AzərTAc Azərbaycan həqiqətlərini dünyaya tanıdır

 

 

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ölkəmizin xaricdə daha geniş şəkildə tanıdılması üçün daha bir layihəni reallaşdırdı. Bu dəfə agentlik Finlandiya-Azərbaycan Assosiasiyası ilə birgə Helsinkidə geniş tədbirlər həyata keçirdi.

Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin dekabrında AzərTAc Azərbaycan-İsveç Federasiyası ilə birgə Stokholmda respublikamızın mədəniyyəti, tarixi, incəsənəti, turizmi, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitabların sərgisini təşkil etmişdi. Bu kitablar Stokholm Mərkəzi Kitabxanasına təqdim edilmişdi. O zaman həyata keçirilən tədbirlər, görüşlər həm Azərbaycan, həm də İsveç mətbuatında geniş işıqlandırılmışdı.

Bu dəfə isə Finlandiyada keçirilmiş tədbirlər öz əhəmiyyəti və miqyası ilə yadda qaldı. AzərTAc və Finlandiya-Azərbaycan Assosiasiyası Helsinkidə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir təşkil etdilər. Tədbirə Finlandiyada yaşayan azərbaycanlılar, türklər, həmçinin finlər qatılmışdılar. Çıxış edənlər Zərifə xanım Əliyevanın həyatından, onun alim kimi fəaliyyətindən danışdılar. AzərTAc-ın onun haqqında hazırladığı videoçarx isə bu insanın həyatına marağı daha da artırdı. Tədbirdən sonra finlərin Zərifə xanım haqqında çoxlu suallar verməsi də bunu sübut edirdi. Bu həm də finlərin Azərbaycana, ölkəmizin tanınmış şəxsiyyətlərinə olan marağından qaynaqlanırdı.

Tədbirdən sonra iştirakçılar AzərTAc-ın fotolarından ibarət sərgi və Bakıdan gətirilmiş kitablarla tanış oldular. Fotolarda və kitablarda müasir Bakı, İçərişəhər, regionlarımızın təbiət mənzərələri, tarixi abidələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında məlumatlar əks olunmuşdu.

Bir çox digər Avropa ölkələri ilə müqayisədə Finlandiyada azərbaycanlıların sayı elə də çox deyil. Buna baxmayaraq, soydaşlarımız vətənləri ilə bağlı bütün əlamətdar hadisələri qeyd edir, finləri ölkəmizin reallıqları haqqında məlumatlandırırlar. Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlının sözlərinə görə, təşkilat Azərbaycanın Finlandiyada tanıdılması üçün indiyədək bir çox tədbirlər həyata keçirmişdir.

Helsinkidə olduğumuz müddətdə Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eeri Lehti ilə də görüşdük. Deputatla görüşümüz elə parlamentin binasında baş tutdu. Azərbaycanla yaxından tanış olan bir fin kimi E.Lehti ölkəmizin getdikcə gücləndiyini və düzgün istiqamətdə inkişaf etdiyini dedi. Bizimlə söhbətində o, Azərbaycan həqiqətləri ilə bağlı Finlandiyada iş aparmağın vacibliyini də vurğuladı: “Finlandiya cəmiyyətini Azərbaycan haqqında məlumatlandırmaq lazımdır. Bunu media, parlament vasitəsilə etmək mümkündür”.

Söhbət zamanı ötən ilin noyabrında Helsinki parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan dinləmələrdən də danışdıq. E.Lehtinin sözlərinə görə, məhz bu cür müzakirələr Azərbaycan reallıqlarının Finlandiya cəmiyyətinə çatdırılmasında böyük rol oynayır.

Finlandiyada həyata keçirilən tədbirlər çərçivəsində FAA ilə birlikdə Helsinki Mərkəzi Kitabxanasına Azərbaycanın mədəniyyəti, tarixi, musiqisi haqqında kitablar, albomlar təqdim etdik.

AzərTAc bu layihələri həyata keçirməklə həm ölkəmizin xaricdə tanıdılması işinə töhfə verir, həm də öz resursları ilə bu haqda informasiya yayımını təmin edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanın dünya ictimaiyyətinə daha yaxından tanıdılmasıdır ki, agentlik bu işdə fəal çalışır və bundan sonra da belə layihələrini davam etdirəcəkdir.

 Aygün HƏSƏNOVA,

Elşən ŞAHBALAYEV,

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında