1976-cı ilin yayında mənim on yaşım var idi. Sumqayıt şəhərində yerləşən 9 saylı orta məktəbin 3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir də yazırdım. İnşaatşılar qəsəbəsində bir otaqlı mənzildə altı nəfərdən ibarət ailəmizlə kirayədə qalırdıq.
Bir gün kirayə sözünün mənasını atamdan soruşub anlayanda məyus oldum. Allahdan gəlibmiş kimi, ondan xahiş etdim ki, bizə mənzil verilməsindən ötrü Heydər Əliyevə məktub yazmağıma icazə versin. Atam o vaxt mənim xahişimi bir uşaq şıltaqlığı sanıb gülümsədi və:
– Ay oğul, sən hələ uşaqsan, sən nə bilirsən məktub nədir?!. Yaşayaq, görək nə olur – deyə, icazə vermədi. Amma bir neçə gün sonra anamdan on bir il kirayədə qaldığımızı, atamın iş yerinin dəqiq adını, ünvanımızı öyrənib, gizlində məktub yazdım. On yaşında uşağın düşündüyü, arzuladığı, bacardığı kimi. Xülasə, ev istədim dahi rəhbərdən. Zərfin üstünə “Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi yoldaş Heydər Əliyevə” sözlərini yazıb, qonşuluqda yaşayan sinif yoldaşım Lətiflə birlikdə qəsəbənin mərkəzinə getdik və onun köməyi ilə zərfi poçt qutusuna atdım...
Bu hadisədən 20-25 gün keçmişdi ki, atam növbəti dəfə günorta fasiləsində evə qayıdıb, məni yanına çağırdı. Səsinin tonundan hiss etdim ki, danlayacaq. Amma həmin gün danlandığım qədər də əzizləndim. Sən demə, işlədiyi müəssisənin rəhbəri atamı yanına çağıraraq, MK-dan gələn rəsmi göstərişə əsasən, bizə iki otaqlı mənzil verildiyini söyləyib. Heç vaxt unutmaram, həmin mənzilə köçəndə özümü ilk dəfə dünyanın ən xoşbəxti sandım. Artıq o vaxtdan 37 il keçir. İndi həmin mənzildə mən öz ailəmlə birgə yaşayıram...
Bütün bunları söyləməkdə məqsədim özümü nəsə yeni bir söz deyirmiş kimi göstərməkdən ibarət deyil. Mən çox yaxşı bilirəm ki, ulu öndərin mərhəməti hesabına milyonlarla adam ev-eşik sahibi olub. Amma o vaxtdan məndə Heydər Əliyevə inam, saf bir etibar yarandı və mən onu həmişə televiziya ekranlarından xüsusi maraqla izlədim...
Ulu öndəri ilk dəfə 1984-cü ildə, Sumqayıt Politexnik Texnikumundan Volqaqrad Traktor zavoduna göndərildiyim diplomqabağı istehsalat təcrübəsində olarkən gördüm. Səhv etmirəmsə, hansısa xarici dövlətin rəsmiləri ilə birlikdə sexləri gəzirdilər. İçimdən bir istək keçdi ki, ona yaxınlaşıb minnətdarlıq edim. Amma onlara bələdçilik edən zavod rəhbərliyindən ehtiyat etdiyimdən istəyim baş tutmadı...
1988-ci ilin fevral ayında Sumqayıt təlatümlər şəhərinə bənzəyirdi. O vaxt Ç.İldırım adına AzPİ-nin axşam şöbəsinin birinci kursunda təhsil almaqla yanaşı, Sumqayıt superfosfat zavodunda sex rəisinin müavini vəzifəsində çalışırdım və müəssisə komsomol komitəsinin büro üzvü idim. Bir gənc kimi azərbaycanlıların Ermənistandan deportasiya edilməsi məni də hiddətləndirmişdi. Həmin vaxtlar hamı kimi, soydaşlarımızın başına gətirilən müsibətlərə etiraz mitinqlərində iştirak edir, ermənilərin şəhərdən çıxmasını tələb edənlərin arasında olurdum. Fevralın 28-də növbəti mitinqi dağıtmaq əmri almış əsgərlər mitinq iştirakşılarını döyə-döyə maşınlara mindirib müvəqqəti təcridxanalara daşıyır, oradan da həbsxanalara aparırdılar. O vaxt on səkkiz gün Bayıl həbsxanasında saxlanıldıqdan sonra cinayət tərkibli əməlim olmadığı üçün azad etdilər və mitinqlərdə iştirakıma görə inzibati qaydada cəzalandırdılar. Həmin dövrdə xalq bütün bu hadisələrin törədilmə səbəbini mənfur Qorbaçovun Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan sonra azərbaycanlıların təklənməsində və ermənilərin bu fürsətdən istifadə edərək fəallaşmasında görürdü. Xalq yaxşı bilirdi ki, ulu öndər Sov.İKP Siyasi Bürosunun üzvü olarkən erməni təcavüzünün dəfələrlə qarşısını almışdı...
İllər keçdi. 1990-cı il yanvar günlərində biz – eyni binada yaşayan gənclər hər gün piyada Bakı şəhərinə gedirdik. Axşamlar isə həyətimizdəki “xeyir-şər” evində yaşlıları, cavanları başımıza yığıb ölkədə baş verən hadisələrdən danışırdıq. Yaxşı yadımdadır, hardansa Heydər Əliyevin Bakıda baş verən hadisələrə münasibətini əks etdirən Moskvadakı çıxışının videolentini əldə etmişdik. Biz lazımi avadanlıqları tapıb, həmin video lenti dəfələrlə nümayiş etdirir, insanlara ümid verirdik. Heç vaxt unutmaram, o vaxt hamı nicatı Heydər Əliyevdə görürdü. Bu, belə də oldu, ulu öndər 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda, Azərbaycan od tutub yanırdı. Bir yandan müharibə, bir yandan anarxiya-özbaşınalıq ölkəni ağuşuna almışdı. Çox keçmədi ki, dahi öndərin müdrik siyasəti və yüksək idarəçilik qabliyyəti nəticəsində Azərbaycanda əmin-amanlıq bərqərar oldu...
Bəli, Heydər Əliyev Allahın seçdiyi lider idi. Azərbaycan xalqı zaman-zaman onun böyüklüyünü dərk edib, əbədi olaraq xatirələrdə yaşadacaqdır...
Elman ELDAROĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.