Mobil cihazların qeydiyyat sistemi istehlakçılara hansı üstünlüklər vəd edir?

 

 

 

Azərbaycanda son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. İldən-ilə bu sahədə müşahidə edilən artım dediklərimizə əyani sübutdur. Cari ilin birinci rübünün statistik göstəricilərinə nəzər salsaq, qeyd olunan sahədəki artımın 11,4 faizə çatdığını görərik. İqtisadiyyatın digər sahələri ilə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sektorunda da bu artım, xüsusilə qeyd olunmalıdır. Azərbaycan bu ildən kosmik dövlətlər sırasına daxil olmuşdur. Fevralın 8-də “Azerspeys-1” adlı ilk peykini uğurla orbitə çıxaran ölkəmiz bu sahədə daha böyük nailiyyətlər əldə etmək niyyətindədir. Prezident İlham Əliyev 2013-cü ili “İKT ili” elan etmişdir. Şübhəsiz, qeyd olunan uğurlar İKT sektorunun daha da inkişaf etdirilməsinə təkan verəcəkdir.

Hazırda dünyanın inkişaf etmiş ölkələrində istehsal olunmuş ən son texnologiyalar qısa müddətdə Azərbaycana gətirilir və müvafiq sahələrə tətbiq edilir. Təsadüfi deyil ki, informasiya texnologiyalarının inkişafı sahəsində respublikamız dünyada qabaqcıl yerlərdən birini tutur. Bunu beynəlxalq təşkilatların açıqlamaları da təsdiqləyir. Bildiyiniz kimi, ötən il Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafına (Global İnformation Technology Report 2012) dair hesabatını açıqlamışdır. Hesabatda, həmçinin dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) əksini tapmışdır. Azərbaycan reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq 2011-ci ildəki mövqeyini 9 pillə yaxşılaşdırmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildirilir ki, ölkəmizdə mobil telefon abunəçilərinin sayı 10 milyon nəfəri keçib. Bu isə hər 100 nəfərə təxminən 105 mobil telefon abunəçisinin düşməsi deməkdir. 2012-ci ildə dünyada hər 100 nəfərə düşən mobil telefon abunəçisi üzrə orta göstərici 78 ədəd təşkil edirdi. Azərbaycan bu sahədə dünya orta göstəricisini xeyli qabaqlayır.

Bu gün Azərbaycana mobil telefonlar  xarici ölkələrdən müxtəlif yollarla gətirilir. Görəsən idxal olunan mobil telefonların hansı daha keyfiyyətli, daha etibarlı, insan sağlamlığına daha az zərərlidir? İstehlakçılar hansı telefonları alarkən ehtiyatlı davranmalı və nələrə xüsusi fikir verməlidirlər?

Qeyd edək ki, bunun ən sadə yolu telefon alarkən ilk növbədə onun IMEI kodunun yoxlanmasıdır.  Mobil telefonların beynəlxalq idendifikasiya (eyniləşdirmə) nömrəsi olan IMEI kodu  həmin qurğunun istehsal olunduğu ölkə və firma haqqında məlumatları əks etdirir.  IMEI - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı göstərən nömrədir (İnternational Mobile Equipment İdentification). Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın IMEI kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq mümkündür. IMEI nömrələr istehsalı zamanı zavodda mobil telefon aparatının müxtəlif yerlərinə yazılır.

IMEI nömrələr hər bir mobil telefonun 15 rəqəmdən ibarət unikal kodudur. Hər bir istehsalçının xüsusi alqoritmi əsasında hazırlanan IMEI koda əsasən telefon istehsalçısının adını, hansı ölkədə hazırlandığını müəyyən etmək olar. IMEI kod telefonun yaddaşına yazıldığından, çox asanlıqla telefonda *#06# kombinasiyasını yığmaqla ekranda IMEI kodu görmək olar. İki simkartı olan mobil telefonlarda 2 IMEI kod qeyd edilir. Bundan əlavə, IMEI kod telefon batareyasının altında, zəmanət talonunda və telefon qutusunda da yazıla bilir. Əgər IMEI kodlar telefondakı digər yerlərdə yazılanlarla uyğun gəlmirsə, demək həmin telefon saxta, yaxud oğurluq yolla ölkəyə gətirilib.

Qeyd edək ki, oğurlanmış və itmiş telefonların tapılmasında IMEI kod əvəzedilməz vasitədir. Bu kod telefon aparatının yaddaşına yazılmış adi rəqəmlər deyil və həmin kodu asanlıqla dəyişdirmək, yaxud silmək mümkün deyil. Dünyanın mobil rabitə sistemində iki eyni IMEI kodala işləyən telefon tapmaq çətindir. IMEI koddakı ilk 8 rəqəm konkret olaraq telefon modelinin seriyasını göstərir, sonrakı 2 rəqəm isə hansı ölkədə istehsal olunduğunu bildirir. Məsələn, 10- Finlandiya, 20-Almaniya, 30-Koreya, 40-Çin, 50-Brazilya, Amerika, Finlandiya, 60-Çin, Meksika, 70-Finlandiya və s. bildirir. Qeyd edək ki, Latviya, Böyük Britaniya, Belarus, Rusiyada və sair kimi ölkələrdə IMEI kodun dəyişdirilməsi qanunla cinayət əməli sayılır.

“Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilməsi ölkəmizdə də mobil cihazların qeydiyyatının aparılması məqsədilə  mərkəz yaradılması üçün hüquqi zəmin  yaratmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan mərkəzin məqsədi mobil cihazların qeydiyyat sisteminin (MCQS) tətbiqidir. Mərkəzdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan bütün mobil cihazların, bu qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulmuşdur. MCQS mobil cihazların IMEI nömrələrinin qeydiyyata alınmasını qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydada formalaşan müvafiq məlumat bazası üzərində təşkil edir və ümumi məlumat bazasından Dövlət Gömrük Komitəsinin istifadəsini təmin edir. Mərkəz fəaliyyətə başladıqdan sonra MCQS vasitəsilə qeydiyyatsız, oğurluq və klon cihazlar IMEI kodlarının köməkliyi ilə identifikasiya olunaraq mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq. 

Qeyd etmək lazımdır ki, ilk dəfə 2012-ci ilin fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının monitorinqinə başlanılmışdır. IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verir. Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunmuşdur. Eyni zamanda, aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədə istifadəsinin məhdudlaşdırılması da nəzərdə tutulmuşdur. Şəbəkədən məhdudlaşdırma prosesi mobil cihazların qeydiyyat sisteminin (MCQS) istifadəyə verilməsindən sonra planlaşdırılır. Ümumiyyətlə, mobil cihazların qeydiyyat sisteminin işə düşməsi mobil telefon oğurluğu hallarının azalmasına, qeyri-qanuni yolla idxala nəzarəti artırmağa imkan verəcək, həmçinin belə telefonların satışı zamanı dövlət büdcəsindən gizlədilən milyonlarla manatın aidiyyatı üzrə yönəlməsinə imkan yaradacaq. Azərbaycanda mobil telefon abunəçilərinin daha keyfiyyətli avadanlıq və aksesuarlarla təmin olunması isə yalnız yuxarıda qeyd olunan sistemin tam fəaliyyətə başlamasından sonra mümkün olacaq.

Məlumat üçün bildirək ki, mobil cihazların qeydiyyat sistemi (MCQS) tərəfindən 1 may 2013-cü il tarixindən mobil cihazların qeydiyyat işlərinə  başlanılacaqdır. Bu haqda  martın 15-də keçirilmiş mətbuat konfransında rabitə və informasiya texnologiyalari nazirinin müavini İltimas Məmmədov məlumat vermişdir. Mobil cihazların qeydiyyat sisteminin yaradılması “İnformasiya Kommunikasiya Texnologiyaları İli” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır. 

Artıq cari ilin  mart ayının 1-dən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların IMEI nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Məlumatlar tam toplanıldıqdan və onlar üzərində uyğun təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra, sistem tam gücü ilə, daha dəqiq desək, bir neçə gündən sonra  fəaliyyətə başlayacaqdır.

Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların IMEI nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaqdır. Qeydiyyat sistemi istismara verildikdən sonra, şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın IMEI nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.

Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

Mobil cihazların MCQS-də 3 kateqoriyada təsnifatı aparılacaq:

- ağ səhifədə qaydaya uyğun qeydiyyata alınmış (o cümlədən Beynəlxalq GSM Assosiasiyasının təyin etdiyi IMEI nömrələri dəyişdirilməyən, təkrar IMEI nömrələri olmayan) mobil cihazların IMEI nömrələri;

- qara səhifədə qaydaya uyğun qeydiyyata alınmamış (o cümlədən qeyri-qanuni yolla ölkəyə gətirilən, itirilən, oğurlanan, IMEI nömrələri Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilməyən, təkrar IMEI nömrələri olan) mobil cihazların IMEI nömrələri. Qara səhifədə olan mobil cihazlara mobil operatorların şəbəkələrində xidmət göstərilməsi məhdudlaşdırılır (uyğunlaşdırılmış səhifədə olan IMEI nömrələri istisna olmaqla);

- boz səhifədə mobil operatorların telekommunikasiya şəbəkəsindən xidmət alan, ağ səhifədə və ya qara səhifədə olmayan mobil cihazların IMEI nömrələri. Boz səhifədə olan IMEI nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ səhifəyə və ya qara səhifəyə daxil edilir. Qeydiyyat mərkəzi boz səhifəyə daxil edilmiş IMEI nömrələrinin müəyyən edilməsi məqsədi ilə operatorlardan məlumat əldə edir.

Eyni zamanda ölkəmizdə yaradılan qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan “vahid qlobal qara səhifə”yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların respublikamızda istismarının qarşısını alacaqdır.

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə etməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Qeydiyyat sistemi, həmçinin, itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti  əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir.

Bununla yanaşı, qeydiyyat sistemi, qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edəcək.

Qeyd olunduğu kimi, Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) yaradılmışdır. Bununla bağlı MHM-də mərkəzi baza sistemi quraşdırılmışdır. Eyni zamanda, mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılmış və mərkəzi baza sistemi ilə uyğunlaşdırılmışdır. Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulmuşdur.

Qeydiyyat sistemi qurulmadan öncə qarşıya çıxan problemlərin həll edilməsi və onun mərkəzi baza sistemi ilə əlaqələndirilməsi üçün mobil operatorlarla birgə müzakirələr aparılmış və nəticəyə uyğun tədbirlər görülmüşdür.

“İKT İnformasiya Mərkəzi”nin yaydığı məlumata görə, bu günlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi satışda olan saxta mobil telefon cihazları almamağı istehlakçılara tövsiyə etmişdir. Respublika ərazisinə qeyri-qanuni yollarla idxala cəhd edilən saxta mobil telefon cihazlarının mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanma faktları nəzərə alınaraq, istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülür.

Mobil cihazların qeydiyyat sistemi işə düşdükdən sonra, hər hansı istehlakçı saxta IMEI nömrəli yeni mobil telefon cihazı alaraq onu mobil operatorların şəbəkələrinə qoşmaqla xidmətdən yararlanmağa çalışarsa, həmin cihazın istifadəsi qeyri-mümkün olacaqdır. Ona görə də, istehlakçılar yeni mobil telefon cihazları alan zaman bu kimi məsələlərə xüsusi xüsusi fikir verməlidirlər.

İstehlakçılar yeni fəaliyyətə başlayan www.imei.az ünvanı vasitəsi ilə IMEI nömrələrini yoxlaya və ya “1677” xidmətinə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər.

Mobil cihazların qeydiyyat sistemi hazırda Türkiyə, İngiltərə,  Ukrayna və digər ölkələrdə mövcuddur. Bu sistemin Avstriya, Danimarka, Finlandiya, İtaliya, İsveç, Estoniya, ABŞ və s. ölkələrdə də qurulması planlaşdırılır. Müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların IMEI nömrələri barədə məlumat mütəmadi olaraq həmin ölkələr tərəfindən hazırda istifadə olunan müvafiq vahid mərkəzdə yerləşdirilir.

Məsələn, ABŞ-ın iri  mobil operatorları olan Verizon Wireless, AT & T, Sprint Nextel və T-Mobile IMEI kodların vahid bazasını yaratmaq haqqında razılığa gəliblər. Bu şirkətlər ABŞ-da mobil telefon istifadəçilərinin təxminən 90 faizinə xidmət göstərirlər. Belə bir qurumun yaradılmasında məqsəd isə oğurluq telefonların istifadəsinin qarşısını almaq, küçə oğurluqlarının sayını azaltmaqdır. ABŞ-da dərc olunan “The Wall Street Journal” qəzetinin məlumatına görə,  IMEI kodların həmin bazada toplanması aidiyyatı qurumlara bu yolla ABŞ-da telefon oğurluğunun qarşısını almaqla yanaşı, bu bizneslə pul qazananlara zərbə vurmağa imkan verəcək. Statistik məlumatlara görə, il ərzində Nyu-Yorkda baş verən oğurluq hadisələrinin 40 faizdən çoxu, Vaşinqtonda isə 38 faizi mobil telefonlarla əlaqədar baş verir. Bundan başqa 2011-ci ildə baş verən cinayət hadisələrinin araşdırılması zamanı  təqsirləndirilən şəxslərin  42 faizinin oğurluq telefonlardan istifadə etdiyi məlum olub.

Qeyd edək ki, Böyük Britaniya, Almaniya, Fransa və Avstraliyada artıq belə bir struktur yaradılıb və bu, həmin ölkələrdə oğurluq hallarının kəskin dərəcədə azalmasına səbəb olub.

ABŞ, Türkiyə, Hindistan da artıq bu sistemi tətbiq edib. Avropa Birliyi ölkələrində isə oğurluq telefonların mobil rabitə şəbəkələrində istifadəsinin qarşısının alınması üçün xüsusi informasiya mübadiləsi sistemi istifadədədir. Məsələn, bu sistemdə 2001-ci ildən 2012-ci ilədək Böyük Britaniyada oğurlanan 710 min mobil telefon qeydiyyata alınıb. Avropa Birliyi üzrə informasiya mübadiləsi sisteminin tətbiqindən sonra regionda telefon oğurluqlarının sayı dəfələrlə azalıb.

Qardaş Türkiyədə MCQS tətbiq edilənə qədər 3 il ərzində mobil telefonlarla bağlı 7 qətl hadisəsi, 31 min 200 oğurluq faktı qeydiyyata alınmışdır. IMEI kodların tətbiqindən sonra mobil telefonlarla bağlı cinayətlərin sayı kəskin azalıb. Bu ölkədə 2005-ci ildən Mobil Cihazların Qeydiyyat Sistemi fəaliyyət göstərir. Həmin sistemin işə düşməsindən sonra ilk üç ay müddətində Türkiyədə mobil telefon oğurluğu 90 faizə qədər azalmışdır. Vahid bazada toplanmış IMEI kodların vasitəsilə yeni telefon almaq istəyən hər bir kəs asanlıqla onun yoxlanmasını,  telefonun qanuni yolla ölkəyə gətirilməsini öyrənə bilər. Çünki, Türkiyədə fəaliyyət göstərən üç operatorun təqdim etdiyi məlumatlar vahid bazada yerləşdirildiyindən hər hansı abonentin şikayətini həll etmək də olduqca asan olur. Oğurlanmış telefon sahibi öz operatoruna müraciət etdikdə dərhal həmin telefonun IMEI kodu yoxlanılır və hansı nömrədə işləməsindən asılı olmayaraq bağlanır.

İnanırıq ki, IMEI kodların mobil cihazların məlumat sistemində toplanması beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da ilk növbədə telefon istifadəçilərinin rahatlığının təmin olunmasını, onların aldıqları cihazın oğurlanması, itirilməsi zamanı qısa müddətdə tapılmasını təmin edəcək. Həmçinin bu sistemin işə düşməsi mobil telefonların qeyri-qanuni idxalının azalmasına, bu sahədəki digər neqativ halların tədricən aradan qalxmasına səbəb olacaq. Nəticədə Azərbaycan əhalisi sərbəst şəkildə daha keyfiyyətli mobil rabitə xidmətlərindən yararlanacaqdır.

Qabil YUSİFOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında