Həsən bəy Zərdabi və "Əkinçi"
Söz Azadlığını Müdafiə Fondunun Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə nəşr etdiyi "Həsən bəy Zərdabi və "Əkinçi" toplusu əlamətdar yubileyə qurumun və kitabı ərsəyə gətirənlərin dəyərli hədiyyəsidir. "Kaspian plaza" otelinin konfrans salonunda keçirilən təqdimat mərasimində yeni nəşr məhz belə qiymətləndirildi.
Məclisi giriş sözü ilə açan fondun sədri, şair Musa Yaqub bildirdi ki, ölkəmizdə söz azadlığının əsaslarını möhkəmləndirməyin, onun prinsiplərini reallaşdırmağın mühüm bir yönü jurnalist peşəkarlığının yüksəldilməsi, tarixi təcrübənin çağdaş yazarlara çatdırılmasıdır. Fond milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin, anadilli jurnalistikamızın digər görkəmli nümayəndələrinin irsinin günümüzdə də önəm daşıyan dəyərlərini ardıcıl olaraq nəşr və təbliğ edir. Həsən bəy Zərdabinin həyat yoldaşı və silahdaşı Hənifə xanım Abayeva - Məlikovanın 5 il əvvəl ana dilimizdə ilk dəfə kitab şəklində çap etdiyimiz xatirələri zərdabisevərlərin böyük marağına səbəb olmuşdu. Fond bu təşəbbüsü davam etdirərək bu dəfə Zərdabilər ailəsində qələmə alınmış xatirələri və bu materiallarla səsləşən digər yazıları "Həsən bəy Zərdabi və "Əkinçi" adı altında media ictimaiyyətinə təqdim edir.
Toplunu tərtib etmiş və ona şərh yazmış əməkdar jurnalist, Həsən bəy Zərdabi mükafatçısı Tahir Aydınoğlu kitabda təqdim olunan materiallar, onlarda əksini tapmış diqqətçəkən fakt və hadisələr barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, Həsən bəy ayrıca xatirə yazmasa da, onun qələmindən çıxmış bəzi məktub və məqalələr bioqrafik səciyyə daşıdığından sistemləşdirilərək toplunun ilk bölməsində verilib.
Hənifə xanımın, Həsən bəyin qızı Qəribsoltan Məlikovanın və kürəkəni Əlimərdan bəy Topçubaşovun xatirələri ikinci bölmədə yer alıb. Bu bioqrafik yazılarla sıx bağlı olduğuna görə tanınmış zərdabişünaslardan Abbas Zamanovun, Ziyəddin Göyüşovun, Vəli Məmmədovun və İzzət Rüstəmovun Həsən bəyin həyat-fəaliyyətindən bəhs edən məqalələri də topluya daxil edilib. "Əkinçi" qəzetinin nəşrindən əvvəl və sonra rusdilli "Qafqaz" qəzetində imzasız dərc olunan və sonralar ədəbiyyatşünas Əziz Şərifin Mirzə Fətəli Axundova aid etdiyi 3 məqalə də dilimizə çevrilərək kitabın axırında verilib. Qəribsoltan xanımın və Əlimərdan bəyin xatirələrini Azərbaycan dilinə yazıçı-jurnalist Ərşad Əzimzadə çevirib. Fondun əməkdaşları Vüqar Töfiqli və Nəzirməmməd Zöhrablı layihəni uğurla başa çatdırıblar.Beləliklə, ilk dəfə bir yerdə işıq üzü görən, bəzisi ana dilimizdə ilk dəfə çap olunan, əksəriyyəti oxucuların geniş dairəsinə məlum olmayan, mətbuat tariximizin başlanğıcı ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirən bu yazılar nadir bir Zərdabi salnaməsi təsiri bağışlayır.
Mərasim gərəkli bir nəşrin ortaya çıxması ilə bağlı Həsən bəy Zərdabi şəxsiyyəti, Zərdabilər ailəsinin mədəni tariximizdə rolu, milli mətbuatımızın dünəni və bugünü, Zərdabi irsinin daha dərindən öyrənilməsi və geniş dairəyə çatdırılması, çağdaş jurnalistikanın aktual məsələləri ətrafında işgüzar, faydalı diskussiyaya çevrildi.
Zərdabişünas alimlər Vəli Məmmədov, İzzət Rüstəmov və Esmira Cavadlı, millət vəkili Aqil Abbas, ədəbiyyatşünas Asif Rüstəmli, Zərdabi irsi ilə sıx bağlı olan jurnalistlərdən Səttar Zərdablı, Yusif Kərimov, Şəmistan Nəzirli, Məzahir Süleymanzadə, Səadət Qarabağlı, Rafiq Əliyev, Azər Həsrət, Nəriman Qəhrəmanlı və Ələsgər Cabbarov, mediamızın dostları olan hüquqşünaslar İlham Abbasov və Adil Minbaşiyev kitabın daşıdığı dəyər barədə ilkin təəssüratlarını söylədilər, zərdabişünaslığın qarşısında duran vəzifələri vurğuladılar, çağdaş jurnalistikamız üçün Zərdabi örnəyinin misilsizliyini açıqladılar.
Dövlət müstəqilliyi illərində ölkəmizdə hər il milli mətbuatımızın ildönümlərinin, 5 ildən bir yubileylərinin keçirilməsi ənənəsindən böyük razılıqla söz açan natiqlər, nəhayət, Həsən bəy Zərdabinin də, illərdən bəri mübahisə mövzusu olan doğum tarixini dəqiqləşdirməklə, yubileyinin təntənə ilə qeyd olunmasını arzuladılar. Zərdabi tədqiqatçıları 12 noyabr 1837-ci ilin böyük xalq xadiminin ağlabatan və həqiqi doğum tarixi olduğunu dönə-dönə təsdiqlədilər.
Məclis belə bir qənaətlə sonuclandı ki, jurnalist peşəkarlığının yüksəldilməsi çağdaş dünya təcrübəsi ilə yanaşı, milli mətbuatımızın tarixi qaynaqlarının dərindən öyrənilməsi ilə mümkündür. Bu yöndə zəruri ədəbiyyatın artmasına kömək hər bir imkanlı qurumun və şəxsin borcu olmalıdır.
{nl}
Namiq QƏDİMOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.