Aprelin 19-da Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə irəli sürülən yeni namizədlərin təyin olunması məsələsinə baxılmış, bir sıra qanunlara əlavələr və dəyişikliklər edilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılmışdır.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov demişdir ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına bu il aprelin 17-də altıillik səlahiyyət müddəti başa çatan üç üzvünün yerinə idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən yeni namizədlər irəli sürülmüşdür. Adı çəkilən hər təşkilatdan bir nəfər növbəti 6 il müddətinə yayım Şurasına üzv təsdiqlənməlidir.
Bildirilmişdir ki, idman federasiyaları tərəfindən iki, dini konfessiyalardan iki, yaradıcılıq təşkilatlarından isə 4 nəfərin namizədliyi irəli sürülmüşdür.
Müzakirələrdən sonra idman federasiyalarından Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Zemfira Qafarova səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilmişlər.
Sonra bir neçə beynəlxalq sənədə baxılmışdır. “MDB-nin iştirakçısı olan dövlətlərin kitabxanalararası abunəçilik sisteminin yaradılması haqqında” 1999-cu il 13 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə" Protokol, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Saziş, “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilə, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısamüddətli vizadan imtina edilməsi haqqında” Saziş və “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında” Saziş təsdiq edilmişdir.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, milli maraqlarımıza xidmət edən bu sənədlər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, mövqelərini möhkəmləndirir.
Azərbaycan Respublikasının Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadəyə dair Sazişlə bağlı bildirilmişdir ki, səfirlik üçün tikiləcək bina 70 il ölkəmizin istifadəsində olacaqdır və sonradan müqavilə müddəti uzadıla bilər.
İclasda milli qanunvericiliyin Azərbaycanın da qoşulduğu Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” konvensiyasına uyğunlaşdırılması məqsədi ilə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna və Cinayət Məcəlləsinə dəyişikliklər edilmişdir. Cinayət Məcəlləsinə edilən dəyişikliklə insan alveri ilə bağlı tətbiq olunan sanksiyaları daha sərtləşdirilmiş, cərimələrin miqdarı iki dəfə artırılmışdır.
Milli Məclis vətəndaşların ümumvətəndaş pasport və şəxsiyyət vəsiqələrinin alınması ilə bağlı məsələlərin müasir standartlara uyğunlaşdırılması və xidmətin asanlaşdırılması üçün “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və daha bir neçə qanuna dəyişikliklər etmişdir.
Bildirilmişdir ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən 2014-cü il yanvarın 1-dən Azərbaycan Respublikasının vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə başlanılacaqdır. Fərmandan irəli gələn məsələlər 1994-1995-ci illərdə qəbul olunmuş qanunlarda əksini tapacaqdır. Qeyd olunmuşdur ki, əgər mövcud qanunda ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 1 ay müddətində verilirdisə, bu dəyişiklikdən sonra 10 iş günü müddətində veriləcəkdir.
Həmçinin qeyd olunmuşdur ki, hazırda vətəndaşlara şəxsiyyət vəsiqəsi 16 yaşından verilirsə, dəyişiklikdən sonra 15 yaşı tamam olmuş Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini ala biləcəkdir.
Deputatlar “Dövlət rüsumu haqqında” qanunvericiliyə də dəyişiklik etmişlər.
İclasın sonunda “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişikliklər olunmuşdur.
Dəyişikliklər barədə məlumat verən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli demişdir ki, layihəyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı ödəməkdən azad olunacaqlar. Onların təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.