Beyləqan: üzü sabaha doğru

 

 

 

Beyləqan ilin bütün fəsillərində gözəldir. Ancaq may günlərində bir tərəfi Qarabağa, bir tərəfi Xan Araza söykənən bu diyarın özgə busatı olur. Elə bil ki, ana təbiət dil açıb danışır, min bir rəngli güllər, çiçəklər, ağaclar, çaylar, bulaqlar insanda xoş ovqat, unudulmaz duyğular oyadır. Arazdan əsən sərin küləklər bərəkətli çöllərə sığal çəkir, tarlaya, çöl-bayıra, bağa-bostana çıxan kənd əməkçilərin qoluna qüvvə, dizinə təpər gətirir.

Beyləqana son səfərimiz bax, belə bir füsünkar may günündə oldu. Sözün düzü, haradan, nədən başlamağa çətinlik çəkdik. Ona görə ki, hər yerdə mütəşəkkillikdən doğan qaynarlığın, səy və işgüzarlığın şahidi olduq. Təkcə Beyləqan şəhərində görüşüb başa çatdırılmış və hazırda da davam etdirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin gedişi ilə tanışlıq bu dediklərimizə əyani misaldır: Ulu öndər Heydər Əliyevin adını daşıyan park,  Təhsil Şöbəsinin inzibati binası tamamilə yenidən qurulmuş, Heydər Əliyev Mərkəzi tikilmişdir. Gənclər Mərkəzində, Şahmat Məktəbində isə artıq son tamamlama işləri aparılır.

Bəli, indi Beyləqanda həyatın axarı gurdur. Hara baxırsan tikinti-abadlıq, quruculuq... Müasir binalar, yeni səkilər, işıqlandırma sistemi,  parklar, xiyabanlar... Şəhər öz simasını, demək olar ki, hər gün dəyişir, daha abad və yaraşıqlı olur. Ümumiyyətlə, dövlət proqramlarında sosial-iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq, Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı, ekologiya və təbii sərvətlərdən səmərəli  istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisi, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya xidmətinin yaxşılaşdırılması, aqrar sektorun meliorasiya—irriqasiya və digər infrastruktur təminatı, təhsil, səhiyyə, mənədəniyyət və idman müəssisələrinin inşası və yeniləşməsi kimi həllivacib mühüm tədbirlər nəzərdə tutulmuşdur.

Həmin tədbirlərin icrası istiqamətində görülən işlər sayəsində rayonun sosial-iqtisadi inkişafında müəyyən irəliləyişlərə nail olunmuşdur. Belə ki, cari ilin ötən ayları ərzində “Gənclər Mərkəzi”nin, Şahmat Məktəbinin tikintisi və Heydər Əliyev  Parkının abadlaşdırılması işləri davam etdirilmişdir.

İstehsal olunmuş məhsulların və əhaliyə göstərilən xidmətlərin həcmi son 1 ildə 22,9 milyon manat olmuş, onun adambaşına düşən həcmi 240,3 manat təşkil etmişdir. 2,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmət göstərilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı 6,2 faiz artaraq 12,1 milyon manata çatmış, 3,9 milyon manatlıq tikinti—quraşdırma işləri görülmüşdür. Ümumi sahəsi 2542 kvadratmetr olan 23 fərdi ev tikilib istifadəyə verilmiş, əsas fondların dəyəri 618 min manat təşkil etmişdir. Əsas kapitala 4 milyon manatlıq investisiya yönəldilmişdir.

Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 11 yaşayış məntəqəsində transformator təmir edilmiş, istismara yararsız bir çox avadanlıq yenisi ilə əvəz olunmuşdur. Milabad kəndində əhalinin normal və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 1270 metr SİP kabeli çəkilmişdir. Hava xətlərində istismara yararsız dayaqlar yeni dəmir—beton dirəklərlə əvəz edilmiş, 457 metr naqil dəyişdirilmişdir. İstehlak olunan elektrik enerjisinin dəyərinin ödənilmə səviyyəsi isə 90,8 faiz təşkil etmişdir.

Bununla belə, hələ də elektrik ötürücü xətlərdə, gərginlik transformator yenidənqurma və təmir-sazlama işlərinin aparılması üçün lazımi avadanlıqlara, material və texniki vasitələrə ehtiyac vardır. Bu baxımdan “Azərenerji” ASC-nin konkret köməkliyinə ciddi ehtiyac var.

Məlumdur ki, dövlət başçısı qarşıdakı illərdə bütün yaşayış məntəqələrinin mavi yanacaqla təmin edilməsini mühüm bir vəzifə kimi qarşıya qoymuşdur.

Bununla əlaqədar  rayonun Bolsulu qəsəbəsində kənddaxili paylayıcı qaz xətlərinin tikintisi başa çatdırılmış, 120 fərdi yaşayış evinin mənzildaxili xətləri çəkilmişdir. Bundan əlavə, Kəbirli kəndində paylayıcı xətlərin tikintisi davam etdirilir. Beləliklə, rayon üzrə təbii qazla təmin olunan abonentlərin sayı 8256 olmuşdur. Bu isə 97,5 faiz deməkdir.

Hazırda Beyləqan şəhərinin su təchizatının və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulması üzrə hazırlıq işləri sürətləndirilir. Yəqin ki, bu sahədə müşahidə olunan gerilik tezliklə aradan qaldırılacaq, əhalini narahat edən həyati əhəmiyyətli bu problem də həll olunacaqdır.

 Prezident İlham Əliyev  kənd təsərrüfatı istehsalının artılırmasında meliorativ tədbirlərin müstəsna rolunu qeyd edərək, bunu kənd təsərrüfatının inkişafı və işsizliyin aradan qaldırılması üçün vacib amil saymış, qarşıdakı illərdə böyük meliorasiya layihələrinin icra edilməsi hesabına on minlərlə hektar yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsini vurğulamışdır. Bu baxımdan son illər rayon ərazisində kollektor və drenaj şəbəkəsinin lildən təmizlənməsi işi xüsusilə sürətləndirilmişdir.

İlin ötən ayları ərzində “Xan qızı”, “Dostluq” Yuxarı Aran, Eyvazalılar, Birinci Şahsevən, Dünyamalılar, Kəbirli, Əhmədli kanallarında lildən təmizləmə işləri aparılmış, 36 hidrotexniki qurğu cari, 3-ü isə əsaslı təmir edilmişdir.

Hazırda ölkə Prezidentinin sərəncamı əsasında 38,8 kilometr uzunluqda Beyləqan-Təzəkənd-Kəbirli -Örənqala avtomobil yolunun əsaslı tikintisi başa çatmaq üzrədir. Bununla belə, hələ də rayonda əsaslı təmirə ciddi ehtiyacı olan 120 kilometrdən artıq yerli əhəmiyyətli avtomobil yolları var. Başqa sözlə desək, “Azəryolserviz” və onun müvafiq strukturlarının bu sahəyə diqqət və nəzarəti daha da artırmasına ehtiyac var. 

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Prezident sərəncamına uyğun olaraq verilən subsidiyalar və digər maliyyə yardımları sayəsində bu ilin məhsulu üçün 19,7 min hektarda dənli bitkilər, o cümlədən 18 min hektarda buğda əkilmişdir. Bu isə belə deməyə əsas verir ki, cari ildə kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki dövrlə müqayisədə xeyli artacaqdır. Burada, əlbəttə, 1300 hektar sahəni əhatə edən pilot taxılçılıq təsərrüfatının imkanlarını ayrıca qeyd etmək lazımdır. Mütəxəssislərin təxmini hesablamalarına görə, bu, rayonda taxıl istehsalını ən azı, 2-3 dəfə artırmağa imkan verəcəkdir.

Statistik məlumatlara əsasən, indi  rayonun təsərrüfatlarında 55,964 baş iri mal, 293,376 baş qoyun-keçi, 444,120 baş quş vardır. Son 1 ildə 2055 ton ət, 10,435 ton süd, 2,7 milyon ədəd yumurta istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur.

Ölkədə təhsil sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, sahənin informasiya–kommunikasiya texnologiyaları ilə təminatı, böyüməkdə olan nəslin geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə yiyələnməsi dövlət siyasətinin prioritetlərindəndir. Heç şübhəsiz, bu cəhətdən 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə hazırlanan Milli Strategiya Beyləqanda da biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində yeni təhsil modelinin qurulmasını təmin edəcəkdir.

Hazırda dövlət proqramı çərçivəsində şəhər 6 saylı və Dünyamalılar tam orta məktəbləri, Sarısu kənd ümumi orta məktəbi inşa edilib şagirdlərin istifadəsinə verilmişdir. Hər üç məktəb 180 şagird yerlikdir. Məktəblilərin fənn olimpiadasının respublika turunda 2 beyləqanlı şagird Azərbaycan tarixi, Azərbaycan dil və ədəbiyyatı fənləri üzrə 3-cü yeri tutmuşlar. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa müsabiqəsinin respublika turunda isə 1 şagird qalib olmuşdur.

Bununla belə Beyləqan şəhər 2, 4 nömrəli, Şərq, Bünyadlı, Təzəkənd, Yuxarı Aran,  Kəbirli 1, İkinci Şahsevən tam orta məktəblərinin əsaslı təmirinə ciddi ehtiyac var.

Ümumiyyətlə, rayonda təhsil sahəsində bir sıra nöqsanlar hələ də qalmaqdadır. Təhsil müəssisələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi, qabaqcıl təcrübənin tətbiqi sahəsində görüləsi işlər hələ çoxdur.

Əhalinin sağlamlığına diqqət və qayğı son dövrdə daha da artırılmışdır. Hazırda ölkə Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına Mərkəzi Rayon Xəstəxanasında əsaslı təmir başa çatdırılmışdır. Lakin rayonda 75 çarpaylıq uşaq xəstəxanasının tikilməsinə, 18  tibb müəssisəsinin əsaslı təmirinə ciddi ehtiyac vardır. 3 kənddə hələ də tibb məntəqəsi yoxdur. Əhalinin hər 10 min nəfərinə düşən çarpayıların, həkimlərin, orta tibb işçilərinin sayı azlıq təşkil edir. Mərkəzi  Rayon Xəstəxanasının rəhbərliyi tabeliyində olan müəssisələrin işinin təkmilləşdirilməsini, əhaliyə ixtisaslı tibbi xidmətin yaxşılaşdırılmasını təmin edəcək tədbirlər görməlidir.

Beyləqan öz inkişafının yeni bir mərhələsinə qədəm qoymuşdur. Rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı əhval-ruhiyyə, yüksək mütəşəkkillik və işgüzarlıq hökm sürür. Aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin sürət və keyfiyyəti, inkişaf və yüksəliş dinamikası, qarşıdakı illər üçün nəzərdə tutulmuş layihələr belə deməyə tam əsas verir ki, Beyləqanın sabahı daha abad, gözəl və xoşbəxt olacaqdır. 

 

Ziyəddin SULTANOV,

 “Xalq qəzeti”nin  bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında