Son 10 ildə Yevlaxda həyata keçirilmiş əsaslı tədbirlər, genişmiqyaslı quruculuq işləri hər yaz gələndə ulu təbiətin aynasında daha aydın, baxımlı görünür. Yeni salınmış park və xiyabanların, çinar, sərv agaclarının sıralandığı küçə və prospektlərin yaşıl donu qalınlaşdıqca Yevlax daha təravətlə, cazibədarlıqla cilvələnir. Əvvəllər də yazdığımız kimi, şəhərin yeni memarlıq görkəmini tamamlayan yaşıllıqlar bu aran şəhərinə mülayimləşmiş bir iqlim gətirmişdir.
Ulu öndər Heydər Əliyev respublikamızın iqtisadi coğrafiyasında mərkəzi mövqeyi olan bu bölgənin regional sənaye-nəqliyyat xidmət qovşağı kimi inkişafını Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlamış, mühüm tədbirlər həyata keçirmişdir. Prezident İlham Əliyev də Yevlaxın inkişafına verilən bu tələbləri şəxsi nəzarətində saxlamaqla şəhərin və rayonun sosial-iqtisadi və mədəni yönlərdən yeniləşməsi və tərəqqisi üçün zəruri məsələlərin həllinə ən yüksək köməyi təmin etmişdir.
Yevlaxlılar bu böyük qayğıdan maksimum yararlanmaqla respublikamızda öncül mövqeyə çıxmışlar. Dövlət başçısının Yevlaxı Avropanın ən gözəl şəhərlərindən biri kimi qiymətləndirməsi onun qurucularına yeni ruh və qüvvət gətirmiş sonrakı dövrdə işlər daha sürətlə, zövqlə aparılmışdır. Bunu ötən ilin və bu ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri bir daha təsdiqləyir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bildirdi ki, bölgənin sosial-iqtisadi həyatında son dövrdə əldə edilmiş uğurlar ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə yevlaxlıların əməli töhfəsidir. Ulu öndərin xatirəsinə ən böyük ehtiram onun əməllərini davam etdirmək, ideyalarına sədaqət göstərməkdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq Yevlaxda da uğurla davam etdirilir.
Dövlət başçısının daimi diqqət və qayğısına cavab olaraq yevlaxlılar son bir ildə də şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə almışlar. Quruculuq, abadlıq, tikinti işləri aparılması davam etdirilmişdir. İnfrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.
Möhtərəm Prezidentin 2012-ci ilin 7 oktyabrında şəhərimizə növbəti səfəri və görülən işlərə yüksək qiymət verməsi bizi bir daha yüksək nailiyyətlər qazanmağa ruhlandırmış, məsuliyyətimizi qat-qat artırmışdır.
Keçən il ümumdaxili məhsulun həcmi 383,1 milyon manat olmuşdur. Bu, 2011-ci ilə nisbətən 42,1 milyon manat və yaxud, 12,3 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Artım əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artması hesabına olmuşdur. Ümumdaxili məhsulun 11,6 milyon manatını sənaye, 75,9 milyon manatını kənd təsərrüfatı, 32 milyon manatını tikinti, 215,1 milyon manatını ticarət, 5 milyon manatını nəqliyyat, 1 milyon manatını rabitə, 42,5 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal olunmuş 3,5 milyon manatlıq sənaye məhsulu xaricə ixrac olunmuşdur. Bu, satılmış sənaye məhsulunun 29,9 faizini təşkil edir. Ötən il hər nəfərə 3122 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2011-ci ilə nisbətən 313,2 manat və yaxud 11,2 faiz çoxdur.
Rayon üzrə orta aylıq əmək haqqı 180,3 manat, əhalinin pul gəliri 210,7 milyon manat olmuşdur. Bu, 2011-ci ilə nisbətən 23,1 milyon manat və yaxud, 12,3 faiz çoxdur. Adambaşına pul gəlirləri 1717,1 manat olmuşdur. Bu isə 2011-ci ilə nisbətən 172,3 manat və ya 11,2 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 257,6 milyon manat olmuşdur. Bu da 2011-ci illə müqayisədə 9 faiz və yaxud 22,7 milyon manat yüksəkdir. 2012-ci ildə 12 ticarət və xidmət obyekti istifadəyə verilmişdir. Yeni ticarət və xidmət obyektləri müasir dizaynla tikilərək şəhərin ümumi görkəminə uyğunlaşdırılmışdır. Hazırda rayonda mindən çox ticarət, iaşə və xidmət təşkilatı, 570 hüquqi, 5735 fiziki şəxs fəaliyyət göstərir.
Keçən mövsümdə 75,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
2012-ci ildə 8948 nəfərə 1 milyon 395,1 min manat, 2013-cü ilin məhsulu üçün isə 2486 nəfər buğda istehsalçısına 582,6 min manat, cəmi 1 milyon 977,7 min manat dövlət yardımı verilmişdir. Torpaq mülkiyyətçilərinə 1573 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. Ötən il 16655 hektarda taxıl əkilmiş və 51,2 min ton məhsul istehsal edilmişdir. Bu da 2011-ci ilə nisbətən 8,8 min ton çox olur.
Əvvəlki illə müqayisədə 206 ton ət, 669 ton süd, 91 min ədəd yumurta, 15 ton yun, 509 ton pambıq çox istehsal edilmişdir.
Ötən ildə şəhərin büdcə xərcləri 19 milyon 679,3 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 94,7 min manat çoxdur. Rayonda 10 bank filialı fəaliyyət göstərir. 2012-ci ildə sahibkarlara, iş adamlarına 21 miylon 355,1 min manat kredit verilmiş, əhalidən 4 milyon 882 min manat əmanət qəbul edilmişdir. Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 2012-ci ildə 6473 sosial müavinət alanlara 3 milyon 320 min manat vəsait ödənmişdir. 2700 ailəyə isə 2 milyon 871,8 min manat ünvanlı sosial yardım verilmişdir.
Bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 189,9 milyon manat olmuşdur ki, bu 2011-ci ilə nisbətən 24,5 milyon manat və ya 15,4 faiz çoxdur. Bunun 4,3 milyon manatı istehsal sahəsinə, 185,6 milyon manatı qeyri-istehsal sahəsinə yönəldilmişdir. 136,3 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir. Keçən il Maliyyə İdarəsinin, Məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin binaları, Avtovağzal kompleksi, “Azərtoxum” MMC Toxum emalı müəssisəsində saatda 15 ton yem istehsal edən sex tikilib istifadəyə verilmişdir. “Yevlax-Beton” ASC-də beton sexi əsaslı surətdə yenidən qurularaq istismara buraxılmışdır. Bu istehsalın həcminin 2 dəfə artırılmasını təmin etmişdir.
4 mərtəbəli 20 mənzilli yaşayış binasında, Kür çayı sahilində 5 ulduzlu hoteldə, “Azərbaycan Beynəlxalq Bank” ASC -nin Yevlax filialının binasında, Uşaq Gənclər İdman Məktəbinin üzgüçülük hovuzunda işlər davam etdirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin, “Delfin” MMC-də istehsalat sexinin, Sənaye və Energetika Nazirliyinin Yevlax Rayon Regional Qaz Nəzarəti İdarəsinin, Yevlax Qaz İstismar Sahəsinin, 11 saylı Vergilər İdarəsinin, Regional referens toksikologiya və karantin ekspertiza laboratoriyasının, İqtisadi İnkişaf Nazirliyinin Aran regional idarəsinin binalarında tikinti aparılır. Polis şöbəsinin inzibati binasının da tikintisinə başlanacaqdır.
Kolanı kəndi ərazisində 188 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edəcək müəssisənin tikintisi davam etdirilmişdir. Bu obyekt 61 istixanadan, heyvandarlıq üçün yem sexindən, anbarlardan, 2 qazanxanadan, inzibati və köməkçi binalardan ibarətdir.
Yevlax şəhərinin Səməd Vurğun küçəsində Səməd Vurğun parkı tikilib istifadəyə verilmiş, burada şairin abidəsi ucaldılmış, əhalinin istirahəti üçün lazım olan bütün şərait yaradılmışdır. Kür çayının sağ sahili boyunca 2500 metr uzunluğunda Bulvar istirahət mərkəzi salınmışdır. Burada 22 ədəd fontan, 1 ədəd şəlalə tikilmiş və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bulvarda 3 xidmət obyekti, ana və uşaq otağı, uşaq əyləncə mərkəzi, 4 ədəd böyük ölçüdə karusellər, idman meydançaları yaradılmış, 1 ədəd monitor quraşdırılmış, çimərlik salınmışdır.
İstirahət zonasına gedən avtomobil yolu genişləndirilərək iki tərəfli yol çəkilmiş, yolda işıqlandırma dayaqları quraşdırılmış, nəqliyyat vasitələrinin dayanması üçün meydança salınmışdır.
Ötən ilin ilk dərs günündə şəhərdə 960 şagird yerlik 2 №-li tam orta məktəb, Salamabad kəndində 180 şagird yerlik tam orta məktəb, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində isə 360 şagird yerlik Aran qəsəbə 2 №-li tam orta məktəb istifadəyə verilmişdir. Hazırda şəhər 10№-li tam orta məktəb üçün 240, Balçılı kənd tam orta məktəb üçün 180, Aran qəsəbə 3№-li ümumi orta məktəb üçün 180 şagird yerlik məktəb binalarının, Təhsil Şöbəsi üçün inzibati binanın tikintisi aparılır. Heydər Əliyev Fondu tərəfindən Kövər kənd tam orta məktəbi əsaslı təmir olunur.
Hazırda şəhərdə 180 çarpayılıq Mərkəzi şəhər və 50 çarpayılıq Ağ ciyər xəstəlikləri xəstəxanasının tikintisi davam edir.
Başçı daha sonra bu ilin əvvəlindən görülən işlər barədə söz açdı:
– Prezident İlham Əliyevin daimi diqqət və qayğısından güc alan yevlaxlılar 2013-cü ilin birinci rübündə də şəhərimizin hərtərəfli inkişafını davam etdirmişlər. Birinci rübdə ümumdaxili məhsulun həcmi 115,7 milyon manat olmuş, məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. Pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 79 milyon manat olmuşdur. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 6,4 faiz və yaxud 4,8 milyon manat çoxdur. Ümumilikdə 11,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 2,3 faiz çoxdur.
2013-cü ilin məhsulu üçün 210 hektarda kartof, 300 hektarda tərəvəz, 3540 hektarda təzə yonca, 18 min 729 hektarda taxıl əkilmiş, 2486 nəfər buğda istehsalçılarına 582,6 min manat dövlət yardımı verilmişdir. Bu ilin məhsulu üçün keçən illə müqayisədə 1624 hektar taxıl çox əkilmişdir. 2012- ci ilin birinci rübü ilə müqayisədə 3 ton ət, 18 ton süd, 6 min ədəd yumurta çox istehsal edilmişdir.
Öyrəndik ki, birinci rübdə bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 25 milyon manat olmuşdur. Yevlax şəhəri üçün mühüm əhəmiyyəti olan Hava limanının yenidən qurulması işlərinə başlanılmışdır. Yuxarı Bucaq, Əcəmi kəndlərində 180 şagird yerlik, Bünyadabad və Dəlləklər kəndlərində 80 şagird yerlik məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.
İlin əvvəlində şəhərdə abadlıq işləri davam etdirilmişdir. Dədə Qorqud parkı genişləndirilmişdir. Heydər Əliyev xiyabanında yeni, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Parkın ərazisinə aqlay üzlük daşı döşənmişdir. Nizami parkında fontan təmir olunmuşdur. Parkın ərazisinə tomet daşları döşənir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Yuxarı Qarxun va Aşağı Qarxun kəndləri arasındakı 4,2 km hissəsində tikinti işləri davam etdirilir.
Aran qəsəbəsində əhalini ekoloji cəhətdən içməli su ilə təmin etmək məqsədi ilə təmizləyici qurğu quraşdırılmış, qəsəbədaxili su xətləri çəkilmiş və bulaqlar tikilmişdir. Kövər, Kolanı, Cırdaxan, Nemətabad kəndlərində də modul tipli içməli su təmizləyici qurğularının quraşdırılması və kəndarası su xətlərinin çəkilməsi nəzərdə tutulur.
Əvvəldə dediyimiz kimi, yevlaxlılar ulu öndər Heydər Əliyevin 90 illik yubileyini həyatın bütün sahələrində layiqli uğurlar qazanmaqla əlamətdar etmək üçün ilin əvvəlindən ikiqat səy və qüvvə ilə çalışırlar. Yevlax şəhəri, bütün yaşayış məntəqələri ümumxalq bayramı kimi yaxınlaşan yubileyi təntənəli şəkildə keçirmək üçün ən yüksək səliqə-sahman və tərtibatlarla bəzədilmişdir. Şənliklərin mərkəzi olacaq Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, baş meydan əsaslı təmir edilmiş, abadlaşdırılmışdır. Rayonun bütün kollektivləri, ayrı-ayrı sosial qruplar yubileylə bağlı tədbirlər hazırlayıb həyata keçirirlər.
Ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycanın ən abad, inkişaf etmiş bölgələrindən olan Yevlax ölməz liderin 90 illik yubileyini onun adına, əməl və ideyalarına layiq nailiyyətlərlə, ümumrayon sevgisi ilə qarşılamağa hazırdır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.