Azərbaycan Respublikasının Baş Prokurorluğu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirmişdir

 

 

Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Respublika Prokurorluğu  orqanlarında təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq  müxtəlif tədbirlər keçirilir.

Həmin tədbirlərin davamı olaraq mayın 8-də “Hyatt Regency” otelində Baş Prokurorluq xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası Prokurorluğunun yenidən formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etməklə, onun əziz və unudulmaz xatirəsini yad etmişlər.

Ulu öndərin həyat yoldaşı, görkəmli alim Zərifə xanım Əliyevanın da xatirəsi anılmışdır.

Konfransın işində Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, bir sıra tabe prokurorlar və prokurorluğun gənc əməkdaşları, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı iştirak etmişdir.

Konfransı giriş nitqi ilə açan baş prokuror Zakir Qaralov “Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər heyəti ilə 26 aprel 2000-ci ildə keçirdiyi müşavirə Azərbaycan Prokurorluğunun tarixində dönüş nöqtəsi olmuşdur” mövzusunda  geniş məruzə ilə çıxış etmişdir. Z.Qaralov qeyd etmişdir ki, yubiley ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013-cü il 21 yanvar tarixli sərəncamı ulu öndərin unudulmaz xatirəsinə ümumxalq məhəbbətinin ifadəsi olmaqla yanaşı, ilk növbədə, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərinə dövlət səviyyəsində verilən layiqli qiymət  kimi dəyərləndirilməlidir.

Diqqətə çatdırılmışdır ki, keçən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir.

Eyni zamanda, ümummilli lider Heydər Əliyev gördüyü möhtəşəm işlərin davamlılığını təmin etmək və müəllifi olduğu və uzun illərə hesablanmış “Azərbaycanın strateji inkişaf konsepsiyası”nın gələcəkdə də reallaşdırılmasına nail olmaq məqsədi ilə, millətin  gələcək lideri olacaq İlham Əliyevin yetkin bir siyasətçi kimi yetkiləşməsini təmin etmişdir. Bunun nəticəsidir ki, müdrik Heydər Əliyev dövlətçilik siyasətinin və bu siyasəti yeni məzmunda uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün Azərbaycan xalqının ən mütərəqqi qanunlarla tənzimlənən, insan hüquq və azadlıqları üçün real təminatlar yaradan vətəndaş cəmiyyətində yaşamasını, hərtərəfli islahatlar nəticəsində formalaşmış demokratik və hüquqi dövlətdə fəaliyyət göstərməsini təmin etmişdir.

Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı respublikamızın hüquq mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətində də əsaslı dönüş yaradılmasına səbəb olmuş, çox ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafeyinin  müdafiəsi məsələləri ön plana çəkilmişdir. Məhz xalqımızın ümummilli liderinin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilməklə, bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər edilmiş, “cəzanın labüdlüyü” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Daha sonra bildirilmişdir ki, Heydər Əliyevin 2000-ci il aprelin 26-da respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarixində əsil dönüş nöqtəsi oldu, ölkəmizdə aparılan möhtəşəm yenidənqurma proseslərindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanılmışdır. Heydər Əliyevin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olmuşdur.

Həyata keçirilən tədbirlər sırasında Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Konfransda Yeni Azərbaycan Partiyası icra katibinin  müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətində xalq amili” mövzusunda məruzə ilə çıxış etmişdir.

Daha sonra baş prokurorun birinci müavini Rüstəm Usubov “Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərində müvafiq dövlət  təsisatları və Azərbaycan Prokurorluğunun dövlət çevrilişləri, terror aktları və dövlətçilik əleyhinə digər ağır cinayətlərə qarşı mübarizəyə səfərbər edilməsi”, baş prokurorun müavini - Respublika hərbi prokuroru Xanlar Vəliyev “Milli Ordumuzun yaradılması, müstəqil Azərbaycanın hərbi prokurorluq orqanlarının formalaşdırılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolu”, baş prokurorun müavini Namiq Əsgərov “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili”, Kadrlar idarəsinin rəisi Bəhruz Mahmudov “Heydər Əliyevin siyasi iradəsi Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qulluğa qəbulun yeni qaydalarının müəyyənləşdirilməsi və prokurorluğun kadr korpusunun yenidən formalaşdırılmasının əsasını təşkil etmişdir”, Bakı şəhər prokuroru Əziz Seyidov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin və hüquqi islahatların yaradıcısıdır”, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev “Azərbaycan Respublikasında müstəqil dövlət quruculuğu və korrupsiyaya qarşı mübarizə”, Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov “Heydər Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin banisidir” və Hüquqi təminat və informasiya texnologiyaları idarəsinin rəisi Natiq Hüseynov “Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyaları bütün dövlət təsisatlarında, o cümlədən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni informasiya texnologiyalarının tətbiqinə başlanılmasının əsası olmuşdur” mövzularında çıxışlar etmişlər.

Konfrans iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivi adından xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir.

Konfransın işinə yekun vuran baş prokuror Zakir Qaralov bir daha diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyəti və zəngin siyasi irsi həmişə xalqımızın inkişaf yolunu işıqlandıran və ona düzgün yol göstərən bir mayak olacaqdır.

Baş prokuror konfrans iştirakçıları və prokurorluq orqanlarının bütün əməkdaşları adından əminliyini bildirmişdir ki, prokurorluğun kollektivi həmişə Heydər Əliyev ideyalarına sadiq olacaq, onun unudulmaz xatirəsini əziz tutacaq və bütün qüvvələrini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm ideyaların həyata keçirilməsinə istiqamətləndirəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında