Vətənin xoş sabahı naminə

 

 

Yeri-yurdu tanıdan həmişə onun oğlu-qızı olub. Zöhrabkəndin də başdan-binədən bəxtinə onu şöhrətləndirən övladlar düşüb. Onlardan kimisi məsul vəzifələrdə çalışan dövlət qulluqçusu olub, kimisi də adlı-sanlı elm adamı, fəxri-titullu alim.

On iki il bundan qabaq haqq dünyasına qovuşan Ağalar Əliyev isə təkcə doğulub boya-başa çatdığı qədim Şabran bölgəsinin qoynunda dünyaya gəldiyi doğma Zöhrabkəndi, sonralar yaşayıb çalışdığı, nəhayət torpağa tapşırıldığı Siyəzəni deyil, bütövlükdə Vətəni Azərbaycanı tanıdan igid əsgərlərdən olub. SSRİ adlanan böyük bir məmləkəti, bütün Avropanın faşist taunundan azad olunmasında iştirak edib. 1942-ci ilin bir soyuq fevral günü hərbi komissarlığa adi pencəkdə gedən Ağalar Əliyev 1946-cı ildə qalib bir döyüşçü kimi cəbhədən geri dönüb. Kitelinin yaxasını yuxarıdan aşağıya bəzəyən III dərəcəli Şöhrət, II dərəcəli Böyük Vətən müharibəsi, “Qırmızı Ulduz”, “Qırmızı Bayraq” ordenləri, “İgidliyə görə”, “Döyüş şücaətinə görə” medallarının bir-birinə dəydikcə çıxardıqları cingilti səsi yeridikcə özündən qabağa gedib çatıb və baxanlar bu igid həmyerliləri ilə fəxr edib. Ali baş Komandanın əmri ilə Ağalar Əliyev doqquz Təşəkkürnaməyə layiq görülüb.

1942-ci ilin fevralında Ağalar Əliyev cəbhəyə yola düşəndə faşistlər  Şimali Qafqazda idilər və yaxınlıqda isə babalarımızın əbədi yatdıqları torpaq, əkin-biçin yerlərimiz, doğma Azərbaycanımız idi və Ağalar Əliyev də o torpağın müdafiəsinə qalxmışdı. Qışın şaxta-soyuğu Ağaları qətiyyən üşütmürdü. Vətən sevgisi, yurd məhəbbəti idi onun qəlbini  isindirən, üşüməyə qoymayan...

Boqdan Xmelnitski ordenli 877-ci artilleriya alayının top taqımı komandiri idi. Polkları cənub cəbhəsinin tərkibində idi. Ağaların Krımdan başlanan cəbhə yolu şəhərlər keçə-keçə, Avropanın neçə-neçə ölkəsini dolaşa-dolaşa 1946-cı ilin sonlarında başa çatdı.

...1943-cü il idi. Ukraynanın Zaporojye şəhəri uğrunda düşmənlə amansız döyüşlər gedirdi. Ağalar Əliyevin komandiri olduğu topçu taqımı sol cinahda müdafiə mövqeyində durub, düşmənin əks hücumlarını gözləyirdi. Serjant yaxşı bilirdi ki, döyüşdə qələbə soyuqqanlılıqla, cəldliklə əldə edilir.

Faşist tankları hücuma keçəndə Ağalar Əliyev üzünü əsgərlərinə tutub:

-Üstümüzə “dəmir pələnglər” gəlir. Bu gün biz onları, baxın, burada məhv edəcəyik”, - deyə yumruğunu səngərin qırağına çırpdı.

Tanklar sağ cinahdan və mərkəzdən müdafiə xəttini yarıb irəli keçmişdilər. Düz xətt boyunca üç düşmən tankı irəliləyirdi. Serjant yaxşı bilirdi ki, tanklar yalnız uzaqda görünəndə qorxulu olur. Topçularımız düşmən tanklarını yaxın buraxıb, yalnız bundan sonra atəş açmağa başladılar.

Tanklar bir-bir vurulub məhv edildi. Düşmən hücumunun qarşısı beləcə alındı.

Ağalar Əliyevə həmin döyüşdə göstərdiyi şücaətə görə “Qırmızı Bayraq” ordeni təqdim ediləndə bircə kəlmə söz dedi: “Sovet İttifaqına xidmət edirəm”.

Onun komandiri olduğu topçular batareyası cəbhənin ən qaynar nöqtələrində olub. Ladoqa gölü ətrafında gedən döyüşlərdə iştirak etmək üçün Ağalar Əliyevin batareyası Ukraynadan birbaşa ora yollanıb.

Topçular vurduqları hədəfi qeyd etmək üçün adətən toplarının üstünə üstəgəl işarəsi qoyurlar. Həmin işarələri hesablamaqla məhv etdikləri düşmən texnikasının sayını bilirlər.

Ağalar Əliyevin Berlinə girəndə onun topunun üstündə üstəgəl işarəsi çəkməyə yer qalmamışdı...

Dava qurtarandan sonra qalib əsgər-topçu serjant Ağalar Əliyev doğma kəndlərinə qayıtdı və ömrü boyu əkin-biçinlə məşğul oldu.

...2000-ci ilin 9 mayı - Qələbə günü idi! Oğul-uşaq qalib əsgərin -Ağalar kişinin adına layiq bir süfrə açmışdılar. Axı, ataları bir vaxt bu qələbə naminə ömrünün ən gözəl çağlarını, gənclik illərini cəbhədə ölümlə üz-üzə keçirmişdi. Atalarını qonşu otaqdan süfrə başına çağırmağa gedən evin böyük oğlu Nadir müəllim gördüyünə inanmadı: pəhləvan cüssəli kişi elə oturduğu yerdəcə keçinmişdi, ölüm də onun müvazinətini əyib əyləşdiyi yerdən yıxa bilməmişdi.

Keçmiş döyüşçünü Siyəzəndə torpağa tapşırdılar. Oğlu Nadir müəllimin indi bir nisgili var!

-Təəssüf ki, atam Siyəzənin bugünkü növrağını görə bilmədi, - deyir, - şəhərimiz indi az qala hər gün göz qabağında dəyişir, böyüyür, gözəlləşir, abadlıq-quruculuq işləri yeni vüsət alır. Hər gün yeni bir tikili, yeni bir sosial obyekt!

Ağalar kişi bunları görməsə də, nə qəm. Axı əsgərlər həmişə döyüşə Vətənin müdafiəsi ilə yanaşı, həm də xoş sabahı naminə yola düşürlər...

İlyas İLYASOV,
Siyəzəndə çıxan “Çıraq” qəzetinin redaktoru 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında