Ağsaqqallar israfçılığa "yox" deyirlər

Hamılıqla əl-ələ verib xeyir-şər məclislərinin keçirilməsində qayda yaratmalıyıq
Yevlax şəhərinin Sahil restoranında Azərbaycan Ağsaqqallar Şurasının Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi "Xeyir-şər məclislərində israfçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsi çərçivəsində növbəti "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, layihənin ekspertləri, Jurnalistlər, Yevlax Şəhər İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ziyalılar, ağsaqqallar, gənclər iştirak edirdilər.
Tədbiri AAŞ-ın ictimaiyyətlə əlaqələr komissiyasının sədri Nicat Əsgərov açaraq layihə haqqında məlumat verdi. Layihənin rəhbəri Nərgiz Cəfərova mövzunun aktuallığını vurğulayaraq qeyd etdi ki, layihə aprel ayının 6-dan fəaliyyətə başlayıb. Onun I hissəsi artıq başa çatıb. Bu müddət ərzində "Xalq qəzeti", "Olaylar", "Kaspi", "Ekspress", "Türküstan" qəzetləri ilə əməkdaşlıq edilib. Təbliğat və maarifləndirmə məqsədilə bu qəzetlərdə mütəmadi olaraq məqalələr çap olunub, AAŞ-ın bu sahədə apardığı işlər, keçirdiyi tədbirlər işıqlandırılıb.
Layihənin II hissəsində bölgələrə səfərlər nəzərdə tutulub. İlk belə səfər Yevlax şəhərində baş tutub. N.Cəfərova bildirib ki, bunda əsas məqsəd Azərbaycanda keçirilən xeyir-şər məclislərində israfçılığın qarşısının alınmasının təbliği və çıxış yollarının araşdırılmasıdır.
Layihə rəhbəri AAŞ-ın həyata keçirdiyi bu xeyirxah işin bölgələrdə razılıqla qarşılandığını qeyd edib: "Layihənin həyata keçirildiyi qısa müddət ərzində aparılan araşdırmalar nəticəsində aydın olub ki, bir çox yerlərdə artıq israfçılıq hallarının aradan qaldırılması yolunda ciddi tədbirlər görülür. Naxçıvan MR-də, Tovuz, İsmayıllı, Gəncə, Tərtər və başqa şəhər və rayonlarda yerli icra hakimiyyəti orqanları bu məsələyə xüsusi diqqət göstərirlər. Yevlaxda aparılan sorğunun nəticələrinə görə icra başçısının və şəhərin nüfuzlu adamlarının öz yaxınlarının yas mərasimlərini sadə formada keçirərək nümunə göstərmələri xalq tərəfindən təqdir olunur. Layihənin məqsədi də insanlara təmtəraqlı mərasimlərin keçirilməsinin əhəmiyyətsiz iş olmasını çatdırmaqdır".
Yevlax Şəhər Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev, Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev, şəhər cümə məscidinin axundu Hacı Eldəniz, Yədilli bələdiyyəsinin sədri Səttar Pənahlı, "Çinar" kəndli-fermer təsərrüfatının rəhbəri, Sosialist Əməyi Qəhrəmanı Şamama Əliyeva, Xaldan kənd orta məktəbinin direktoru Şahin Kərimov və başqaları çıxış edərək məsələnin aktuallığını bir daha önə çəkərək, artıq xeyir-şər məclislərində israfçılıqla mübarizə aparıldığını bildiriblər. Jurnalistlərin və tədbir iştirakçılarının sualları ətrafında fikir mübadiləsi aparılıb. "Dəyirmi masa"da israfçılığın qarşısının alınması üçün təkliflər irəli sürülüb, problemin həmişə gündəmdə saxlanması, mətbuatın və telekanalların diqqətini bu ciddi məsələyə yönəltməyin vacibliyi vurğulanıb.

{nl}


Telman ƏLİYEV, "Xalq qəzeti"nin əməkdaşı, Azərbaycan Ağsaqqallar Şurasının üzvü

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında