Sözə, qələmə və mətbuata sədaqət nümunəsindən yaranan kitab

{nl}

Milli mətbuatımızın bugünkü ağsaqqallarından olan Telman Əliyevin jurnalistlik fəaliyyətini yığcam olaraq məhz bu şəkildə ifadə etmək mümkündür. Çünki o, 60-cı illərin əvvəllərində - Bakı Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsində oxuyarkən tələbə kimi ilk yazılarını məhz indi çalışdığı qəzetə göndərirdi. Başqa heç bir qəzetdə yazısı verilməmişdi. Elə 1964-cü ilin yayından - diplom aldığı günlərdən bəri "Xalq qəzeti" ("Kommunist") redaksiyasında çalışdığı müddətdə də başqa heç bir qəzet üçün yazmayıb. Bu, bəlkə də səbr və təmkin əlamətidir. Ancaq mənə elə gəlir ki, ağsaqqal həmkarımın bu xidməti mütləq kollektivə sədaqət nümunəsi kimi qiymətləndirilməlidir.
...Mətbuat konfranslarından birində 28-30 yaşlı jurnalist sual vermək istədi. Təşkilatçılar dedilər ki, özünüzü təqdim edin. Həmkarımız dörd qəzetin, bir jurnalın adını sadaladı ki, bu qəzetlərdə və jurnalda çalışıram. Çox qəribə idi. Ancaq ondan da qəribəsini işə qəbul olunmaq üçün redaksiyamıza gəlib, əliboş qayıdan bir həmkarımızdan eşitmişdik. Soruşanda ki, əvvəllər harada işləmisən, 12 qəzetin adını sadalamışdı. Yəni mətbuat bu qəbildən olan təsadüfi adamların deyil, Cahangir İbadov, Telman Heydərov və Telman Əliyev kimi sədaqətli qəzetçilərin çiynində bugünkü təmtərağına nail ola bilib. Buradakı "qəzetçi" sözü də təsadüfi deyil. Çünki öz "Əkinçi"si ilə milli mətbuatımızın beşiyi başında duran Həsən bəy Zərdabi həmkarlarını "jurnalist" deyil, məhz "qəzetçi" adlandırırdı. Bir də ki, bu gün əli qələm tutan jurnalistlərin 75-80 faizi qəzetçi ola bilmirlər. Qərəz...
Ağsaqqal həmkarımız, 46 illik iş yoldaşımız Telman Əliyev lap bu günlərdə "Jurnalistikada keçən ömür" adlı dəyərli bir kitabla oxucuların görüşünə gəlib. Bu sətirləri qələmə almaq istəyəndə Telman müəllimdən soruşdum ki, belə bir kitabı ötən il niyə ərsəyə gətirmədiniz? (2009-cu ilin sentyabrında Telman Əliyevin 70 yaşı tamam olmuşdu). Çox maraqlı cavab verdi: "-Bir jurnalistin yubileyi münasibəti ilə hazırlanan kitab milli mətbuatın 135 illiyinə töhfə kimi hazırlanan kitab qədər dəyərli ola bilməzdi". Yazıdakı peşəkarlığını sözdə-söhbətdə də hiss edirdim. Çünki dediyi fikirləri, danışdığı cümlələri də "redaktə edirdi". Məhz ona görə də bu kitabı "yazılan" deyil, "hazırlanan" kitab adlandırırdı. Çünki kitabda təkcə təzə yazılar deyil, 46 illik jurnalistlik fəaliyyətinin müxtəlif illərini əhatə edən çox dəyərli tarixi faktlar, əhəmiyyəti getdikcə daha da artan xatirələr, böyük bir dövrün tarixi şəxsiyyətlərinə həsr edilmiş oçerklər, çoxsaylı fotoşəkillər cəmləşdirilmişdir.
Həmkarımızın o qədər də sadə olmayan müxbirlik fəaliyyəti daim müxtəlif ictimai-siyasi proseslərin "episentrində" olub. Ulu öndər Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublikanın bütün bölgələri kimi Muğan bölgəsi də iti sürətlə inkişaf edirdi. Kitabdakı "Muğanın inkişafı gözümün qabağında olub" yazısında həmin məqama toxunulur. "Təxminən 20 dəfə Heydər Əliyevin zona müşavirələrində iştirak etmişəm...o zaman çox gərgin işləyirdik". Yaxud, "Kommunist"in Lənkəranda qətlə yetirilmiş müxbiri Rəşid Rüstəmovun yerinə müxbir təyin edildiyi zaman üzləşdiyi təzyiq və hədə-qorxuları, mətanət və prinsipiallıq nəticəsində şər qüvvələrin qurduğu tordan üzüağ çıxmasını, Əlikram Hümbətovun separatçı fəaliyyəti barədə ilk həqiqi sözün müəllifi olmasını, eləcə də parlament müxbiri kimi SSRİ Ali Sovetinin iclaslarından hazırladığı reportaj və müsahibələrin yaratdığı əks-sədaları yada salaq. Bütün bunlar Telman Əliyevin jurnalist kimi fəaliyyətinin məsuliyyətli anları, müəllif kimi isə kitabının oxunaqlı səhifələridir.
- İyul ayı bizim üçün iki tarixi günlə bağlı əlamətdardır. Birinci, milli mətbuatımız məhz həmin ayda - iyulun 22-də ərsəyə gəlib. Həsən bəydən sonra bu yolu böyük məsuliyyət və peşəkarlıqla davam etdirən, hərəsi bir jurnalistika məktəbi olan çoxsaylı qələm sahibləri ilə ünsiyyətdə olmuşam. Bu, böyük səadətdir. İkinci, 1969-cu il iyul ayının 14-də ulu öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlib. Mən kitabdakı "Siyasi portretlər" bölməsində verilmiş "Azərbaycanın xilaskarı", "Həyatını Azərbaycanın tərəqqisinə, xalqın xoşbəxtliyinə həsr etmiş şəxsiyyət" və "Ulu öndər Heydər Əliyev mətbuatın, jurnalistlərin yaxın dostu idi" adlı məqalələrdə həmin məqamlara toxunmuşam. Həsən bəy Zərdabinin əməllərini yaşadan, məktəbini davam etdirən insanlarla fəxr etdiyimiz kimi Heydər Əliyevin dövlətçilik ənənəsini, idarəçilik prinsiplərini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətindən də böyük fəxr və iftixar hissi duyuruq...İyul ayında bizim tariximizə qızıl hərflərlə yazılmış iki böyük hadisə vardır. Bu kitabın iyulda işıq üzü görməsini məhz ona görə arzulayırdım. Belə də oldu.
Telman Əliyev kitabın ilk səhifəsindəcə yazır: "Ömrün ahıl çağında tərtib etdiyim bu kitabı ailəmə, qohum-əqrabama, dostlarıma və tanışlarıma xatirə qalsın deyə hazırladım". Səmimi və təvazökarlıqla söylənilmiş fikirlərdir. Mən isə 10 il əvvəl, bu həmkarımızın 60 illiyi münasibətiylə qələmə aldığım müsahibənin sonunda Telman müəllimdən eşitdiyim fikirlərlə yazını tamamlayıram: "Mətbuat həmişə mətbuatdır. Onu bugünkü, sabahkı, dünənki mərhələlərə bölməyək. Söz həmişə qüdrətli olub və olmalıdır. Qəzet həmişə urvatlı və kəsərli olub, yenə də olmalıdır".

{nl}


İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında