Milli Məclisin bir qrup deputatı, ictimaiyyətin, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri cəbhə xəttində olmuşlar

 

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Müdafiə Nazirliyinin təşəbbüsü ilə Milli Məclisin bir qrup deputatı, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri Beyləqan və Füzuli rayonları ərazisində xidmət edən əsgərlərlə görüşmüşlər.

Milli Məclisin deputatları-Gövhər Baxşəliyeva, Nizami Cəfərov, İlham Məmmədov, Sahibə Qafarova, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov, Filologiya İnstitutunun baş elmi işçisi Rafiq Qasımov, xalq şairi Söhrab Tahir və hüquq müdafiəçiləri əvvəlcə Beyləqan rayonu ərazisindəki “N” saylı hərbi hissəyə gəlmişlər.

Qonaqlar burada ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək xatirəsinə hörmət və ehtiramlarını bildirmiş, hərbi hissədə əsgər və zabitlərimizin vəziyyəti, xidmət şəraiti ilə tanış olmuşlar.

Sonra qonaqlar Füzuli rayonu ərazisindəki hərbi hospitalda olmuş, ön xətdə xidmət edən əsgər və zabitlərlə görüşmüş, onların yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə tanış olmuş, işğal altında olan ərazilərimizi müşahidə etmişlər.

Nümayəndə heyətinə ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə məlumat verilmişdir.

Burada Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.

 Azərbaycan ordusunun müasir vəziyyəti, döyüş hazırlığı barədə məlumat verən E.Sabiroğlu bildirmişdir ki, Azərbaycanda vahid, nizami ordunun yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev vaxtilə Füzuli rayonunun təmas xəttində yerləşən ərazilərində olmuş, burada xidmət edən zabit və əsgərlərlə görüşərək onlara öz tövsiyələrini bildirmişdir.

Mətbuat xidmətinin rəhbəri bildirmişdir ki, bu ilin 4 ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs 705 dəfə pozulmuşdur. Bu müddət ərzində Azərbaycan ordusu 7 döyüş itkisi vermişdir. Ermənilərin itkisi isə iki dəfə çox olmuşdur. Atəşkəs daha çox Ağdam, Füzuli, Xocavənd istiqamətində pozulmuşdur.

Dörd ay ərzində Azərbaycan ordusu cəbhə xəttində iki böyük hərbi təlim keçirmişdir. Silahlı Qüvvələrimizin hərbi qulluqçuları ölkədə və xarici dövlətlərdə keçirilən 100-dən artıq tədbirdə iştirak etmişlər. Hazırda Azərbaycanın 50 ölkə ilə hərbi əməkdaşlığı vardır.

Mətbuat konfransında qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün  Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir. Bu cür müasir ordu ilə işğal altında olan bütün torpaqlarımız azad ediləcəkdir. 

Qonaqlar daha sonra hərbi hissənin qərargahına gəlmişlər.

Milli Məclisin deputatı Nizami Cəfərov, xalq şairi Söhrab Tahir, tarzən, xalq artisti Ramiz Quliyev əsgərlər qarşısında çıxış edərək onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışlar.

Bildirilmişdir ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş vermişdir. Hazırda dövlətimizin başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi onu deməyə imkan verir ki, ordumuz qarşıya qoyulan vəzifəni yerinə yetirməyə, işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.

Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı hərbi hissədə konsert proqramı ilə çıxış etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında