Bu günlərdə xalqımız ulu öndər Heydər Əliyevin
90 illik yubileyini böyük təntənə, qürur hissi ilə qeyd edir. Bu münasibətlə keçirilən tədbirlərdə Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin görkəmli siyasət xadimi Heydər Əliyevə sonsuz el məhəbbəti tərənnüm olunur, ümummilli liderin cahanşümul fəaliyyəti qədirbilənliklə yad olunur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Suraxanı Rayon Mühafizə Şöbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yığıncaq keçirildi. Tədbir iştirakçıları öncə ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş etdirildi.
Baş Mühafizə İdarəsi Suraxanı Rayon Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elman Səfərov geniş məruzə ilə çıxış edərək ümummilli liderin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən söhbət açdı. Qeyd olundu ki, bütün mənalı ömrünü xalqına və Vətəninə həsr etmiş ulu öndər Heydər Əliyev, sözün həqiqi mənasında, tarix yaradan görkəmli şəxsiyyətlərdəndir. O şəxsiyyətlərdən ki işıqlı, nurlu əməlləri ilə hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaltmışdır. Natiq bildirdi ki, taleyin hökmü ilə xalqımız üçün son dərəcə məsul iki tarixi məqamda Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev respublikamızı sürətli inkişaf və tərəqqi yoluna çıxarmağa müvəffəq olmuşdur. Elə Heydər Əliyevi ümummilli lider məqamına yüksəldən, xalqının sevimlisinə çevirən ən başlıca keyfiyyətləri də məhz onun Azərbaycana və azərbaycançılığa sadiqliyi, Vətənini canından artıq sevməsi ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycana rəhbər təyin olunan ulu öndər, ilk növbədə, respublikamızı iqtisadi tənəzzüldən qurtarmağı, xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasını özünün başlıca vəzifəsi kimi müəyyənləşdirdi və heç bir təzyiq onu bu şərəfli yoldan çəkindirə bilmədi. Heydər Əliyevin bacarığı və qətiyyəti sayəsində Azərbaycan az müddət ərzində SSRİ-nin qabaqcıl, sürətlə inkişaf edən respublikasına çevrildi. Azərbaycanın gələcəyini savadlı kadrların yetişdirilməsində görən ümummilli lider respublika gənclərinin İttifaqın qabaqcıl ali məktəblərində təhsil almasını təşkil etdi.
E. Səfərov bildirdi ki, ötən əsrin sonlarında dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanda hakimiyyət kürsüsünə yiyələnən naşı, səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından respublikamız, xalqımız çətin sınaq qarşısında qalmışdı. Ölkədə baş qaldıran separatçılıq meyilləri, xaos və anarxiya, Ermənistanın əsassız torpaq iddiaları Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə yaradırdı. Yalnız xalqın çoxsaylı təkid və xahişlərindən sonra yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev əsl siyasət adamına xas keyfiyyətləri ilə Azərbaycanın müstəqilliyini qoruyub saxladı. Təsadüfi deyil ki, Heydər Əliyevin prinsipiallığı, müdrikliyi və əsl ağsaqqala xas keyfiyyətləri sayəsində qeyri-sağlam qüvvələr zərərsizləşdirildi, separatçılıq meyillərinin qarşısı qətiyyətlə alındı və nəticədə ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. Bu işdə xalqın birliyinə, hüquq-mühafizə orqanlarına, Azərbaycan polisinə yüksək inam və etimad bəsləyən ulu öndər əvvəlki hakimiyyəti dövründə olduğu kimi, kadrların yerləşdirilməsinə xüsusi diqqət yetirdi, idarəetmə sahəsində zəngin təcrübəsi olan şəxsləri məsul vəzifələrə təyin etdi.
Qeyd olundu ki, ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydalarına riayət olunması məqsədilə qanunvericilik bazası təkmilləşdirildi, Azərbaycan polisinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün konkret addımlar atıldı. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində hüquq-mühafizə orqanlarının müstəsna xidmətlər göstərdiyini diqqətə çatdıran natiq bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ölkədə ictimai asayişin qorunmasınada, cinayətkarlıqla mübarizənin təşkilində, insan hüqquq və azadlıqlarının təminatındakı rolunu və fədakar xidmətini həmişə yüksək dəyərləndirmişdir. Ulu öndərin “daxili işlər orqanlarının şəxsi heyəti xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutmalıdır” kəlamını xatırladan şöbə rəisi bildirdi ki, ötən müddətdə çətin və şərəfli bir yol keçmiş Azərbaycan polisi ümummilli liderin bu tövsiyəsinə əməl edərək ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, bir sözlə, qanunçuluğun keşiyində ayıq-sayıq dayanmışdır.
E. Səfərov daha sonra bildirdi ki, hazırda ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuş, ölkəmizin beynəlxalq nüfuzu xeyli artmışdır. Ötən müddətdə ölkə həyatının bütün sahələrində olduğu kimi, qanunçuluğun və hüquq qaydalarının təkmilləşdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu baxımdan daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılmışdır. Daxili İşlər Nazirliyin Baş Mühafizə İdarəsində də son zamanlar mühüm tədbirlər həyata keçirilmiş, adı çəkilən qurumun sıraları sağlam, savadlı gənclərlə möhkəmləndirilmiş, cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin və insanların şəxsi əmlaklarının mühafizəsinin təşkili sahəsində lazımı işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, hazırda vətəndaşlar, ayrı-ayrı şəxslər öz obyektlərinin və mənzillərinin qorunmasını bu quruma daha çox etibar edirlər. Qeyd olundu ki, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Suraxanı Rayon Mühafizə Şöbəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, cinayətkarlıqla mübarizədə, insanların şəxsi əmlakının qorunmasında ayıq-sayıq dayanırlar. Bu yaxınlarda rayon mühafizə şöbəsinin müasir standartlar səviyyəsində inşa olunmuş yeni inzibati binaya köçürülməsi, burada yaradılmış hərtərəfli şərait, eləcə də əməkdaşlara göstərilən yüksək qayğı və diqqət polisi öz işinə daha böyük həvəslə və məsuliyyətlə yanaşmağa sövq edir.
Sonra Suraxanı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nazim Fətullayev, eləcə də rayon mühafizə şöbəsi şəxsi heyətinin əməkdaşları çıxış edərək ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan ömür yolundan, bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söhbət açdılar. Qeyd olundu ki, Azərbaycanın layiqli vətəndaşı olmaq üçün Vətəni ümummilli lider Heydər Əliyev kimi sevmək, ona sədaqətlə qulluq etmək lazımdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.