Gəncə şəhərində içməli su təchizatı layihəsi uğurla icra olunur

 

 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üzrə layihələrin icrasını davam etdirir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatı sistemləri yenidən qurulur.

“Azərsu” ASC-nin  tədbirlər planına uyğun olaraq Gəncə şəhərinin Məhsəti qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması üzrə işlər yekunlaşmışdır. Səhmdar cəmiyyətinin maliyyə vəsaiti hesabına həyata keçirilən layihə çərçivəsində qəsəbədə  iki yeni subartezian quyusu qazılmış,  istismarda olan bir subartezian quyusu  təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbədə tutumu 60 kubmetr olan su çəni,  38 ədəd siyirtmə quraşdırılmış, 20239 metr qəsəbədaxili su xətləri çəkilmiş, 1275 ünvana birləşmə verilmişdir. Bununla da qəsəbədə 4 mindən çox sakinin içməli su təchizatı yaxşılaşmışdır. Qeyd edək ki, layihənin icrasına qədər Məhsəti qəsəbəsinin içməli su təchizatı yarasız vəziyyətdə olan subartezian quyuları və primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılırdı.

Aprelin 15-də Gəncə şəhəri Məhsəti qəsəbəsində yeni subartezian quyularının açılışı mərasimi keçirilmişdir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Asəf Hacıyev, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin direktoru Bəhlul Ramazanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.  Açılış mərasimində çıxış edənlər bu yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsini yüksək qiymətləndirmiş, ötən müddətdə burada  abadlıq-quruculuq işlərinin aparıldığını qeyd etmişlər. Yerli sakinlər Məhsəti qəsəbəsində su təchizatı sisteminin yaradılmasına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Xatırladaq ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan höküməti ilə  Almaniyanın  KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində Gəncə şəhərində su mənbələrinin bərpası, magistral su xətləri və su anbarlarının tikintisi, şəhərin su və kanalizasiya şəbəkəsinin bir hissəsinin yenidən qurulması üzrə işlərin böyük əksəriyyəti yerinə yetirilmişdir.

M. YAQUBZADƏ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında