Sabirabadlılar dövlət qayğısından razıdırlar

{nl}

Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi, eləcə də əlaqədar dövlət qurumlarının birgə gərgin səyləri nəticəsində Kür və Araz çayları ətrafında yaranmış fəlakət zonasında həyat öz axarına düşməkdədir. Təbii fəlakətdən zərər çəkmiş rayonlarda, o cümlədən Sabirabadda insanlar öz evlərinə qayıdır, həyat ritmini bərpa etməyə başlayırlar.
Eyni zamanda, bu ərazilərin sakinləri onların doğma divarlar arasına qayıtması üçün uzun zaman ağır mübarizə aparmış, təbii fəlakətin qarşısının alınmasında böyük xidmətlər göstərmiş insanların, ilk növbədə, dövlət başçısının əməyini yüksək qiymətləndirirlər. Bir neçə Sabirabad sakininin ürək sözlərini təqdim edirik.
Mahir Tarverdiyev, Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru:
- Hər bir ölkənin tutduğu yol, müəyyənləşdirdiyi istiqamət onun öz vətəndaşına münasibətinin əyani göstəricisidir. Məsələn, demokratik inkişaf yolunu seçmiş ölkələrdə birmənalı şəkildə insan azadlığına hörmət prinsipi ali səviyyədə olur. Buna ən güclü örnək kimi bizim ölkəmizi - müstəqil Azərbaycan Respublikasını göstərmək olar. Yönümü ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin olunması istiqamətində atılmış addımlar, qəbul olunmuş qanunlar, həyata keçirilmiş tədbirlər, çəkinmədən deyərdim ki, yüz illərlə demokratik idarəetmə üsuluna malik olan dövlətləri də təəccüb və heyrətə salacaq dərəcədə çox və tutarlıdır. Bizim ölkəmizin sosial yönümlü olması da sevindiricidir. Bu, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlı bir məsələdir. Məlumdur ki, ölkəyə rəhbərlik etdiyi vaxtlarda o, həmişə insanlara diqqət və qayğı ilə yanaşmış, hər kəsi fərdi qabilyyətlərinə görə qiymətləndirmişdir. Hamının yaxşı yadındadır ki, məhz onun respublikaya rəhbərliyi dövründə yüzlərlə insan ad-san qazanmış, məşhur olmuşdur.
Bu gün ulu öndərimizin ləyaqətli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin də bu kursu davam etdirməsi təsadüfi deyil, xalqın özü üçün yüksək dəyər, etalon seçdiyi Heydər Əliyev irsinə sadiqliyin təzahürüdür. Dövlət başçısının vətəndaşlara həssaslıqla, diqqət və qayğı ilə yanaşmasına aid yüzlərlə tutarlı misal çəkmək olar. Ancaq ömrünü-gününü, taleyini Sabirabadla bağlamış bir insan kimi deyə bilərəm ki, Kür və Araz çaylarında suyun səviyyəsinin artması nəticəsində Sabirabad rayonuna dəymiş ziyanın aradan qaldırılması, ev- eşiklərindən köçmək məcburiyyətində qalmış insanların müvəqqəti olaraq yerləşdirilməsi və onlara yüksək səviyyədə şəraitin yaradılması üçün dövlət başçısının birbaşa maraqlanması və tapşırıqlar verməsi məni də xeyli təsirləndirdi. Möhtərəm dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, insanlara dəymiş ziyan ödəniləcək, heç kim evsiz-eşiksiz qalmayacaq. Son yüz ilin ən böyük təbii fəlakətinin qarşısının alınması üçün göstərilən cəhdlər heyrət doğuracaq dərəcədə güclü və təsirləndiricidir. Əlbəttə, bunlar hamısı, dediyim kimi, ölkə rəhbərinin öz vətəndaşına göstərdiyi qayğının təzahürü olduğu qədər də, xalq-dövlət birliyinin vəhdətinin gözəl nümunəsidir. Bir sabirabadlı kimi mən də əziz Prezidentimizə dərin minnətdarlığımı bildirir və əminliyimi ifadə etmək istəyirəm ki, təbii fəlakətin fəsadları aradan qaldırılacaq və Sabirabad əvvəlkindən də gözəl bir vəziyyətə gətiriləcək. Dövlət başçısının siyasətini dəstəkləmək, ona gücümüz-imkanımız yetən qədər yardımçı olmaq bir vətəndaş kimi bizim hər birimizin ən müqəddəs borclarından biri olmalıdır.
Əhməd Ramazanov, Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri:
- Sabirabad indiyədək Kür çayının çox "şıltaqlıqlarına" şahid olub. Ancaq bu ilin may ayında burada yaranmış daşqınlar, doğrudan da, son yüzilliyin ən böyük təbii fəlakəti adlandırılacaq dərəcədə, böyük, təhlükəli və qorxunc idi. Tam səmimi deyirəm ki, mən insanların gözlərində bu təbii fəlakətin qorxusundan yaranan inamsızlıq, ümidsizlik görmədim. Əksinə, nə qədər ağır sınaqla üzləşsələr də, hamıda "sabah hər şey indikindən də yaxşı olacaq" inamını sezmək mümkün idi. Əlbəttə, bu inamı yaradan səbəb var. Ölkə başçısı möhtərəm İlham Əliyevin hadisənin ilk anlarından təcili tədbirlər görülməsi, ilk növbədə, insan tələfatının olmaması, bütün zəruri məsələlərin həyata keçirilməsi üçün müvafiq dövlət qurumlarına çox ciddi tapşırıqlar verməsi, sözsüz ki, əsas səbəb idi. Dövlət başçısı qəti və aşkar şəkildə bəyan etmişdi ki, heç kim narahat olmasın, hamının yenidən normal həyat şəraitinə qovuşması üçün nə lazımdırsa, ediləcək. Dövlət başçımızın Şirvan şəhərindəki çadır düşərgəsində yerləşdirilmiş sabirabadlıların şəraitləri ilə yerində tanış olması, maraqlanması, açığını deyim ki, təkcə o çadır şəhərciyində yerləşmiş Sabirabad sakinləri üçün deyil, eyni zamanda bütün sabirabadlılar üçün çox güclü ruh yüksəkliyi demək idi. Biz hamımız bunu yaxşı dərk edirik ki, dövlət başçısının təbii fəlakətlə bağlı bir neçə gün ərzində - may ayının 7-də və 11-də (səyyar) müşavirə keçirməsi və məsələnin bütün incəliklərinədək dövlət orqanlarının nəzərinə çatdırması və işlərin ləngimədən, keyfiyyətli şəkildə, həm də sürətlə aparılması üçün ciddi göstərişlər verməsi çox böyük diqqət və qayğının nəticəsidir. Bəlkə heç müharibələrin qızğın vaxtlarında da qısa müddət ərzində dövlət başçıları səviyyəsində bu cür müşavirələr keçirilmir. İndi, çox şükürlər olsun ki, aparılmış gərgin işlər nəticəsində Kür və Araz çaylarında suyun səviyyəsinin artması ilə yaranmış təhlükələr aradan qaldırılıb və bu cür xoşagəlməz halların bir daha yaranmaması üçün çox önəmli tədbirlər həyata keçirilib. Bunlardan yalnız birini - Araz çayının istiqamətinin cənub zonası üzrə yönəldilməsini qeyd etmək kifayətdir. Sözsüz ki, bu addım elə-belə, necə deyərlər, havadan atılmayıb. Görkəmli mütəxəssislər, alimlər, dövlət başçısının bu cür təhlükələrin baş verməməsi üçün tədbirlərin görülməsi istiqamətində tapşırıqlarına uyğun olaraq belə bir addımın atılmasına qərar veriblər. Bütün bunlar nəticə etibarilə ətrafda yaşayan insanların nə vaxtsa yenidən bu cür təhlükələrlə üzləşməmələri üçün əhəmiyyətli addımlardır. Dövlət başçımız İlham Əliyev bu hadisələr zamanı insanlara necə qayğı ilə yanaşmaq baxımından da əsl həyat dərsi verdi.
Əlifağa Nadirov, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi:
- Təbii fəlakətin - Kür çayında suyun səviyyəsinin artması nəticəsində yaranmış təhlükənin hansı miqyasda olduğunu rayonumuzun səhiyyə işçiləri daha yaxından müşahidə etmək məcburiyyətində qaldılar. Çünki biz ilk vaxtlardan təhlükə ilə üzləşmiş ərazilərdə olurduq. İnsanların daha təhlükəsiz yerlərə köçürülməsi zamanı psixoloji zədələr almaması üçün, həmçinin yoluxucu xəstəliklərə yoluxmaması üçün lazımi tədbirləri görürdük. Bir həkim kimi bunu tam məsuliyyətimlə deyə bilərəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin hadisələrə dərhal reaksiyası evlərindən köçürülmüş əhalinin yaşayış şəraitini yerindəcə öyrənmək üçün çadır şəhərciyinə gəlişi və onlarla söhbətləşməsi birmənalı olaraq ruh yüksəkliyi, inam yaratdı. Çünki hamı dəymiş ziyanın ödəniləcəyi və daha yaxşı şəraitin yaradılacağı barədə dövlət başçısının təminatını şəxsən onun özündən eşitdi. Bu da sözsüz ki, qəfildən təbii fəlakətlə üzləşərək mal-mülkünü, ev-eşiyini itirən insanlar üçün izah olunmayacaq dərəcədə güclü dayaqdır, təkandır. Çünki Azərbaycan Respublikasının hər bir vətəndaşı, o cümlədən sabirabadlılar çox yaxşı bilirlər ki, ölkə rəhbərimiz, necə deyərlər, öz sözünün ağasıdır. Bunun ən yaxşı nümunəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının dəqiqliklə icra olunmasıdır. Etiraf etmək lazımdır ki, hələ başlanğıcda proqramlarda nəzərdə tutulan işlərin reallaşdırılması, həyata keçirilməsi çoxlarına reallıqdan uzaq görünürdü. Ancaq möhtərəm Prezidentimizin qətiyyəti, iradəsi sayəsində qısa müddət ərzində fantastik görünən bir çox məsələlərin həllini tapması bölgələrdə inkişafın sürət tempini artırdı. Artıq ikinci Dövlət Proqramında nəzərdə tutulmuş problemlər həll olunur. Ölkəmizin bütün bölgələrində bir-birindən yaraşıqlı, göz oxşayan sosial obyektlər, özəl istehsal müəssisələri tikilib istifadəyə verilir, yeni iş yerləri yaradılır. Dövlət başçısının iştirakı, xeyir-duası ilə açılışı olan obyektlər dünya standartlarına uyğun müxtəlif çeşiddə məhsullar istehsal etməklə, bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq mal bolluğunu təmin edir. Bütün bunlar bu günümüzün reallığıdır. Yeri gəlmişkən, tibb işçilərinin peşə bayramı ilə əlaqədar möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş səhiyyə işçilərinin arasında mənim də adım var. Həyatımın ən sevincli, əlamətdar anlarından saydığım bu hadisə gələcək işimdə əlavə məsuliyyət yaradır. Bu, həm də bütövlükdə Sabirabadın tibb işçilərinə dövlət başçısı tərəfindən verilmiş yüksək qiymət, göstərilən etimaddır.
Elman Bunyadov, Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri:
- Belə bir atalar məsəli var: aclıq bir gün çəkər, töhmət min il. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi çox sevinirəm ki, ölkəmiz məlum təbii fəlakətin sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacardı. Dövlət başçısı İlham Əliyev açıq-aşkar bəyan etdi ki, Azərbaycan qüdrətli dövlətdir və bu çətinliklərin öhdəsindən heç kimin yardımı, köməyi olmadan gəlməyi bacaracaq. Hadisələrin gedişatı göstərdi ki, doğrudan da, dövlətimiz öz gücünün-qüdrətinin hesabına bütün çətinliklərin, problemlərin öhdəsindən gəlməyə qadirdir. Bir anlığa öz-özünə fikirləşirsən, görəsən, bu təbii fəlakət əvvəlki dövrlərdə baş versəydi, nəticələr necə ola bilərdi? Doğrusu, bu barədə adam fikirləşməyə də qorxur. Çünki cavab məlumdur: xaos, qarmaqarışıqlıq. Ancaq indi, şükürlər olsun ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, bütün dövlət qurumları vahid bir orqanizm kimi birlikdə fəaliyyət göstərərək bölgə üçün, rayonumuz üçün çox ciddi təhlükələr yaradan Kür çayında daşqınların qarşısının alınması istiqamətində möhtəşəm tədbirlər gördülər. Qıraqdan baxana döyüş asan gələr, deyiblər. Bəlkə də gözləri ilə görməyənlər məsələnin mahiyyətini, hansı qorxulu vəziyyətlə üzləşdiyimizi anlamaqda çətinlik çəkər. Ancaq biz canlı şahidlər kimi dövlətimizin qətiyyətli addımlarını, vətəndaşın qayğısına qalmasını bu hadisələr zamanı bir daha gördük. Bu da, sözsüz ki, ulu öndərimiz Heydər Əliyevə məxsus zəngin bir siyasi irsin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən etibarlı qorunmasına və xalqımızın, dövlətimizin gələcəyi naminə uğurla istifadəsinə dəlalət edir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında