Cari ilin birinci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı artan templə davam edib. Rüb ərzində rayonda ümumi məhsul buraxılışı 29,6 faizə qədər artıb. Sənayedə 4,2 milyon manatlıq məhsul istehsal olunub. Sənayedə işləyənlərin orta aylıq əməkhaqqı 3,1 faiz artaraq 219 manata çatıb. Rayon üzrə bu rəqəm 233 manatdır. Rüb ərzində rayonda 645 yeni iş yeri açılıb ki, bunun da 529-u daimi xarakterlidir.
Bütün bunlar şura iclasında icra hakimiyyətinin başçısı Taleh Qaraşovun hesabat məruzəsində ətraflı şərh olundu. Məruzəçi ölkə rəhbərliyinə hədsiz minnətdarlıq duyğuları ilə rayonun inkişafına dövlət qayğısının aspektlərini önə çəkdi. Zəfər yürüşünün eyni vüsətlə davam etdiyini vurğuladı.
Sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramında Lənkəranda rabitə sisteminin müasir texnologiyalar əsasında yenidən qurulması nəzərdə tutulub. Şəhərdə 4 saylı poçt şöbəsi üçün yeni bina tikilib. Telekommunikasiya Qovşağının bütün stansiyaları elektronlaşdırılıb. İndi də şəhər üzrə 4, kəndlər üzrə 26 yeni nəsil texnologiyalı elektron ATS-lərin (NGN) quraşdırılmasına hazırlıq görülür. Rayonda genişzolaqlı internet istifadəçilərinin sayı 6258 nəfərə çatdırılıb.
Birinci rübdə 7,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da əvvəlki dövrə nisbətən 2 faiz çoxdur.
Rayonda abadlıq və quruculuq sahəsində xüsusilə böyük canlanma yaranıb. Şəhər və rayonun küçələrinə asfalt çəkilib, yol kənarlarında istinad divarları suvaqlanıb və səki daşları ilə birlikdə rənglənib. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən ayrılmış 5 milyon manat vəsait hesabına Heydər Əliyev Xatirə Parkında üzlük plitələr dəyişdirilib, yeni su və işıqlandırma sistemi quraşdırılıb, suötürücü drenaj tikilib, yaşıllıq zolaqları salınıb, gül kolları və dekorativ ağaclar əkilib. Ulu öndərin abidəsinin ətrafı qranit üzlüklərlə işlənərək yenidən qurulub. Parkın ərazisində həmçinin “Botanika bağı” yaradılır. Burada yerli relyefə uyğun ağac və gül kolları əkilir.
Şəhərin Şəhidlər Xiyabanı küçəsi tamamilə yenidən qurulub və küçədə körpü genişləndirilib, küçənin hər iki tərəfində yeni səkilər tikilib, müasir işıq dirəkləri quraşdırılıb.
Həmin küçədə, həmçinin Göyşaban dairəsindən “Ləvəngi” dairəsinə və Heydər Əliyev prospektinədək olan yolda və prospektin özündə küçə hasarlarının inşası, üzlük plitələrlə üzlənməsi, səki daşlarının düzülüşü və tametlərin döşənməsi, işıqlandırıcıların quraşdırılması başa çatdırılıb. Həzi Aslanov adına xatirə parkında yenidənqurma və təmir işləri aparılıb, ərazi yaraşıqlı görkəm alıb. Abidənin postamenti və ətrafı daha keyfiyyətli mərmərlə örtülüb.
Bundan əlavə, şəhər icra hakimiyyətinin daxili imkanları hesabına Bakı-Astara magistralının Lənkəran ərazindən keçən hissəsindəki qəsəbə və kəndlərdə, şəhər ətrafında, hava limanı yolunda geniş abadlıq işləri aparılır.
2013-cü ilin ilk rübündə rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 20,5 milyon manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 19,3 milyon manat olub. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına çoxlu yeni yaşayış evi tikilib. Evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün Prezidentin göstərişi ilə Şəhidlər Xiyabanı ərazisindəki 24 mənzilli yaşayış binasında tamamlama işləri aparılır.
Novruz Bayramı günlərində şəhərin dəmiryol vağzalı ərazisində ərzaq məhsullarının böyük satış-yarmarkası keçirilib. İlk rübdə əhaliyə 63,7 milyon manatlıq ticarət, 16,4 milyon manatlıq pullu xidmətlər göstərilib. Ötən dövrdə əhalinin gəlirləri 9,8 faiz, xərcləri 7,9 faiz artıb.
Təsərrüfatların sayı 1000 olan 4 kəndə təbii qaz verilib, 961 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Hazırda bu sahədə işlər sürətlə davam etdirilir və yaxın aylarda daha 18 kəndə mavi yanacaq verilməsi nəzərdə tutulub.
Lənkəran şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması regional inkişaf Dövlət Proqramına daxil edilib. Dəyəri 210 milyon manat olan layihə rayona qoyulmuş bütün investisiyaların cəmindən dəfələrlə çoxdur. İndiyədək 57243 poqonmetr yeni su və 16865 poqonmetr kanalizasiya xətti çəkilib.
Təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər davam etdirilib. Vilvan kəndində 640 yerlik, Bəlitonda 220 yerlik məktəb binaları və şəhər 5 saylı uşaq bağçası üçün yeni bina tikilir. Prezident İlham Əliyevin sərəncamına əsasən Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri davam edir. Lənkəran şəhərində 18 çarpayılıq rayonlararası narkoloji xəstəxana üçün yeni bina tikilir.
Gənc ailələrin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 2004-cü ildən bəri rayonda 4075 ailəyə həyətyanı torpaq sahəsi ayrılıb, 27 ailəyə ipoteka krediti verilib. Gənclərin məşğulluğunu təmin etmək, asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbirlər görülür. Bu baxımdan Lənkəran şəhərində Heydər Əliyev Xatirə parkında istifadəyə hazırlanan möhtəşəm Gənclər Mərkəzinin böyük əhəmiyyəti var. Bu orijinal və yaraşıqlı saray ümummilli lider Heydər Əliyevin 90 illik yubileyində lənkəranlı gənclərə əsl töhfə olacaq.
Cənab Prezidentin sərəncamı ilə daha bir layihənin icrasına Vilvan-Zövlə-Boladi avtomobil yolunun yenidən qurulmasına başlanıb. Asiya Inkişaf Bankının maliyyə dəstəyi ilə Liman-Nərimanabad avtomobil yolunun təmiri üçün hazırlıq işləri görülür. Cənab Prezidentin məlum sərəncamı ilə Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun ikinci hissəsinin əsaslı təmirinə başlanıb.
Ümummilli lider Heydər Əliyevin 90 illik yübileyi ilə əlaqədar Lənkəranda da geniş tədbirlər planı icra olunur. Ən böyük tədbir isə ulu öndərin adını daşıyan Xatirə parkının yenidənqurmadan sonra açılışı olacaq. Bu Xatirə parkı lənkəranlıların Heydər Əliyev şəxsiyyətinə bəslədikləri sonsuz ehtiramın parlaq nümunəsi olacaq.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.