Cəbhə xəttində
...Maşınımız Əhmədbəyli — Horadiz yolundan sağa burulur. Yastı təpələrin arası ilə uzanan asfalt Kərimbəyli kəndinə gedir. Əvvəllər bu yol Füzuli şəhərinə aparardı. İndi isə Şükürbəylidə qurtarır. Ot-ələf, kol-kos yolu basıb. Nabələd adam yolu itirər. Ancaq yerli sakinlər istiqaməti, dönüm-döngəni dəqiq bilirlər.
Qarşıda görünən Ərgünəş dağlarıdır. Burdan baxanada adama elə gəlir ki, dağlar lap yaxındır, hətta əl uzatsan çatar. Ancaq Qarabağ düzlərini üzük qaşı kimi dövrəyə alan dağlar çox uzaqdır. Ordan əsən küləklər alışıb-yanan ürəyimizə təsəlli-təskinlik gətirsə də, gecələr yuxumuza girsə də uzaqdır. Yollar bağlıdır. Artıq 20 ildir ki, yağı düşmən əlindədir. Qarşıdakı dağların vüqar və əzəməti nə qədər məftunedici olsa da, kəndə yaxınlaşdıqca görünən dəhşətli mənzərələr bu romantikadan zövq almağa imkan vermir: indi Şükürbəyli kəndində salamat qalmış ocaq, yararlı yaşayış binası tapmaq asan deyil.
Xarabazara çevrilmiş kənd, evlər və yollar burada çox da uzaq olmayan keçmişdə amansız döyüşlərin getdiyindən xəbər verir.
Kəndin icra nümayəndəsi Ədalət Həsənovun dediyinə görə, Şükürbəyli camaatı müharibə dövründə də hərbçilərə yaxından kömək edir, kişilər döyüşçülərimizlə çiyin-çiyinə düşmənə qarşı vuruşur, qadınlar səngərlərə ərzaq-yemək daşıyırdılar. O qanlı-qadalı illərdə kəndin 11 sakini şəhid olub. İndi burada sağ qalan ailə üzvləri ilə yaşayan Məhliqa Vəliyeva həmin döyüşlərdə həyat yoldaşını və oğlunu, Xəyalə Namazova isə ərini və qayınatasını itiriblər.
Ümumiyyətlə, burada 380 ailə yaşayır, 27 fermer təsərrüfatı fəaliyyət göstərir. Sakinlərin məişət şəraitini yaxşılaşdırmaq üçün son iki ildə kəndə qaz çəkilib, işıq və su təminatı problemləri həll olunub. Əvvəllər ordunun tərkibində erməni işğalçılarına qarşı döyüşmüş Çingiz Həsənov hazırda kəndin bələdiyyə sədridir.
Rayonun Qazaxlar, Əhmədalılar və Mirzənağılı kəndləri də cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşir. Bu kəndlərin sakinləri 2012 — 2013-cü illərdə qaz, işıq, içməli su ilə təmin olunublar, kəndlərarası yollar təmir olunub. Mirzənağılıda 72, Qazaxlar kəndində isə 64 ev bərpa olunub. Müharibə dövründə bu kəndlərin 7 sakini şəhid olub, 2 azyaşlı uşaq isə minaya düşərək həlak olub. Kəndlərin ekstremal şəraitdə olmasına baxmayaraq, son 2 ildə vaxtilə müxtəlif səbəblərə görə buradan getmiş 7 ailə yenidən doğma evlərinə qayıdıb. Onlardan Tofiq Məhərrəmov və Hidayət Qasımovla söhbət etdik. Bildirdilər ki, indiyədək Bakı şəhərində qalsalar da, burada sakinlər üçün yaradılan şərait onları doğma ocağa qayıtmağa sövq edir.
Alıxanlı kəndi ermənilərin atəş mövqeyindən təxminən 500 metr məsafədədir. Ərazisi 4007 hektar, qeydiyyatda olan əhalinin sayı isə 3550 nəfərdir. Daim atəş altında olan bu kənddə hazırda 1600 nəfər, o cümlədən 16 qaçqın ailəsi yaşayır. Qaz, işıq, su problemləri həll edilib, 22 artezian quyusu vurulub, elektrik dirəkləri və naqillər dəyişdirilib.
Kəndin 16 şəhidindən 7-si hərbi əməliyyat zamanı, 9-u isə atəşkəs dövründə həlak olub. Əhalinin sosial şəraiti qənaətbəxşdir. Kənddə 8 fermer təsərrüfatı fəaliyyət göstərir. İcra nümayəndəsi Vaqif Hacıyev bildirdi ki, indiyədək vaxtilə evlərini tərk etmiş 50 ailə kəndə qayıtmaq niyyətində olduğunu bildirib. Onlar, sadəcə, evlərinin təmir edilərək, yaşayış üçün yararlı hala salınmasını gözləyirlər. Qeyd edək ki, burada artıq təmir işləri başa çatmış evlərdə 180 ailə yaşayır.
Ümumiyyətlə, Füzuli rayonunun işğaldan əvvəlki ərazisi 1382 kvadrat kilometr, əhalisinin sayı 94 min 470 nəfər idi. Qeyd etmək lazımdır ki, işğaldan sonra ərazidə ölkə başçısının sərəncamı ilə 2107 ailəlik 11 “Qayıdış”, 1 fin evləri, 2104 ailəlik “Zobucuq” qəsəbələri salınıb. Rayonun yerdə qalan əhalisi isə respublikanın 50-dən çox şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bütün bunlar barədə söhbəti davam etdirərək dedi:
— İlk növbədə qeyd etmək lazımdır ki, 1993-cü ilin oktyabrında Füzuli rayonunun bütün ərazisi işğal altına düşmüşdü. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından, başıpozuq dəstələr ləğv edilərək vahid komandanlığa tabe olan nizami ordu yaradılandan sonra qoşunlarımızın döyüş qabiliyyətinə və gələcək qələbələrə ümid yarandı. Məhz bundan sonra o vaxtkı Prezidentimiz və Ali Baş Komandan Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Qarabağ müharibəsi tarixində erməni işğalçılarına qarşı güclü əks-hücum planı hazırlandı. Bu, həm də silahlı qarşıdurmanın davam etdiyi illər ərzində ordumuzun uğurla nəticələnən ilk və yeganə əks hücum idi. Bütün əsgərlərimizdə qələbəyə və ümummilli liderə sonsuz inam əhval-ruhiyyəsi hökm sürürdü.
Nəticədə 1994-cü il yanvarın 5-də və 6-da ordumuzun zəfərli yürüşü ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndi işğaldan tamamilə azad edildi. Şəxsən mən Füzuli rayonunu Qarabağ müharibəsində Azərbaycanın Stalinqradı adlandırardım. Belə ki, məhz bu döyüşdən sonra bütün xalqımızda ordumuzun gücünə və onun Ali Baş Komandanına, eləcə də, gələcəkdə işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına dərin inam yarandı. Bu qələbə yürüşündə füzulili döyüşçülər də əsil hünər nümunələri göstəriblər. Bütövlükdə, Qarabağ müharibəsində Füzuli rayonundan olan 736 döyüşçü şəhid, 1240 nəfər əlil olub, 181 nəfər itkin və ya girov düşüb. 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Füzuli istiqamətindəki bu qələbədən sonra Azərəbaycanda daha güclü, müasir səviyyəli ordunun qurulması prosesinə start verildi, ölkədə nizami ordu quruculuğu formalaşmağa başladı. Bu sahədə əldə olunan nailiyyətlər hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.
Qeyd etmək istərdim ki, respublika Prezidenti İlham Əliyevin Füzuli rayonuna hər gəlişi sakinlərimizi ürəkdən sevindirir. 2012-ci il dekabrın 15-də Prezident kimi dördüncü dəfə rayonumuzda olan dövlət başçısı son bir il yarım ərzində Horadiz şəhərində və ərazidə tikilmiş 10 yeni obyektin — Heydər Əliyev Parkının, Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün inzibati binanın, Gənclər Mərkəzinin, Rayon Mədəniyyət Sarayının, Şahmat Mərkəzinin, 240 şagird yerlik Horadiz şəhər 3 nömrəli tam orta məktəbin, Əhmədbəyli kənd ərazisində tikilmiş 5 min tonluq soyuducu anbar binasının, Yuxarı Qarabağ kanalının Bala Bəhmənli kəndinin ərazisindən keçən hissəsində 25 meqavat gücü olan Füzuli Su Elektrik Stansiyasının birinci növbəsinin açılışında iştirak etdi və görülmüş işləri yüksək qiymətləndirirdi. Həmin tarixi səfər və keçirilən unudulmaz görüşlər hər bir Füzuli sakininin qəlbində sonsuz sevinc və iftixar hissi doğurmuş, sabaha olan inam və ümidi daha da artırmış, xoş, unudulmaz xatirələrə çevrilmişdir.
Azərəbaycan Prezidentinin 17 dekabr 2012-ci il tarixli sərəncamı ilə Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitlə Horadiz şəhərində, rayonun kənd və qəsəbələrində abadlıq, quruculuq işləri davam etdirilir. Dövlət Bayrağı Meydanı, Milli Qəhrəmanların Xatirə-Abidə Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana sistemi üçün binalar, şübhəsiz ki, Horadiz şəhərinin gözəlliyini daha da artıracaq. Yaxın günlərdə isə 140 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 320 şagird yerlik gimnaziyanın, Qazaxlar, Molla-Məhərrəmli, Araz — Zərgər kəndlərində orta məktəb binalarının tikintisinə başlanacaq. Bundan başqa, bir sıra kəndlərdə uşaq bağçalarının tikintisi, məktəblərin, mədəniyyət və səhiyyə müəssisələrinin bərpa işləri də aparılacaq.
Dövlət Proqramında Füzuli rayonunda bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq Horadizdə yeni Aqroservis filialı tikilmiş və 70 nəfər burada işlə təmin olunmuşdur. Rayonun 39 yaşayış məntəqəsindən 19-na qaz çəkilişi başa çatıb. Hazırda Horadiz şəhəri, Arayatlı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli, Əhmədbəyli, II Mahmudlu, Qarabağ, Alıxanlı, Əhmədalılar, Qazaxlar, Aşağı və Yuxarı Kürdmahmudlu kəndlərinin sakinləri təbii qazdan istifadə edirlər. “Zobucuq”, “Qayıdış” qəsəbələrinə qaz çəkilişi isə davam edir. Bu ilin sonunadək bütün rayon ərazisinin mavi yanacaqla təmin olunması planlaşdırılıb.
Rayonun bütün yaşayış məntəqələrində telefonlaşma işi artıq başa çatıb. Telefona ehtiyacı olan hər kəsin telekommunikasiya qovşağına müraciət etməsi kifayətdir ki, evlərinə telefon çəkilsin.
Füzulidə suvarma suyu və içməli su təminatı problemləri uzun müddət narahatlıq doğururdu. Son illər bu sahədə də əsaslı işlər həyata keçirilib. “Azərsu” ASC tərəfindən Horadiz şəhərində, Araz — Dilağarda, Aşağı Yağlıvənd və Arayatlı kəndlərində içməli su məqsədilə 10 artezian quyusu vurulub, 8 yaşayış məntəqəsində isə suvarma üçün 20 artezian quyusu istifadəyə verilib. Bu istiqmətdə işlər davam etdirilir. Yaxın vaxtlarda dövlət investisiya qoyuluşu hesabına daha 26 yerdə içməli və suvarma suyu məqsədilə artezian quyuları qazılacaq.
Ötən il iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında böyük uğurlar əldə edilmişdir. Belə ki, 36 min hektar sahədən 103 min tona qədər taxıl götürülüb. Füzuli respublikada 100 min ton həddini keçən rayonlardan biri olub. Həmçinin ötən il 2200 ton ət, 11612 ton süd, 6 milyon 240 min ədəd yumurta, 151 ton yun, 400 ton pambıq, 230 ton üzüm, 110 ton meyvə istehsal olunub ki, bu da əvvəlki illərlə müqayisədə irəliləyiş deməkdir.
Son illər təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyətinə diqqət daha da artırılmış, intizam və nəzarət gücləndirilmişdir. Xüsusilə bu sahələrin maddi- texniki bazasının möhkəmləndirilməsi üçün əsaslı tədbirlər işlənib həyata keçirilmişdir. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, ərazidəki 45 ümumtəhsil müəssisələrinin hamısı, tibb və mədəniyyət müəssisələrinin əksəriyyəti yenidən tikilmiş, yaxud əsaslı təmir olunmuş binalarda yerləşir.
Füzuli rayonunun yaşayış məntəqələrində bərpa olunan və yenidən tikilən evlər haqqında danışarkən deməliyik ki, bu sahədə “Dövlətqaçqınkom” (4211 ev) və Respublika Bərpa Agentliyi (1024 ev) ilə yanaşı, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (496 ev), Beynəlxalq Xilasetmə Komitəsi (1038 ev), Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti (318 ev) və Norveç Ali Komissarlığı (276 ev) kimi təşkilatlar da fəaliyyət göstərirlər. 2012-ci ilin statistik məlumatına görə, vaxtilə öz ocaqlarından ayrı düşmüş 65 min 992 nəfər işğaldan sonra geri qayıdaraq Füzuli rayonunun azad edilmiş ərazilərində məskunlaşıblar. Başqa işğal olunmuş rayonlardan burada məskunlaşan məcburi köçkünlərin sayı isə 670 nəfərə çatır. Füzulili məcburi köçkünlərə dövlətin qayğısı sayəsində hər il 40 milyon manata qədər təmənnasız yardım göstərilir.
Prezident İlham Əliyev Füzuli rayonuna son səfəri zamanı Su Elektrik Stansiyasının açılışı mərasimində rayon ictimaiyyəti qarşısında demişdi: “Mən çox şadam ki, son iki il ərzində rayonda böyük dəyişikliklər baş vermişdir. Mən yenə qeyd edirəm ki, Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər edirəm. Son səfərimdən sonra keçən dövr, doğrudan da, Füzuli rayonu üçün uğurlarla zəngin olmuşdur. Qısa müddət ərzində çox böyük işlər görülmüş, parklar salınmış, yeni sənaye müəssisələri yaradılmışdır. Abadlıq işləri görülmüş və bu, məni çox sevindirir. Çünki Füzuli rayonu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir diyardır. Füzulililər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində öz rolunu oynamışdır. Müharibə dövründə böyük qəhrəmanlıqlar göstərmişdir”.
Son illər Horadiz şəhərinə hər gəlişimiz bizdə xoş bir maraq və heyrət hissi doğurur. Gördüklərimiz, sahidi olduqlarımız qəlbimizdə sevinc və minnətdarlıq duyğuları yaradır. Ona görə ki, hər dəfə yeniliklə, gözəllik və abadlıqla rastlaşırıq. Bu dəfə də belə oldu. Horadiz dairəsinin sağ tərəfindəki hündür təpənin üstündə Dövlət Bayrağı Meydanı salınır. Bir qədər aşağıda isə Qəhrəmanlar parkı tikilir.
Bunlar, əlbəttə, şəhərin ümumi mənzərəsinə yeni bir görkəm, əzəmət və gözəllik gətirəcəkdir. Buna, necə deyərlər, sözümüz yoxdur. Ancaq burda daha vacib olan başqa bir məqam da var: Coğrafi baxımdan çox uğurlu seçilmiş və Qarabağın hər yerindən görünəcək üçrəngli bayrağımız gecə-gündüz əzəmətlə dalğalanacaqdır. Bu mənzərə bizə sonsuz ümid, inam və qürur verəcək, o tərəfdə isə göz dağı, qorxu və vahimə yaradacaq!
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.