Heydər Əliyev Sarayında ulu öndərin 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir

 

 

Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açmışdır. O, bildirmişdir ki, dövlət rəhbəri kimi Heydər Əliyev daim mədəniyyət və incəsənət xadimlərinin qayğısına qalmış, onlara himayədarlıq etmiş, tarix boyu Azərbaycanın şan-şöhrətini bütün ellərə yaymışdır.

Ulu öndər dünyanın mədəniyyət xəzinəsinə öz dəyərli töhfələrini bəxş etmiş dahi sənətkarlarımızın təntənəli yubileylərinin keçirilməsində, xalqımızın musiqi, kino, teatr və ədəbiyyat bayramlarının, çoxsaylı festival və mərasimlərin təşkilində şəxsən iştirak etmiş, ziyalılara böyük diqqət və ehtiram göstərmişdir.

Ölkə daxilində keçirilən yubiley tədbirləri Heydər Əliyevin mədəniyyətimizin tərəqqisinə göstərdiyi qayğısını əks etdirir.  Bunlar arasında Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev və Səməd Vurğunun anadan olduğu tarixi günlər, rejissor və pedaqoq Tofiq Kazımovun 75 illiyi, pianoçu Vaqif Mustafazadənin 60 illiyi və öz həyatlarını milli mədəniyyətimizin inkişafına həsr etmiş onlarca digər sənətkarımızın yubileylərini göstərmək olar. Hazırda bu diqqət və qayğı Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son dövrlərdə keçirilən yüksək səviyyəli yubiley tədbirləri bunun bariz nümunəsidir.

Sarayın direktoru Fərhad Babayev ulu öndər Heydər Əliyevin milli  mədəniyyətimizin qorunması və inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirərək, dahi insandan nümunə götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə etmişdir.  F. Babayev həmçinin, bu yaxınlarda görkəmli alim, akademik Zərifə xanım Əliyevanın da 90 illik yubileyinin yüksək səviyyədə keçirildiyini qeyd etmişdir. Natiq görkəmli oftalmoloq, nüfuzlu ictimai xadim Zərifə xanım Əliyevanın  Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşakar elmi kadrların yetişdirilməsindəki böyük xidmətlərindən danışmışdır.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycanın mədəniyyəti, təhsili, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatındakı rolundan və onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlərdən bəhs etmişlər.

Sonda  “Heydər Əliyev -90”  sənədli filmi nümayiş etdirilmişdir.

Sarayın rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üstünə tər güllər düzmüşlər.

A.SADIQOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında