Bakının mərkəzində Qış Bulvarının inşa edilməsi və Füzuli küçəsinin genişləndilib abadlaşıdırılması ilə əlaqədar tarixi memarlıq nümunəsi olan binalardan birinin geri çəkilməsi prosesinin həyata keçirildiyi barədə artıq mətbuatda məlumatlar verilib. Dünən biz də Azərbaycanda indiyədək analoqu olmamış bu hadisənin şahidi olduq və işin icraçıları ilə söhbət etdik.
Gördüyümüz mənzərə, doğrudan da, heyrətamiz idi. Təsəvvür edin ki, binanın altı tamamilə qazılmış, burada hər birinin eni bir metrə, uzunluğu 10 metrə qədər olan beton özüllər yerləşdirilmiş, onların üzərinə cilalanmış və yağlanmış dəmir təbəqələr çəkilmişdi. Binanın altındakı bu təbəqələr üzərində yerləşdirilmiş müxtəlif texnoloji aqreqatlar, hidravlik qurğular yavaş-yavaş, saatda 5 santimetr sürətlə onu geri çəkirdi. Biz hadisə yerində olanda bina artıq 8 metr sürüşdürülmüşdü. Amma binaya baxanda onun yerindən tərpəndiyi, demək olar ki, hiss olunmur və bu proses bina üçün heç bir fəsad törətmir.
Tarixi binanın ən müasir texnoloji proseslər əsasında geri çəkilməsi işini “Kaspi İnjinerinq” şirkəti həyata keçirir. Şirkətin direktoru Ağacan Əhmədov bizimlə söhbətində görülən işlər haqqında ətraflı məlumat verərək bildirdi ki, binanın çəkilməsi prosesinə keçən ilin dekabrından başlanıb. İşi Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfatı İdarəsi aparır. Layihələndirmə işini isə Hollandiyanın “Brester” şirkəti həyata keçirib. İstifadə olunan texnologiyalar, avadanlıqlar - hidravlik qurğular, damkratlar və s. də bu şirkət tərəfindən gətirilib. Qalan bütün işləri “Kaspi İnjinerinq” şirkəti görür.
Ağacan Əhmədovun sözlərinə görə, Azərbaycanda indiyədək belə bir təcrübə olmayıb. Keçmiş SSRİ ölkələrindən Rusiyada keçən əsrin 50-60-cı illərində bu təcrübədən istifadə olunub. Amma bu zaman texnologiya bir qədər başqa cür olub, iş dəmir relslər üzərində həyata keçirilib. Keçmiş Tverskoy küçəsində, hazırda Azərbaycanın Moskvadakı səfirliynin yaxınlığında yerləşən Mossovetin binası küçənin genişləndirilməsi məqsədilə geri çəkilib. Başqa bir yerdə Puşkinin heykəli geri çəkilib. “Amma dünyada belə bir təcrübədən geniş istifadə olunur. Bu yolla hətta böyük zavodların, müxtəlif çənlərin yerini dəyişirlər. Bu, əslində heç də asan və maliyyə baxımından özünü doğruldan texnologiya deyil. Az maliyyə vəsaiti tələb etmir. Amma tarixi memarlıq binalarının qorunub saxlanması üçün bu üsuldan istifadə olunur. Nəzərə almaq lazımdır ki, hazırda bizim geri çəkdiyimiz bina 1908-ci ildə İsa bəy Hacınski tərəfindən inşa edilib. Hacınski Bakıda o vaxtlar bir neçə belə gözəl bina tikdirib. Qız qalasının yanındakı gözəl memarlıq binası, 4 saylı şəhər kliniki xəstəxanasının binası, hazırkı İqtisadiyyat Universitetinin binası da onun Bakıya qoyub getdiyi qiymətli yadigarlardır. Mədəni irs baxımından bu binaların qiymətini heç nə ilə ölçmək olaz. Əlbəttə, bu binanı söküb yerində buna oxşar bina da tikmək olardı. Amma tarixi memarlıq abidəsi, əvəzsiz irs baxımından onları sökmək olmazdı. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tarixi binaları qoruyub saxlamaq barədəki göstərişini nəzərə alan Bakı ŞİH bu binanı sökməmək və geri çəkmək qərarını qəbul etdi. Bu işdə zəngin təcrübəsi olan “Brester” şirkəti dəvət olundu, layihələndirmə işləri aparıldı. Bu şirkət əslində Hollandiyada çoxlu sayda bu cür prosesləri həyata keçirib. Hətta, dediklərinə görə, elə binalar olub ki, bir neçə kilometr çəkiblər. Amma nəzərə almaq lazımdır ki, Avropada binaların çoxunun fundamenti taxtadandır və onların çəkilməsi böyük çətinliklər törətmir”, – deyə şirkət direktoru bildirdi.
Beləliklə, qərara alınıb ki, bina 10 metr 50-80 santimetr arxaya çəkilsin. Ağacan Əhmədov qeyd etdi ki, dekabr ayından etibarən çox çətin bir texnologiya əsasında işə başlanılıb. Binanın özülü hissə-hissə kəsilərək götürülüb, təzə beton fundament tökülüb, binanın altına dəmir balkalar yerləşdirilib, orta hissə götürüldükdən sonra burada damkratlar qoyulub. Çəkilmə işi başa çatdıqdan sonra orta hissə yenidən betonlanacaq və bundan sonra bina əsrlər boyu yerində qalacaq.
Ağacan müəllimin dediyinə görə, binada 32 ailə yaşayıb. İşlərə başlanmazdan əvvəl Bakı ŞİH onlara kirayədə qalmaq üçün vəsait ayırıb və sakinlər binanı tərk ediblər. Amma mənzillərdəki əşya və avadanlıqlar (mebellər, soyuducular, televizorlar və s.) yerində qalır. Onları çıxarmağa heç bir ehtiyac olmayıb.
Beləliklə, şirkət rəhbərinin dediyinə görə, tarixi binanın geri sürüşdürülməsi işi aprelin 27-də axşam, yaxud aprelin 28-də səhər başa çatdırılmalıdır. Özülün betonlanması işləri də başa çatdırıldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyəti binanın kommunikasiya xətlərini yenidən bərpa edəcək və sakinlər arxayınlıqla öz mənzillərinə qayıda biləcəklər.
Ağacan Əhmədov əlavə etdi ki, ki, binanın geri çəkilməsi şəhər təsərrüfatı baxımından olduqca faydalıdır. “Təsəvvür edin ki, Füzuli küçəsində yalnız bu bina yolun genişləndirlməsinə mane olurdu. İndi bina 10 metr yarım geri çəkilir. Nəticədə Füzuli küçəsinin bu əraziyə düşən hissəsi azı 7 metr yarım genişlənəcək. Bu, hazırda çox əhəmiyyətlidir” - “Kaspii İnjineriq” şirkətinin rəhbəri söylədi.
Amma onun sözlərinə görə, küçənin Füzuli meydanı hissəsində “Beşmərtəbə” kimi tanınan bina da bir qədər qırmızı xətti keçir. Gələcəkdə şəhər planlaşması ilə məşğul olan memarlar qərar qəbul edərlərsə, həmin binanın da yerini dəyişmək olar. Çünki artıq müəyyən təcrübə də var. Və ümumiyyətlə, hazırda istifadə olunan texnologiya 20 mərtəbəli binaların da köçürülməsinə imkan verir.
Paşa ƏMİRCANOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.