Relokasiyadan sonra bina 8 ballıq zəlzələyə davam gətirəcək

 

 

 “Bresser Avrasiya” Şirkətinin rəhbəri ilə müsahibəni diqqətinizə çatdırırıq.

Cənab Sveyxers, sizin Şirkət Bakıda kifayət qədər unikal və innovativ layihənin icraçısıdır. Şirkətinizin bina və obyektlərin köçürülməsi sahəsindəki təcrübəsi haqda nə deyə bilərsiniz?

– Qeyd edim ki, binaların köçürülmə texnologiyası məhz “Bresser Avrasiya” şirkətinə aiddir və artıq 30 ildir ki, bu işləri həyata keçiririk. İndiyədək Qərbi Avropa və digər ölkələrdə 30-dan artıq sosial əhəmiyyətli binanın köçürülməsini həyata keçirmişik. Əksər hallarda köçürülmə zərurəti həmin binaların mədəni və tarixi əhəmiyyət kəsb etməsi səbəbindən onların qorunması ilə bağlı olur. Misal çəkmək istərdim. Biz, Rozental şəhərində 1904-cü ildə tikilmiş binanı 1500 metr məsafəyə çəkmişik. İndiyədək şirkətin binanı ən uzaq məsafəyə köçürdüyü məsafə 12 km olub - böyük bir villa bu məsafəyə daşınıb. Şirkətin planlaşdırdığı layihələr arasında Niderlanddakı stadionlardan birinin köçürülməsi də var.

Azərbaycanda da həyata keçirdiyimiz ilk layihə Bakının Füzuli küçəsində yerləşən tarixi - mədəni əhəmiyyət kəsb edən arxitektur binanın köçürülməsi idi.

Bu layihə Azərbaycanda və MDB məkanında bir ilk oldu...

– Bəli. Bakıda daşınmaz əmlak sektorunda unikal layihə həyata keçirdik, desək, yanılmarıq. Paytaxt  Bakıda aparılan yol genişləndirilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq binalardan birinin relokasiyası zərurəti yarandı. Füzuli küçəsində yerləşən tarixi bina hazırkı yerindən təqribən 10,6 metr kənara çəkildi. MDB məkanında ilk dəfə Bakıda baş tutan relokasiya - bina köçürülməsi əməliyyatını məhz biz - “Bresser Avrasiya” şirkəti həyata keçirdik və bununla qürur hissi duyuruq. Bizim üstünlüyümüz ondadır ki, texnologiyamız binanın hansı tarixdə tikilməsindən asılı olmayaraq, əgər bina normal vəziyyətdədirsə, onu daşımaq imkanı verir. 

Layihənin özəllikləri haqda nə deyə bilərsiniz?

– Bakıda yeri dəyişdirilən bina şirkətin indiyədək köçürdüyü ən böyük və ən ağır binadır - uzunluğu 52 metr, eni 35 metr və hündürlüyü 20 metr olan binanın çəkisi 18 min tondur.

Aldığım məlumata görə, Füzuli küçəsində yerləşən tarixi bina 1908-ci ildə tikilib və vaxtı ilə Bakının məşhur milyonçuları sayılan Hacınski qardaşlarına məxsus olub.

Hazırda fəaliyyətimiz dövründə ən böyük və ən ağır binanı köçürdük. Bu dünya rekordu Azərbaycanda qeydə alınaraq  “Ginnesin Rekordlar Kitabı”na düşəcək. Biz bununla fəxr edirik.

Layihənin texniki tərəfləri haqqında bir az daha ətraflı məlumat verə bilərsinizmi?

– Bakıdakı abadlıq işləri baxımından bu binanın köçürülməsi nümunəvi bir iş oldu. Binanın köçürülməsi üçün onun altında 210 ədəd hidravlik qaldırıcı qurğu quraşdırılır. Bu qurğular vasitəsilə bina bir neçə millimetr qaldırılır və 9 hidravlik qurğu vasitəsilə lazım olan yerə çəkilir. Binanın köçürülməsi 5 gün davam etdi. Əminliklə deyə bilərik ki, binanın “ömrünü” xeyli uzatmışıq. Bundan əlavə, ehtiyac olarsa, binanı bir qədər çevirmək də mümkündür. Bir sözlə, bizim şirkətin imkanları və texnologiyaları bina ilə yaxşı mənada istənilən hərəkəti etməyə imkan verir. Bundan əlavə, bütün proses fasiləsiz olaraq qısa videoçarxda əks etdirilib.

Bəs bu işlər görülərkən hansı çətinliklə üzləşmişsiniz?

– Təbii ki, hər bir işin irili-xırdalı çətinlikləri olur. Bir məqama təəccüb etdik. Bu, binanın bünövrəsinin həddən artıq qalın (təqribən 10 metr) olmasıdır. Avropada binaların bünövrəsi bir qədər fərqli olur. Hələ hazırlıq işləri çərçivəsində binanın bünövrəsini təzələdik və nəticədə bu bina yeni yerində daha möhkəm dayanacaq. Bu işləri elə bir dəqiqlik və ehtiyatla həyata keçirdik ki, köçürülmə prosesi zamanı 8 ballıq zəlzələ olsaydı belə, binaya heç bir ziyan dəyməyəcəkdi. Uğur əldə edəcəyimizə hətta bir faiz belə şübhəmiz olarsa, bu işə başlamırıq.

İşlərlə əyani tanış olmaq üçün cənab Prezident özü əraziyə gəlmişdi...

– Bəli. Binanın yerinin dəyişdirilməsi - relokasiya prosesi MDB-də ilk dəfədir ki, həyata keçirilir. Bu işlər ölkə rəhbərliyi tərəfindən diqqətlə izlənilir. Hətta ötən ilin dekabr ayının 29-da Prezident İlham Əliyev hazırlıq işləri ilə tanış olmaq üçün işlərin aparıldığı sahəyə gəlmişdi. Hazırlıq işlərinin necə aparılması prezidentin özü üçün də maraqlı idi.

Maraqlı müsahibəyə görə təşəkkür edirik!

Azər DƏMİRÇİYEV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında