Son vaxtlar Ağsuya yolunuz düşübmü? Aşırımlardan baxanda ovuc içi kimi görünən bu gözəl diyarın indi az qala hər bir küçəsində iş gedir, - desək, yanılmarıq. Ağsulularda olan bu quruculuq işlərinə baxırsan, ürəyin dağa dönür. Bu günlərdə 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaqda da bu barədə ətraflı söhbət getdi.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hesabat məruzəsi ilə çıxış etdi. Ölkəmizin qazandığı uğurları sadaladı. Bildirdi ki, 2013-cü ilin I rübündə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində, eləcə də rayon iqtisadiyyatının bir sıra sahələrində müvəffəqiyyətlər əldə edilib.
Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının dəstəklənməsi davam etdirilib. Ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı artıb. İribuynuzlu mal - qaranın baş sayı 40525, qoyun-keçilərin baş sayı isə 157034 olub. 1106 ton ət (diri çəkidə), 6410 ton süd, 1968 min ədəd ədəd yumurta istehsal edilib.
Hesabat rübündə rayonda fəaliyyət göstərən emal müəssisələrinin istehsal prosesi, istehsalı, eləcə də istehsal olunan məhsulların çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün yeni texnologiyaların tətbiqi istiqamətində işlər davam etdirilib.
2013-cü ilin birinci rübündə sahibkarlığa xüsusi dəstək verilib. “Aqrolizinq” ASC -nin Ağsu rayon “Aqroservis” filialı üçün istehsalat bazasının, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib, Ağsu şəhərində 1 ədəd dövlət fondu yaşayış binasının dam örtüyü əsaslı təmir edilib. Şəhərin mərkəzi küçələrinin tamamilə yenidən qurulması istiqamətində böyük işlər həyata keçirilir.
Vətəndaşlara məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların görkəmi yaxşılaşdırılır, piyada səkiləri salınır, həyətyanı sahələrin küçələrə yaxın hissəsində mişar daşı ilə hasar tikilir, mövcud hasarlar eyni vəziyyətə gətirilərək üzlük daşlarla üzlənir. Yaşıllıq zolaqlarının salınması, ağac, gül və bəzək kollarının əkiliməsi istiqamətində işlər davam etdirilir. Rayonun Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducu anbarın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati binanın, Ağsu şəhəri ilə Pirhəsənli kəndinin sərhədində yeni parkın, Kənd investisiya layihəsi çərçivəsində Pirhəsənli və Qaraqaşlı kənd qəbiristanlıqlarının ətrafına dəmir tordan hasar çəkilişi, İlxıçı və Qaraqoyunlu kəndlərində kəndarası yolların, Çaparlı kəndində feldşer mama məntəqəsinin təmir olunması, onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası istiqamətdə əsaslı işlər davam etdirilir.
Xüsusi qeyd edək ki, 2013-cü ilin I rübündə rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 114 nəfər işlə təmin olunub ki, onların hamısı daimidir.
Hesabat rübündə rayonun ümumi məhsul buraxılışının həcmi 30 milyon 542 min manat, adambaşına düşən ümumi məhsul buraxılışı 411 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 11,8 milyon manat və 157 manat çoxdur.
Ümumi məhsul buraxılışının 44,9 faizi tikintidə, 26,9 faizi ticarətdə, 21,7 faizi kənd təsərrüfatında, 3,8 faizi sənayedə, 2,4 faizi nəqliyyatda və 0,3 faizi rabitədə yaranıb.
Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə və ya 649,8 min manat artaraq 1159,7 min manat, sənaye məhsulunun qeyri-dövlət bölməsində həcmi isə 2,7 dəfə və ya 474,1 min manat artaraq 747,3 min manat olmaqla, sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 64,4 faiz təşkil edib. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz və yaxud 67,6 min manat çox olmaqla adambaşına düşən əmtəə dövriyyəsi 304,7 manat olmuşdur.
Tikinti-quraşdırma işlərinin həcmi 13721,4 min manat, əsas kapitala yönəldilən investisiyalar 13823,7 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi və əsas kapitala yönəldilən investisiyaların məbləği 2,9 dəfə artmışdır.
Daha sonra məruzəçi əhaliyə göstərilən pullu xidmətlərin səviyyəsindən, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 37 sahibkara 291 min manat güzəştli kreditin verilməsindən, rayonun qaz və elektrik təsərrüfatlarının işindən söhbət açıb, qazanılan uğurları sadaladı.
İcra hakimiyyətinin başçısı Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrasından, yeni xəstəxana binasında işlərin gedişindən danışdı. Əlavə etdi ki, 180 şagird yerlik Qəşəd və Rəhimli kənd tam orta, hər biri 80 şagird yerlik olan Keşdiməz kənd ümumi orta, Dilman və Muradlı kənd tam orta məktəb binalarının tikintisi, Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun əsaslı təmir işləri başa çatdırılacaq.
Məruzə ətrafında müzakirələrdə çıxış edən digər natiqlər də Ağsu rayonunda son illər qazanılmış uğurları xüsusilə qeyd etdilər. Bildirdilər ki, 2013-cü ildə ağsulular da uğurlu nəticələr əldə edəcəklər.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.