Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verilmişdir. Ölkə polad magistralında istifadəyə verilən mühüm obyektlərin əksəriyyəti onun bilavasitə təşəbbüsü ilə həyata vəsiqə almışdır. Təkcə bir faktı deyək ki, ulu öndərin rəhbərliyi dövründə 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.
İstər Sibir torpaqlarında inşa edilən Baykal – Amur Magistralı (Yeri gəlmişkən, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında ümummilli liderin adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur), istərsə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu da ulu öndərin gərgin zəhmətinin bəhrəsi idi.
132 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daima inkişafda olmuş və Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır.
O dövrlərdə respublikaya rəhbərlik edən ümummilli liderimiz ölkənin inkişafına verdiyi önəmli diqqətdən Azərbaycan Dəmir Yolu da kənarda qalmamışdır. Ulu öndər keçən əsrin 80-cı illərinin əvvəllərində istər Azərbaycan Respublikasına, istərsə də Sovetlər İttifaqında hökumətə rəhbərlik etdiyi dövrdə də, ümumilikdə, sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir.
Ümummilli liderimizin rəhbərliyi altında o zamanki sovetlər ittifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılmışdır.
XX əsrin 90-cı illərinin əvvələrində sovet ittifaqı çökdükdən sonra Azərbaycan polad magistralı da tənəzzülə uğramış, qonşu ölkələrlə iqtisadi əlaqələr kəsilmiş, istər yük, istərsə də sərnişin daşınması minimum həddə enmiş, bəzi istiqamətlərdə daşımalar tamamilə dayandırılmış və bunun nəticəsində dəmir yolu infrastrukturu, demək olar ki, tamamilə dağıdılmış, ixtisaslı kadrlar müvafiq sahədən uzaqlaşmış və ölkə polad magistralı tamamilə iflic vəziyyətinə düşmüşdü.
Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 kilometr sahəsi işğal altına düşmüş və təsərrüfatlara təxminən 45 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir.
1993-cü il iyunun 15-də də ümummilli lider xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və respublikada sosial-iqtisadi tənəzzülü dayandırmağa müvəffəq olmuşdur.
O vaxtdan başlayaraq Azərbaycan dəmir yolunda dönüş nöqtəsinin əsası qoyulmuş və ölkə polad magistralı dirçəliş dövrünə başlamışdır. Belə ki, ümummilli liderin göstərişlərini əldə rəhbər tutan nəqliyyat naziri, o vaxtkı Dövlət Dəmir Yolunun rəisi Ziya Məmmədovun rəhbərliyi ilə bir sıra iqtisadi islahatlar aparıldı. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilərək xidmət və şöbələrin bazasında müstəqil istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradıldı. Hazırda bu uğurlu işlər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov tərəfindən uğurla davam etdirilir.
Bu dövrdə sərnişin daşınmasının yüksək səviyyədə təşkili üçün xüsusi tədbirlər görülmüş, daxili imkanlar hesabına sərnişin vaqonlarının təmirinə başlanılmış və qısa vaxt ərzində yüksək standartlara cavab verən sərnişin vaqonları hazırlanaraq istismara verilmişdir.
Dahi şəxsiyyətin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir. İndi Azərbaycan polad magistralı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Hazırda ölkə başçısı İlham Əliyevin 6 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” sürətlə icra olunur.
Dahi öndər hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə reallaşdırmışdır. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişlər və onların əksəriyyəti bu gün nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin məntiqi nəticəsidir. Sevindiricidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir.
Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yeniliklərin bir qisminə nəzər salaq. 4 yanvar 1998-ci il tarixdə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə ümummilli lider Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirmişdir.
Prezident Heydər Əliyev həmin tədbirdə çıxış edərkən demişdir: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.
Ulu öndər Heydər Əliyev 6 dekabr 1998-ci il tarixdə çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün dəmiryolçular tərəfindən konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasına gəlmişdir. O, dəmiryolçular qarşısında çıxış edərkən demişdir: “Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi...”
Xeyrulla HÜMBƏTOV, YAP-ın “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilk təşkilatının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.