Odlar diyarı Abşeron öz yubileyini qazandığı böyük uğurlarla qarşılayır

 

 

 

 

50 ildə keçilən yola nəzər salanda qürurlanmağa, qurub-yaradanları alqışlamağa dəyər

 

Son  günlərin mövsümə uyğun olmayan, qeyri-sabit hava şəraiti müəyyən narahatlıqlar yaratsa da, həmin gün təbiət də bayram əhval-ruhiyyəsinə “qoşulmuşdu”. Az-az rastlanan gözəl və əsl yaz havasında abşeronlular doğma rayonlarının 50 illiyini, yüksək coşğu ilə qeyd etmək üçün Xırdalan şəhərinin küçə və meydanlarına axışmışdı. Sözün həqiqi mənasında, adam əlindən tərpənmək olmurdu, bu da təbii idi - qədim Abşeronun inzibati rayon kimi yaradılmasının 50 illiyinin sevincini birgə bölüşmək duyğusu qədər təbii nə ola bilər ki?

Bəri başdan qeyd etmək yerinə düşər ki, bu cür ağır və məsuliyyətli tədbirin yüksək səviyyədə hazırlanması təşkilatçıların gərgin əməyi sayəsində mümkün olub. Bunun da nəticəsində iştirakçıların və izləyicilərin illərlə, on illərlə unutmayacaqları bayram şənliyi yaşandı. Abşeronun Abşeron kimi formalaşmasında, inkişafında əməyi, zəhməti olan müharibə və əmək veteranlarının, ağsaqqalların yaddan çıxarılmaması, əksinə, hörmət və izzətlə dəvət olunaraq bayram şənliyində iştirak etmələri tədbirin əhəmiyyətini daha da artıran ən maraqlı məqamlardan biri idi.

Rayonun bədii özfəaliyyət kollektivlərinin və məktəb şagirdlərinin hazırladıqları kompozisiyaları, idmançıların müxtəlif növlər üzrə bacarıqlarını nümayiş etdirmələrini tədbir iştirakçılarının necə məmnuniyyətlə qarşıladıqlarını asanlıqla üzlərindən oxumaq olurdu. Tədbirin mükəmməlliyini bu fakt da sübut edirdi ki, ssenaridə Abşeron tarixinin əlamətdar dövrlərini əks etdirən məqamlara xüsusi həssaslıqla toxunulmuşdu. Məsələn, mərasim iştirakçılarının qarşısından keçən dəvə karvanı, Türk qoşunları tərəfindən Bakının bolşevik-erməni işğalından azad olunması Abşeron tarixinin səhifələrində özünəməxsus yer tutur və bu məqamların inandırıcı şəkildə canlandırılması izləyənlərə o anları sanki bir daha yaşatdı.

Sərhəd Qoşunları əsgərlərinin nümayiş etdirdikləri döyüş səhnəciklərini iştirakçılar böyük şövqlə izlədilər və bir daha əmin oldular ki, Azərbaycan ordusunun günbəgün artan qüdrəti, intizamı torpaqlarımızı düşmən işğalından azad edə biləcək səviyyədədir.

İdarə, müəssisə və təşkilatlar təntənəli keçidin növbəti iştirakçıları oldular. Məlumdur ki, Abşeron rayonu əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşır. Eyni zamanda, son dövrlərdə sənayenin inkişaf etdirilməsi ilə rayon “sənaye nüfuzunu” da artırıb. Abşeronda fəaliyyət göstərən sənaye müəssisələrinin istehsal etdikləri məhsulların şöhrəti rayonun sərhədlərini çoxdan aşaraq respublikamızın bütün bölgələrinə və MDB məkanına yayılıb. Son yeddi ildə istifadəyə verilən belə müəssisələrdən Aşağı Güzdək, Qobu və Məmmədlidəki nəhəng kərpic zavodlarını, Xırdalanda şüşə qablar istehsal edən müəssisəni, “Palitra”, “AZ MDF”, “N-Line” mebel, “Piramida” və “Avropa qapıları” kimi iri özəl istehsal müəssisələrini nümunə göstərmək olar.

Bu gün rayon üzrə əsas kapitala yönəldilən investisiyaların orta illik məbləği 11 dəfə artaraq 182 milyon manata çatmışdır. ÜDM istehsalının 2005-ci illə müqayisədə 6,7, sənaye məhsulu istehsalının 13 dəfə artması rayon büdcəsinin daxili gəlirlər hesabına formalaşmasını təmin etmişdir. Yerli vergi ödəmələrinin 2011-ci ildə 24 milyon manatı keçməsi də (2003-cü ildə 1,4 milyon manat) çox uğurlu iqtisadi göstəricidir. Məhz bunun nəticəsidir ki, Abşeron son illər mərkəzi büdcədən dotasiya almayan rayonların sırasındadır.

Abşeronun rayon kimi 50 illik tarixi heç də həmişə yüksələn xətlə müşayiət olunmayıb, həddindən çox çətinliklər sınaqlar yaşanıb. Müstəqil rayon kimi özünü doğrulda bilməməsi üçün böyük süni əngəllər yaradılıb. Ancaq abşeronluların əzmi, iradəsi bütün çətinliklərə sinə gərməyə bəs edib. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə məsələyə müdaxiləsi isə, heç şübhəsiz ki, Abşeronun müstəqil rayon kimi fəaliyyət göstərə bilməsi üçün ən vacib amil rolunu oynayıb. Bu gün abşeronlular doğma rayonlarının 50 illik yubileyini bayram kimi qeyd etmək fürsətini qazandıqlarına görə məhz dahi şəxsiyyət Heydər Əliyevə borcludurlar. Rayonun 50 ilinin son on ili Prezident İlham Əliyevin rəhbərliyinə təsadüf edir. Mübaliğəsiz demək olar ki, bu on il Abşeron rayonunun tarixində xüsusilə önəmli yer tutur. On ildə elə möhtəşəm inkişaf yolu keçilib ki, bu yola nəzər salanda qürurlanmağa, qurub-yaradanları alqışlamağa dəyər. Səliqə-sahmanlı küçələr, geniş park və meydanlar, əsaslı şəkildə abad və təmir olunmuş yaraşıqlı yaşayış binaları, yeni tikilmiş onlarla sosial obyekt bu gün Abşeronun görkəmini tamamilə dəyişib. Altı-yeddi ilə əvvələ kimi dağınıq qəsəbə olan Xırdalanın şəhər kimi inkişafı, burada baş verən füsunkar dəyişikliklər, sözsüz ki, yorulmaz abşeronluların zəhmətinin bəhrəsidir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə şəhər statusu alan Xırdalan sürətlə tərəqqiyə başlamışdır. Bütün böyük şəhərlər kimi indi Xırdalan da hündürmərtəbəli yaşayış binalarına, geniş və səliqəli küçələrə, minlərlə insanın könül xoşluğu ilə istirahət etdiyi əyləncə məkanlarına, park və meydanlara malikdir. Çox yox, cəmisi 7-8 il qabaq hətta günün günorta çağında adam tapılmayan Mərkəzi park ulu öndərin adına layiq səviyyəyə gətiriləndən sonra burada əyləşmək üçün boş oturacaq tapmaq müşkül məsələdir. Yeri gəlmişkən, 9,5 hektarlıq bu möhtəşəm parkda Heydər Əliyev Muzeyi ucaldılmışdır. Bundan əlavə, şəhər mərkəzində “Əsgər anası” abidə kompleksi yenidən qurulmuş, Misir-Azərbaycan dostluğu parkı salınmışdır. Həmçinin Xırdalanda Olimpiya İdman Kompleksinin, müasir tipli rayon mərkəzi xəstəxanasının, Saray—Novxanı—Mehdiabad—Fatmayı, Hökməli—Qobu—Lökbatan-Güzdək—Potu avtomobil yollarının salınması Abşerondakı inkişafın dinamikasından xəbər verir.      

Bu məqamda Abşeron rayonunun 50 illik tarixinə qısa nəzər salmaq vaxtıdır. 50 illik tarixində Abşeron bir çox dəyişikliyin — birləşmənin və ayrılmanın şahidi olub. 1963-cü ilin yanvarında Bakı şəhərinin Qaradağ, indiki Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonları ərazisindəki kolxoz və sovxozların, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə aid 4 elmi-tədqiqat institutunun, texniki təchizat bazalarının, Sumqayıt şəhərinin Saray, Ceyranbatan, Aşağı Güzdək, Sitalçay, Şuraabad, Giləzi, Xızı, Tıxlı, Xələnc, Fındığan, Baxışlı, Altıağac yaşayış məntəqələrinin və həmin ərazidəki sovxozların, Dəvəçi (indiki Şabran) və Siyəzən şəhərləri istisna olmaqla, həmin rayonların bütün yaşayış məntəqələri, təsərrüfat, idarə, müəssisə və təşkilatlarının bazasında Abşeron rayonu yaradılmışdır. Binəqədi, Sabunçu və Qaradağ rayonlarının Xırdalan, Hökməli, Masazır, Novxanı, Digah, Məmmədli, Fatmayı, Görədil, Qobu, Güzdək yaşayış məntəqələri də rayonun inzibati ərazisinə daxil edilmiş, Xırdalan qəsəbəsi rayonun mərkəzi olmuşdur.

Məlumdur ki, Abşeron rayonunun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini təzə və keyfiyyətli ərzaq məhsulları ilə etibarlı şəkildə təmin etmək idi. Ötən əsrin 70-ci illərində, daha sonra 80-ci illərin əvvəllərində kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində qazanılan nəticələr yaxın keçmişin xoş təəssüratlarla xatırlanacaq məqamlarındandır. Bərəkətli torpağa məxsus “Abşeron nemətləri”nə şairlər söz qoşub, bəstəkarlar nəğmələr bəstələyiblər.

80-ci illərin ikinci yarısını və 90-cı illəri əhatə edən tənəzzül dövrü, şükür ki, çoxdan geridə qalıb. Abşeron itirilmiş şöhrətini qaytarmaq üçün hər cür fədakarlığa sinə gərib. Nəticələr də ürəkaçandır. Hazırda rayonun iri fermer təsərrüfatları, müasir texnologiyalara malik emal müəssisələri, özəl quşçuluq və maldarlıq təsərrüfatları, istixanalar təkcə paytaxtı və paytaxtətrafı yaşayış məntəqələrini deyil, respublikanın əksər bölgələrini keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək baxımından xüsusi çəkiyə malikdir.

Abşeronda sahibkarlığın inkişafına da dövlət səviyyəsində yardım edilir. Məsələn, son illər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yerli sahibkarlara 61,8 milyon manat güzəştli kredit verilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına 400 min manat subsidiya ödənilmişdir. Nəticə təkcə özünü istehsalın həcminin artmasında və məhsul bolluğunda göstərməmişdir. Eyni zamanda, işsizlik probleminin həllinə də əsaslı şəkildə təkan vermişdir. Son illər minlərlə abşeronlu yüksək məvacibli və daimi iş yerləri ilə təmin olunmuşdur.

...Açıq səma altında keçirilən tədbir daha sonra Mədəniyyət evində davam etdirildi. Rayonun 50 illiyi münasibətilə dövlət başçısının orden, medal və fəxri adlarla təltif etdiyi 33 abşeronluya təltiflər təqdim edildi. Təltif olunanlar yüksək diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirdi ki, Abşeronun sürətli dirçəlişi məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşmişdir. Ulu öndərin 1981-ci ilin aprel ayında Abşerona növbəti səfəri zamanı dediyi “Abşeronlular öz əməkləri ilə, əzmkarlıqları ilə sübut etmişlər ki, əlahiddə ərazidə yerləşən bu rayon müstəqil yaşamağa qadirdir”– kəlamı rayonun sonrakı çətin mərhələlərdən, sınaqlardan üzüağ çıxması və tərəqqisi üçün əvəzsiz stimul rolunu oynamışdır, daha dəqiqi, Abşeronun “həyata yeni vəsiqəsi” olmuşdur.

Respublikanın tanınmış incəsənət xadimlərinin səsləndirdikləri milli musiqinin sədası altında xoş anlar yaşayan tədbir iştirakçıları doğma Abşeronun 50 illik yubileyindən gözəl ovqat və nikbin duyğularla ayrıldılar.

 

Səməd HÜSEYNOĞLU,

 “Xalq qəzeti”nin  bölgə müxbiri 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında