Azərbaycanın Şuşa və Macarıstanın Cöncöş şəhərləri qardaşlaşmışdır

 

 

İlk dəfədir ki,  Avropa şəhəri Azərbaycanın

erməni işğalı altında olan şəhəri ilə qardaşlaşmışdır

Mayın 9-da, Şuşa şəhərinin Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilməsinin 21-ci ildönümü ilə əlaqədar Macarıstanın Cöncöş şəhərinin meriyasında bu iki şəhərin qardaşlaşması haqqında memorandumun təntənəli imzalanma mərasimi keçirilmişdir. Sənədi Azərbaycan tərəfdən Şuşa rayon icra hakimiyyətinin başçısı, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Macarıstan tərəfdən Cöncöş şəhərinin meri Laslo Faraqo imzalamışdır.

Laslo Faraqo qonaqları macarıstanlı tərəfdaşlar adından salamlamış, onlara bu şəhərin tarixi və nailiyyətləri barədə məlumat vermişdir. Bayram Səfərov, öz növbəsində, səmimi qəbul üçün macar həmkarına təşəkkürünü bildirərək hazırda erməni işğalı altında olan qədim Şuşa şəhərinin tarixindən söhbət açmışdır. O, qeyd etmişdir ki, Şuşa dünya mədəniyyətinə məşhur ədəbiyyatçılar, musiqiçilər və ictimai xadimlər bəxş etmişdir.

B.Səfərov demişdir: “Şuşa Azərbaycanın “konservatoriyası”, Azərbaycan mədəniyyətinin beşiyi, hər bir azərbaycanlının qəlbinin bir parçasıdır! Lakin təəssüf ki, artıq 21 ildir Şuşanın yerli sakinləri öz doğma şəhərlərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi və evlərinin vəhşicəsinə dağıdılması ucbatından, köçkün həyatı yaşamağa məcburdurlar. Onlar hətta öz əcdadlarının məzarlarını ziyarət edə bilmirlər. İndi bu insanlar təəccüblə “xəbər tuturlar” ki, onların dünyasını dəyişmiş və Şuşada dəfn edilmiş qohumları guya azərbaycanlı deyilmiş, çünki erməni işğalçılar Azərbaycan və azərbaycanlılar barədə xatırladan hər şeyi məhv etməyə çalışır, hətta Şuşadakı azərbaycanlılar dəfn edilmiş qəbiristanın da adını dəyişmiş və onu hər yerdə “fars qəbiristanlığı” kimi qələmə verirlər. Şəxsən mən də erməni işğalı ucbatından qohumlarımın məzarlarını ziyarət etmək imkanından məhrum olmuşam. Bu uydurmalar mənim üçün də bir növ “yeni kəşf”dir. Üzdəniraq erməni tarixçilər tərəfindən bu cür açıq-aşkar saxtalaşdırma onu göstərir ki, onlar bu şəhərin kim tərəfindən salınmasını və tarix boyu onun sakinləri arasında kimlərin çoxluq təşkil etdiyini lap yaxşı bilirlər və bu həqiqət onlara rahatlıq vermir”.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, Yerevandan Qarabağa gətirilmiş bütün bu neqativ əhval-ruhiyyəyə baxmayaraq, tolerant xalq olan azərbaycanlılar erməni millətindən olan Azərbaycan vətəndaşları ilə birgə yaşamağa hazırdırlar. Onun sözlərinə görə bu gün Azərbaycanda on minlərlə etnik erməni yaşayır, halbuki Ermənistanda bircə nəfər də azərbaycanlı qalmamışdır.

“Qonşuluqda yaşadığımız Qarabağ erməniləri mənə çox tez-tez məktub yazır və bildirirlər ki, onlar firavan Azərbaycanın tərkibində yaşamaq istəyirlər. Bu adamlar Yerevanın Qarabağda əyləşdirdiyi oyuncaq rejimin özbaşınalıqlarından şikayətlənirlər. Mən şübhə etmirəm ki, azərbaycanlılar Şuşaya, öz evlərinə qayıdacaqlar. Lakin bunun üçün beynəlxalq birlik ikili standartlar siyasətindən əl çəkməli və təcavüzün qurbanını təcavüzkardan fərqləndirməlidir” - deyən B.Səfərov çıxışının sonunda iki şəhərin qardaşlaşmasına görə macar həmkarlarına təşəkkürünü bildirmiş və onları əmin etmişdir ki, şuşalılar bunu heç vaxt unutmayacaqlar.

Sonra Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək bildirmişdir ki, bu gün onun üçün xüsusi gündür. V.Quliyev demişdir: “Bugünkü hadisə onu göstərir ki, xalqlarımız arasında qardaşlıq münasibətləri möhkəmlənməkdə davam edir. Macar dostlarımız bu arzumuzun çin olması üçün mümkün olan hər şeyi ediblər”.

Səfir vurğulamışdır ki, bu, analoqu olmayan bir hadisədir, çünki Şuşa Azərbaycanın işğal altında olan ilk şəhəridir ki, başqa ölkədəki şəhərlə qardaşlaşmışdır. V.Quliyev demişdir: “Macar dostlarımız Şuşa ilə qardaşlaşmış şəhər olmaq qərarını qəbul etməklə bütün dünyaya nümayiş etdirdilər ki, onlar beynəlxalq hüququn və ədalətin tərəfdarlarıdır. Siz göstərdiniz ki, qeyri-qanuni işğalı rədd edirsiniz, siz beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsinin əleyhinəsiniz. Ona görə biz Cöncöş şəhərinin meriyasına minnətdarıq”. Azərbaycanlı diplomat Macarıstan parlamentinin deputatları Qabor Vonoya və Marton Cöncöşiyə Azərbaycanı daim dəstəklədiklərinə görə də təşəkkürünü bildirmişdir. Səfir əmin olduğunu bildirmişdir ki, bu memorandumun imzalanması qarşıdakı uzun bir yolda - hərtərəfli əməkdaşlıq yolunda bir növ ilk addımdır.

V.Quliyev çıxışının sonunda demişdir: “Bu da rəmzi haldır ki, Şuşa və Cöncöş məhz mayın 9-da qardaşlaşmış şəhərlər olur. Bu günlərdə Ermənistanda Şuşa şəhərinin işğal edilməsinin 21-ci ildönümünü bayram edirlər. Onlar bunu özlərinin ”qələbəsi" hesab edirlər. Lakin bu, onların qələbəsi deyil, məğlubiyyətidir, çünki işğalçı imici onlara möhkəm təsbit olunmuşdur. Biz isə bu gün bu zalda yeni bir sənəd imzalayaraq başqa bir qələbəni bayram edirik. Bu, sağlam düşüncənin qələbəsi, beynəlxalq hüququn qanunsuz işğal üzərində, etnik təmizləmələr, zorakılıq üzərində təntənəsidir. Bu, Azərbaycan-Macarıstan qardaşlığının qələbəsidir! Bu qardaşlığın əbədi olacağına şübhə etmirəm”.

Sonra Macarıstan parlamentində böyüklüyünə görə üçüncü fraksiyaya malik olan “Daha yaxşı Macarıstan uğrunda” partiyasının sədri Qabor Vona çıxış etmişdir. O demişdir ki, bu gün onun üçün və məsləkdaşları üçün xüsusi gündür. O vurğulamışdır: “Azərbaycan bizim üçün sadəcə tərəfdaş deyil, o, bizə qardaş dövlətdir, çünki biz hamımız Turan övladlarıyıq. Biz əməkdaşlığa və dəstəyə görə Azərbaycana təşəkkür edirik”. Qabor Vona azərbaycanlı qonaqları əmin etmişdir ki, Macarıstanda Azərbaycanın uğurlarına öz uğurları kimi ürəkdən sevinirlər. O demişdir: “Siz qəhrəman xalqsınız. Sizin sürətli inkişafınız bizi sevindirir və ruhlandırır. Biz ümid edirik ki, Macarıstan da Azərbaycan kimi irəliləyəcək, sizin ölkəniz kimi o da çiçəklənən diyara çevriləcəkdir”.

Partiya sədri tədbir iştirakçılarını əmin etmişdir ki, Şuşa və Cöncöş şəhərləri arasında əlaqələrin inkişaf etməsi üçün Macarıstan tərəfi hər cür səy göstərəcəkdir. O, əmin olduğunu bildirmişdir ki, şuşalılar tezliklə öz doğma evlərinə qayıdacaq və dünyasını dəyişmiş doğmalarının məzarlarını ziyarət edə biləcəklər. Milli Məclisin üzvü Elman Məmmədov, öz növbəsində, “Macarıstan-Azərbaycan” parlament qrupuna, xüsusən bu qrupun həmsədri Marton Cöncöşiyə səmərəli işinə görə təşəkkürünü bildirmişdir. O, məmnunluğunu bildirmişdir ki, Macarıstanda bu iki xalqın ortaq tarixi və etnik köklərə malik olmasını bilirlər. “Bizim həqiqətən ortaq kökümüz var - Turan”, - deyən E.Məmmədov qeyd etmişdir ki, bugünkü memorandum bizim qardaşlığımızın daha bir təsdiqidir.

Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, Cöncöş şəhərinin vitse-meri İştvan Bojik və şəhər bələdiyyəsinin üzvü cənab Tamaş Keveş iştirak etmişdir.

Sonra memorandumun təntənəli imzalanma mərasimi olmuşdur.

Bayram Səfərov Cöncöş şəhərinin meriyasına Azərbaycan rəssamlarının Şuşa mövzusuna həsr olunmuş əsərlərini hədiyyə etmişdir.

Azərbaycanın Şuşa və Macarıstanın Cöncöş şəhərinin qardaşlaşması haqqında memorandum imzalanması çox böyük beynəlxalq siyasi əhəmiyyət kəsb edir. Erməni işğalı altında olan, separatçılar tərəfindən guya müstəqil “dqr”də yaşayış məntəqəsi kimi qələmə verilən, əslində isə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq ilhaq edilmiş Azərbaycan şəhəri Avropa şəhəri ilə ilk dəfə qardaşlaşmışdır. Bu da rəmzi haldır ki, həmin sənəd məhz Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən imzalanmışdır. Bu o deməkdir ki, Cöncöş rəsmiləri bu şəhərin yeganə qanuni hakimiyyəti kimi Yerevan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində əyləşdirilmiş özündən bədgümanları deyil, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş vəzifəli şəxsi tanıyırlar. Beləliklə, Macarıstan şəhəri bütün dünyaya tam aydın şəkildə bəyan etmişdir ki, o, Azərbaycan Respublikasının konstitusiyasını Dağlıq Qarabağ regionu ərazisində qüvvədə olan yeganə ali normativ akt kimi tanıyır. Bununla o, bütün dünyaya nümunə göstərmişdir.

Qardaşlaşma haqqında sazişin imzalanma tarixi isə Macarıstan tərəfin həm Şuşa şəhərinin, həm də Azərbaycanın bütün Dağlıq Qarabağ regionunun qanunsuz işğalını tanımaqdan imtina etməsinin rəmzidir.

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Cöncöş


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında