minlərlə cəsəd isə hələ də şəxsiyyətlərinin müəyyənləşdiriləcəyi və normal dəfn olunacaqları günü gözləyir. Qeyd edilməlidir ki, Srebrenitsa soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən çox insan tələfatı ilə nəticələnən faciədir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları səfər çərçivəsində mərkəzi qərargahı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yerləşən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberqer, eləcə də qurumun əməkdaşları Rifat Kesetoviç və Emina Kurtaliç ilə görüşlər keçirmişlər. Görüşlər zamanı gələcəkdə Azərbaycanda DNK analizləri aparılacağı təqdirdə beynəlxalq komissiyanın ən müasir texniki avadanlığı ilə təchiz edilmiş laboratoriyası ilə əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qeyd edilmişdir ki, laboratoriyanın texniki avadanlığı və səriştəli mütəxəssislərinin səyi nəticəsində aparılan analizlərdə cavabı 99,95 faiz dəqiqliklə müəyyənləşdirmək mümkün olur.
Yaxınlarının itkin düşməsi hər kəs üçün ağırdır, həmin şəxslərin artıq həyatda olmadığından xəbər tutmaq və onları torpağa tapşıra bilməmək isə itkin düşmüş şəxslərin yaxınları üçün mənəvi əzabdır. Sarayevodakı laboratoriyanın əməkdaşlarının müşahidələrinə görə, bu itki insanlar üçün nə qədər ağır olsa da, illər keçdikdən sonra şəxsiyyəti müəyyən edilmiş qohumlarını torpağa tapşıra bilmək onlara ən azı mənəvi rahatlıq gətirir və mərhumların ruhu qarşısında son borclarını yerinə yetirmiş olurlar.
Srebrenitsa soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması yüksək dəyərləndirilir. Prezident Boris Tadiçin serblərin Bosniya müsəlmanlarına qarşı törətdikləri qanlı qətliama görə həm serb xalqı, həm Serbiyanın Seymi (parlamenti), həm də öz adından üzr istəməsi isə tədbirə xüsusi önəm gətirmişdir. Təəssüf ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Srebrenitsa ilə eyni aqibəti yaşamış Xocalı, Meşəli faciələrinə, ermənilərin Azərbaycanda törətdikləri digər dəhşətli soyqırımı aktlarına hələ də beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hüquqi qiymət verilməmişdir. Lakin ədalət tezliklə öz yerini tapacaqdır və tarixin axarında bu qaçılmaz reallığın şahidi olacağıq.
Sarayevodakı İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberqer Qarabağ müharibəsi ilə əlaqədar gələcəkdə kütləvi məzarlıqlar tapılarkən onların açılması, eləcə də qan və sümüyün DNK analizlərinin aparılması, şəxsiyyətin müəyyən edilməsi və identifikasiyası ilə bağlı Azərbaycan tərəfinə müvafiq yardım göstərməyə hazır olduqlarını vurğulamışdır.{nl}
Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.